Donbasda hərbi əsirlərə ölüm hökmü çıxaran “DXR ali məhkəməsi”nin “hakimi” güllələnib…

“Hakim odlu silah yaralanması ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır, həkimlər onun həyatını xilas etməyə cəhd göstərir…”

 

“Sabiq ukraynalı hakim Rusiya hakimiyyəti ilə əməkdaşlıq edərək, 2019-cu ildə “DXR ali məhkəməsinin hakimi təyin edilib…”

 

“Müharibə başlanandan Kreml əlaltıları və Moskvanın tərəfinə keçənlərə qarşı 20-dən çox sui-qəsdlər qeydə alınıb…”

 

Ukraynanın işğal altında olan Donetsk vilayətinin Uqleqorsk şəhərində naməlum şəxslər tərəfindən üzdəniraq “DXR ali məhkəməsi”nin “hakimi” Aleksandr Nikulin güllələnib.

 

Moderator.az xəbər verir ki, bu barədə Telegram-kanalda “DXR XİN” mətbuat xidməti elan edib. Məlumatı “Fokus” nəşri yayıb.

 

Məlumatda deyilir ki, noyabrın 4-də “hakim”in həyatına sui-qəsd edilib. O, odlu silah yaralanması ilə xəstəxanaya düşüb və hazırda ağır vəziyyətdədir, həkimlər onun həyatını xilas etməyə cəhd göstərir.

 

Üzdəniraq “DXR rəhbəri” Denis Puşilin Telegram-kanalında zərərçəkənin məhz Alekdandr Nikulin olduğunu təsdiq edib.

 

Həmin gün axşam işğalçı hüquq-mühafizə orqanları baş verən hadisə ilə bağlı məlumat alan kimi tədqiqata başlayıb. 

 

Hazırda onlar Aleksandr Nikulinin qətlinə yönələn sui-qəsddə şübhəli bilinənləri müəyyən etməyə cəhd edir.

 

Aleksandr Nikulin sabiq ukraynalı hakimdir, işğaldan öncə Donetsk Appelyasiya Məhkəməsində işləyib.

 

O, Rusiya hakimiyyəti ilə əməkdaşlığa başlayıb və 2019-cu ildə “DXR ali məhkəməsinin hakimi” təyin edilib.

 

Ukraynanın hüquq-mühafizə orqanları qiyabi olaraq Nukulinə müharibə qanunları və ənənələrinin pozulmasında şübhəli bilinməsi barədə məlumat verib.

 

USQ-nin mətbuat xidmətinin yazdığına görə, “hakim” könüllü olaraq Ukrayna Silahlı Qüvvələrinin sıralarına daxil olan, Donetsk vilayətində Ukrayna torpağını qoruyan və 2022-ci ilin aprel ayında əsir düşən Böyük Britaniyanın iki və Mərakeşin bir vətəndaşını ölüm hökmünə məhkum edib. Hər üçü nəticədə rusiyalı əsirlərə dəyişdirilib.

 

Sentyabr ayında 10 xarici vətəndaş Rusiya əsirliyindən azad edilərək vətənə göndərilib.

 

Böyük Britaniyada hərbçiləri şəxsən Roman Abramoviç qarşılayıb və yaxınlarına zəng vurmaq üçün öz “iPhone” telefonunu onlara təqdim edib.

 

Qeyd edək ki, müharibə başlanandan Rusiyanın işğal etdiyi ərazilərdə müntəzəm olaraq Kremlin əlaltılarına və Moskvanın tərəfinə keçənlərə qarşı sui-qəsdlər törədilir. Bu müddət ərzində 20-dən çox belə hücumlar qeydə alınıb.

Mənbə

Share: