Eldar İbrahimova ad günü təbriki

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin İntizam Komissiyasının sədri, iqtisad elmləri doktoru, professor Eldar İbrahimovun 78 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri Eldar müəllimə təbrik ünvanlayıblar.

 

Təbrikdə deyilir:

                                                             

– Hörmətli Eldar müəllim!

 

Sizi – ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyət göstərən nüfuzlu şəxsiyyəti, xalqımızın və dövlətimizin mənafeyini hər şeydən üstün tutan xeyirxah və vətənpərvər ziyalını şərəflə yaşadığınız həyatınızın 78-ci İldönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, Azərbaycanın inkişafı naminə gərəkli ictimai-siyasi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!

 

Siz Vətənə, dövlətə və xalqa sarsılmaz sədaqətinizlə böyük nüfuz qazanan görkəmli ictimai-siyasi xadim, vətənpərvər şəxsiyyət, tanınmış alimsiniz. Ümummilli Lider Heydər Əliyevin yaxın silahdaşı və sadiq tərəfdarı olaraq Siz bu gün də Onun layiqli davamçısı, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini qətiyyətlə dəstəkləyir, ictimai-siyasi və sosial-iqtisadi proseslərdə əhəmiyyətli rol oynayaraq Azərbaycana böyük xidmətlər göstərirsiniz. Uzun müddət Milli Məclisin Aqrar Siyasət Komitəsinin, hal-hazırda isə İntizam Komissiyasının sədri kimi öz deputatlıq fəaliyyətinizi bir çox istiqamətlərdə böyük fədakarlıqla həyata keçirirsiniz. Gördüynüz əhəmiyyətli işlər, əzmkar əməyiniz ali dövlət təltifləri – “Şöhrət” və “Şərəf” ordenləri ilə qiymətləndirilmişdir.

 

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini olaraq Siz xalqımızın milli-mənəvi dəyərlərinin, tarixi ənənələrinin cəmiyyət arasında təbliğ edilməsində, gənclərimizə sağlam həyat tərzinin aşılanmasında, onların milli-mənəvi dəyərlərə hörmət bəsləyən vətənpərvər, mübariz vətəndaşlar kimi yetişməsində üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirirsiniz. Əminik ki, bundan sonra da zəngin təcrübənizi, bilik və bacarığınızı doğma Azərbaycanımızın daha da inkişafına sərf edərək, öz dəyərli xidmətlərinizi əsirgəməyəcəksiniz.

 

Hörmətli Eldar müəllim!

 

Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi Ad Gününüz münasibətilə ürəkdən təbrik edir, respublikamızın, xalqımızın tərəqqisi  naminə məsuliyyətli və şərəfli ictimai-siyasi fəaliyyətinizdə nailiyyətlər diləyirik!

 

Dərin hörmət və səmimiyyətlə,

 

Eldar Quliyev

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

üzvləri adından Şuranın sədri, millət vəkili, professor 

Mənbə

Share: