Əhməd Qəşəmoğlu çağırış etdi: “Rədd olun ekranlardan!”

Bir sosioloq olaraq çox yaxşı bilirəm ki, informasiyanın məzmunu və intensivliyi yetişən yeni nəslin davranışlarının formalaşmasında hansı mühüm rol oynayır.  Universitet müəllimiyəm. Həmin verilişlərdə gedən söz-söhbətin, şit zarafatların, üzr istəyirəm, axmaq hırıldamaların əks-sədasının tez-tez universitetlərin dəhlizlərdə, auidotoriyalarında eşitmək məni çox məyus edir. Mən özüm öz tələbələrimlə bu barədə ciddi söhbətlər edirəm. Tələbələrimin əksəriyyəti sosial işçilərdir və onlarla belə verilişlərin hansı nəticələr doğurduğunu  dərslərdə müzakirə edirik.  Bu verilişlər  bütün tamaşaçıların, xüsusi ilə yetişməkdə olan yeni nəslin- uşaqların, yeniyetmələrin, gənclərin mənəviyyatının formalaşmasına ciddi təsir edir. Onların hərəkətlərinin, davranışlarının formalaşmasında da çox neqativ rol oynayır. 

Bu isə düşmənin çox arzuladığı, daha da sürətləndirmək istədiyi bir haldır.  O topla-tüfənglə, müharibə aparmaqla, döyüş meydanlarında nail ola bilmədiyinə teleməkanı belə korlamaqla nail ola biləcəyini bilir. Bu artıq dəfələrlə müxtəlif ölkələrə tətbiq olunmaqla təcrübədən keçirilib. Elə hər birimizə çox yaxşı məlum olduğu kimi, SSRİ – nin də dağıdılmasında bu vasitədən geniş istifadə olundu. 

İndiki vaxtda belə təhlükəli verilişlərə qarşı əhali arasında ciddi tənqidi münasibət yaranmasını çox faydalı hesab edirəm. Bizə belə verilişlər yox, mənəviyyatı zənginləşdirən, mənəvi dəyərlər aşılayan, ölkəmizin Prezidentinin andiçmə mərasimindəki nitqində qarşıya  qoyduğu mühüm vəzifələrdən biri kimi, mənəviyyatlı yeni nəsl yetişdirmək  vəzifəsini yerinə yetirmək üçün çox vacibdir.  

Televizya kanallarının rəhbərləri ilə söhbət edərkən, belə verilişləri tənqid edəndə, onlar tez-tez o verilişlərə çox tamaşacı baxdığını, o verilişlərin çox reytinq gətirdiyini, onların maliyyə vəziyyətinə müsbət təsir etdiyini deyirlər. Amma bu belədirsə, həmin verilişlərə daha çox insan baxırsa bunun iki əsas səbəbi var:

 

1) TV kanallarının əməkdaşları ciddi mövzularda daha baxımlı verilişlər hazırlaya bilmirlər. Halbuki, sosial psixologiya elminin bir çox tələblərini nəzərə alaraq belə ciddi verilişlər hazırlamaq olar.  Yəqin ki, bunun üçün TV əməkdaşlarının bu sahədə təcrübələrini artırmaları üçün xüsusi kurslar təşkil etmək lazımdır.

 

2) Əhali belə verilişlərə daha çox baxırsa, deməli, tamaşaçı auditoriyasında zövqlərlə, mənəvi dəyərlərlə bağlı xoşagəlməz problemlərimiz var. Ona görə də, indiki vaxtda ölkədə mənəviyyatı zənginləşdirməyə, insanların zövqünün yüksəltməyə komək edən verilişlər hazırlamağa böyük ehtiyacımız vardır. Axı, əhali belə zövqsüz, təhlukəli, mənəvi dəyərləri aşındıran verilişlərə daha çox baxırsa, deməli onları bu bəladan qurtarmaq lazımdır. Belə verilişlər isə həmin xoşagəlməz, təhlükəli vəziyyəti daha da dərinləşdirir,  “yanan alova yağ tökür”. Belə verilişlər olduqca səviyyəsiz şou-biznes mühitinin yaranmasına, toy şənliklərimizə yol açmasına, yaranan yeni mahnıların, müxtəlif musiqi janrlarının səviyyəsinin çox aşağı düşməsinə, bütünlükdə əhalinin zövqünün korlanmasına xidmət edir. 

Bizim indiki vaxtda televizya kanallarımızla bağlı yeni, elmi əsaslarla hazırlanmış, xalqımızın mənəviyyatının daha da zənginləşdirilməsinə, tərəqqimizin yüksəlməsinə, qələbələrimizi daha məzmunlu vəsf edilməsinə, möhkəmlənməsinə, daha keyfiyyətli yeni nəslin yetişməsinə kömək edən Televizya Platforması hazırlamağımıza çox böyük ehtiyacımız vardır. Belə Platforma sosial, mənəvi problemlərimizin, insan haqları ilə bağlı problemlərin dərindən təhlil edilməsinə, onların həlli üçün yollar axtarılmasına, əhatəli  islahatlar aparmağımıza yardım edən məzmunlu, baxımlı verilişlər hazırlamağa imkanlar yaratmalıdır. Ortada belə ciddi platforma olarsa o zaman qanunvericiliklə, maarifləndirmə  və digər  məsələlərlə  bağlı hansı işlərin də görülməsinin vacibliyi üzə çıxar. 

Mənim bununla bağlı televizyaların fəaliyyətinə məsul, müxtəlif səviyyələrdəki vəzifələrdə çalışan insanlara dəfələrlə şəxsi müraciətim olub; öz köməyimi də təklif etmişəm. Hər dəfə etinasiz reaksiya görmüşəm.

 

Haqqında danışdığım şeiri təqdim edirəm.  

 

 Rədd olun ekrandan 

gündüzlər, gecələr

düşmən planlarıyla, arzularıyla

TV ekranlarını işğal edən

bambılı gədələr, şit gözəlçələr

rədd olun ordan! 

qan axır

yurdumun yaralarından…

 

gücü catan kömək olsun xalqına,

gücsüz adam nizam versin ağlına.

düşmən tilovunda hiyləyə düşən

öz xalqını çevirməsin məğmuna.

 

sizi kim çıxarıb oraya, niyə?

“bazar”, “demokratya”, “ pul” deyə-deyə.

tamahın əlində qulbecə kimi

bilmir ki düşübdü hansı kələyə.

 

hər zaman lazımdı gülüş insana,

gülüşsüz qəm çökər cümlə cahana.

amma səfeh gülüş, biqeyrət gülüş

mərəz tək düşən qəlb, batır al qana.

 

gündüzlər, gecələr

TV ekranlarını işğal edən

bambılı gədələr, şit gözəlçələr

rədd olun ordan! 

qan axır

yurdumun yaralarından…

 

Əhməd Qəşəmoğlu

şair, sosioloq

Mənbə

Share: