“Daily Express”: AB-nin dağılması qaçılmazdır

“Avropa Birliyinin dağılması indi qaçılmaz görünür. Çünki Macarıstan və Polşa Brüsselin nəzarətindən çıxır”.

Milletinsesi.az Musavat.com-a istinadən xəbər verir ki, bu fikir Böyük Britaniyanın “Daily Express” qəzetindəki yazıda ifadə olunub.

Yazı müəlliflərinin fikrincə, AB fondlarından pay ayrılması məsələsi Brüssel ilə mühafizəkar-millətçi Mərkəzi və Şərqi Avropa arasında düşmənçiliyi dərinləşdirib. Çünki Macarıstan və Polşa üçün bu, əslində, liberal dəyərlərin zorla yeridilməsi və təzyiq vasitəsi kimi görünür.

“Macarıstan və Polşa bu qaydaları bilmək üçün kifayət qədər uzun müddətdir klubdadır. Budapeşt və Varşava, Avropa Birliyinin bu qaydaları onların xeyrinə dəyişmək niyyətində olmadığını başa düşməlidir”, – deyə yazıda qeyd olunur.

Yazıda AB-nin mərkəzi və şərq dövlətlərindən əksəriyyətin Birlikdə qalmalı olduğu ifadə olunub. “Lakin onlar ideoloji cəhətdən sabitlənmiş siyasi birliyin deyil, gücləndirilmiş iqtisadi ittifaqının bir hissəsi olmaq istəyirlər”, – deyə məqalədə bildirilib.

Lakin bütün bunlarla birlikdə Avropa Birliyinin bu ölkələrini öz sıralarından xaric etməsi mümkün görünmür. Avropa Birliyinin Konstitusiyası sayılan Lissabon sazişinin 50-ci maddəsinə görə belə bir təşəbbüs çıxmaq istəyən dövlətin özündən gəlməlidir. Yalnız 7-ci maddədə Avropa Şurasında səsvermə hüququndan məhrumetmə də daxil olmaqla, sanksiyalar tətbiq olunması nəzərdə tutulub. Lakin belə bir qərarın qəbulu belə üzv ölkələr arasında yekdillik tələb edir. Bilindiyi üzrə, hər iki ölkə Avropa Birliyi daxilində gedən demək olar ki, bütün məsələlər üzrə bir-birlərini sıx şəkildə dəstəkləyirlər.

“Macarıstan və Polşa nə vaxta qədər bu rəqsi davam etdirə bilər və nə vaxta qədər qitəni parçalayan mədəni dəmir pərdəni görməzlikdən gəlinə bilər?”, – deyə yazıda belə bir sual qoyulub.

Məqalədə xüsusilə Macarıstanın baş naziri Viktor Orbanın Brüsseli qıcıqlandırdığı, onun dünyaya tamam başqa prizmadan baxdığı vurğulanıb.

“Orban 2010-cu ildə hakimiyyətə qayıtdıqdan sonra Macarıstanda nikahlar iki dəfə artıb, abortlar iki dəfə azalıb, boşanmaların sayı ən aşağı həddə çatıb və doğum nisbəti dörddə bir artıb. Orban həmçinin Konstitusiyaya xristian dəyərləri ilə bağlı maddəni daxil edib. Bunun üçün o, xristian məktəblərini maliyyələşdirib və azyaşlılara LGBT məzmunlu materialların təbliğatını qadağan edib. Bunların heç biri Brüsseldə ona rəğbət oyandırmasa da, Mərkəzi və Şərqi Avropada son dərəcə populyarlıq qazandırıb”,-deyə yazıda qeyd edilib.

Yazı müəlliflərinin bildirdiyinə görə, tərəflər arada yaranan uçuruma görə bir-birlərini qarşılıqlı ittiham etməklə məşğuldurlar.

“Hər iki tərəf bu zəhərli münasibətdən narazıdır. Lakin heç kim siyasi münasibətləri kəsməklə, iqtisadi əlaqələrin qorunub saxlana biləcəyi “dinc boşanmadan”, habelə mərkəzi qərbdə yerləşən mütərəqqi AB ilə Şərqdə yeni mühafizəkar Avropa ilə Konfederasiya yaratmaq barədə danışmaq istəmir”, – deyə məqalənin yekun hissəsində yazılıb.

Mənbə

Share: