Daxili İşlər Nazirliyi (DİN) Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyində olan orqanlarda vakant kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
DİN-dən Axar.az-a verilən məlumata görə, Bakı şəhərinin 6 saylı, o cümlədən ölkənin Tovuz, Şamaxı, Balakən, Kürdəmir və Ağcabədi ASAN Xidmət mərkəzlərinin hər birində 4, ümumilikdə 24 vakant yer tutmaq məqsədi ilə keçirilən müsabiqədə orta, xüsusi orta və ali təhsil müəssisələrini bitirmiş, yaşı 20-dən 25-dək, boyu 160 (qadınlar), 170 (kişilər) santimetrdən yuxarı olan özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən, yaşayış yeri üzrə Bakı, Tovuz, Şamaxı, Balakən, Kürdəmir və Ağcabədi şəhərlərində və ətraf rayonlarında daimi qeydiyyatda olan vətəndaşlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq. Müsabiqədə ali təhsillilərə, kompyuterlə işləmək qabiliyyətinə malik olan və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük veriləcək.
Müsabiqə qalibləri müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaqdır.
Xidmətə qəbul olunmaq istəyən şəxslər 2019-cu ilin iyul ayının 18-dən avqust ayının 18-dək iş günləri saat 10:00-dan 17:00-dək Bakı şəhəri Nizami rayonu Məhsəti küçəsi 160-da yerləşən Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə bilavasitə tabe olan Arxiv-uçot şöbəsinə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər
– Şəxsiyyət vəsiqəsi
– Təhsil haqqında sənədin əsli
– Hərbi bilet (kiçilər üçün)
– Əmək kitabçası (olanlar üçün)