Əməliyyat və şəhidlər barədə saxta məlumat yayanları hansı cəza gözləyir…

Son vaxtlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur. Bu barədə məlumatlar sosial şəbəkələrin erməni seqmentində yayılıb.

 

Bununla bərabər, sosial şəbəkə səhifələrində hərbi əməliyyatlar, texnika və şəhidlərimiz barədə saxta xəbərlər yayılmağa başlayıb.

 

DİN isə bununla bağlı məlumat yayaraq bildirib ki, belə məlumatlar reallığı əks etdirməyən və ictimai rəyi çaşdırmağa yönələn saxta xəbərlərdir. Həmin xəbərləri yayan şəxslər qanunvericiliklə məsuliyyətə cəlb olunacaq.

 

Bəs qanunvericilikdə hərbi sirr və əməliyyatlarla bağlı yalan xəbər yayanları hansı cəza gözləyir?

 

Modern.az bununla bağlı araşdırman aparıb.

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yaymaya görə cinayət məsuliyyəti müəyyən olunub.

 

Belə ki, Cinayət Məcəlləsinə əlavə edilən yeni -284-2 maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayma, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə və bu Məcəllənin 274-cü (Dövlətə xəyanət), 276-cı (Casusluq) və ya 284-cü (Dövlət sirrini yayma) maddələrində nəzərdə tutulmuş əməllərin əlamətləri olmadıqda – 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Eyni əməllər ağır nəticələrə səbəb olduqda isə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırma olacaq.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına bu Məcəllənin 284-2-ci maddəsinin qüvvəsi şamil edilmir.

 

Digər tərəfdən, internet informasiya ehtiyatlarına şəxsi heyət və texnikanın hərəkəti haqqında məlumatları yaymaq da qanunla qadağandır.

 

İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların yayılmasına yol verməməlidir. Bu qayda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunla tənzimlənir.

 

Qanuna görə, bu halda yalnız dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatlar istisna edilməlidir.

Eyni zamanda şəxsi heyət və texnikanın hərəkəti haqqında məlumatları yayan hərbçilər üçün cəzalaar İnzibati Xətalar Məcəlləsində 614-1 maddəsində əksini tapıb.

 

Maddəyə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi də inzibati cəza var. Belə ki, bu, texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində hərbi qulluqçular və ya toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən yayılmasına görə – on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına yuxarıdakı maddənin qüvvəsi şamil edilmir. Yuxarıda göstərilən əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

 

Bununla bərabər hadisələrlə bağlı yalan məlumat yayan şəxslər  İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilirlər.

Mənbə

Share: