Ermənistan beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyir

Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi ATƏT Daimi Şurasının bu gün keçirilən iclasında bəyanatla çıxış edib.

 

Modern.az xəbər verir ki, bəyanatda deyilir:

 

“Şimali Makedoniya ATƏT regionunda ümumi təhlükəsizlik mühitinin davamlı şəkildə pisləşməsi, inam və etimadın daha da aşınması və siyasi-hərbi bloklar arasında rəqabətin dərinləşməsi fonunda Təşkilatımıza sədrlik edir. Helsinki Yekun Aktından başlayaraq ATƏT-in əsas sənədlərində təsbit olunmuş fundamental norma, prinsip və öhdəliklərə qeyd-şərtsiz hörmət, xüsusilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət, eləcə də təhlükəsizlik və sabitliyin əsasıdır və eyni zamanda ATƏT çərçivəsində əməkdaşlığın əsasını təşkil edir.

 

ATƏT-ə üzv dövlətlər arasında təhlükəsizliyin yaradılması, inam və etimadın bərpası yalnız bu prinsiplərə qeyd-şərtsiz hörmətin təmin edilməsi ilə mümkündür. Onlar hər hansı re-interpretasiyaya məruz qala bilməz, müzakirə mövzusu ola bilməz və hər hansı bir istisna, ikili standartlar, coğrafi və ya digər üstünlüklər olmadan ciddi şəkildə müşahidə edilməli və bərabər və qeyd-şərtsiz həyata keçirilməlidir.

 

Biz sülhə doğru irəliləyişin Sədrlik gündəliyinizdə əsas yer tutacağını alqışlayırıq. Həqiqətən də, təhlükəsizlik mühitinin tutqun olmasına baxmayaraq, ATƏT regionunun bəzi bölgələrində, xüsusən də Cənubi Qafqazda çoxdan gözlənilən sülh və sabitliyə ümid var. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat üç onillikdən bəri davam edən silahlı münaqişəyə son qoydu. Azərbaycan əvvəllər pozulmuş suverenliyini və ərazi bütövlüyünü bərpa etdi. Üçtərəfli bəyanatlar regionumuzda davamlı sülh, təhlükəsizlik və sabitliyə nail olmaq üçün aydın yol göstərir.

 

Ermənistan silahlı qüvvələrini və qeyri-qanuni silahlı birləşmələrini Azərbaycan ərazilərindən tamamilə çıxarmamaqla və Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz çıxışa imkan verəcək nəqliyyat əlaqələrini bərpa etməməklə üçtərəfli bəyanatın müddəalarını hələ də yerinə yetirmir.

 

Azərbaycan münaqişədən sonrakı genişmiqyaslı bərpa, yenidənqurma və reinteqrasiya işləri ilə yanaşı, Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə də təşəbbüs göstərib. Müharibə və işğalın dağıdıcı nəticələrinə və sağalmamış yaralarına baxmayaraq, Azərbaycan Ermənistana dövlət sərhədləri daxilində bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı tanınma və hörmət əsasında sülh təklif edib. Son iki il ərzində Azərbaycan sülh gündəmini təşviq etmək üçün güclü siyasi iradə nümayiş etdirir.

 

Bununla belə, Ermənistan-Azərbaycan dövlətlərarası normallaşma prosesinin üç əsas istiqamətində, yəni sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması istiqamətində irəliləyiş məhdud olaraq qalır.

 

Ötən il Brüssel, Praqa və Soçidə yüksək səviyyədə keçirilən görüşlərdə hər iki tərəf bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını qarşılıqlı şəkildə tanıdıqlarını təsdiqləyib. Bu, sülh müqaviləsinin bağlanmasına gətirib çıxara və yaxşı əsas yarada bilər. Bu il Ermənistanın həqiqətən də münaqişə səhifəsini çevirməkdə və regionda sülhün bərqərar olmasında maraqlı olduğunu, yoxsa prosesə konstruktiv qoşulmaqdansa, keçmiş imitasiya praktikasını davam etdirməyə üstünlük verdiyini nümayiş etdirdiyini görmək üçün həlledici olacaq.

 

Biz Ermənistanı, əgər bu ölkə həqiqətən də regionda sülh və sabitlikdə maraqlıdırsa, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə bəyanatlara və hərəkətlərə son qoymağa, əldə olunmuş nailiyyətləri sarsıdacaq çoxdankı davranış modelindən əl çəkməyə çağırırıq.

 

Bu kontekstdə biz Ermənistanın Laçınla bağlı son hadisələri siyasiləşdirmək cəhdlərini rədd edirik hansı ki Ermənistan tərəfi bunu “humanitar böhran” kimi təqdim edir.

 

Dəfələrlə bildirildiyi kimi, Azərbaycan Laçın yolu ilə avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoymayıb. Yol boyu hərəkət rejimi əvvəlki qaydada davam edir.

 

Ermənistanın Laçın yolundan keçidə qondarma “blokada” qoyulması iddiası əslində Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə və yoldan sui-istifadəyə cavab olaraq bir qrup Azərbaycan vətəndaşının dinc toplaşmaq hüququndan istifadə etməsidir. Bu yoldan üçtərəfli bəyanatda nəzərdə tutulmayan fəaliyyətlər, o cümlədən hərbi məqsədlər üçün, habelə mülki insanları öldürən və şikəst edən yeni minaların daşınması və yerləşdirilməsi üçün istifadə olunub. Etirazçılar yol boyu nəqliyyatın hərəkətini dayandırmaq niyyətində olmadığını bəyan ediblər. Sosial şəbəkələrdə yayılan videogörüntülər yol boyu müxtəlif növ avtomobillərin, o cümlədən mülki və təcili yardım maşınlarının maneəsiz keçməsini bir daha sübut edir.

 

İddia edilən “humanitar fəlakət” Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə başlatdığı dezinformasiya kampaniyasının məhsuludur. Yerli sakinlərin özləri son həftələrdə ictimai bəyanatları və sosial media vasitəsilə qida, dərman və ya hər hansı digər tədarük çatışmazlığının olmadığını təsdiqlədilər. Əldə etdiyimiz məlumata görə, Qarabağın təbii sərvətlərinin qeyri-qanuni istismarına etiraz edən azərbaycanlı ekoloqların nümayişinin başladığı tarixdən yalnız 12 dekabr 2022-ci il tarixədək və 5 yanvar 2023-cü il tarixə qədər hər iki istiqamətdə – yol boyu ümumilikdə 370 avtomobil keçib. Sözügedən avtomobillərdən 330-u Rusiya sülhməramlı kontingentinə, 31-i, o cümlədən təcili yardım maşınları BQXK-ya məxsus olub, qalan üçü isə yerli erməni sakinlərin avtomobilləri olub.

 

Qeyd edək ki, bir qrup mülki fəalın etirazlarının Azərbaycanın üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi ilə heç bir əlaqəsi yoxdur. Konkret olaraq, Laçın yolu ilə vətəndaşların, malların və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti ilə bağlı qaydalar pozulmayıb.

 

Azərbaycan bununla bağlı heç bir məhdudiyyət qoymayıb. Azərbaycan üçtərəfli bəyanatda nəzərdə tutulan öhdəliklər də daxil olmaqla, bütün öhdəliklərini ardıcıl şəkildə yerinə yetirməklə yanaşı, Ermənistan tərəfindən məhz bu sənədin kobud və açıq şəkildə pozulmasını beynəlxalq ictimaiyyətin diqqətinə ardıcıl şəkildə çatdırıb. Bu baxımdan son vəziyyətlə bağlı üçtərəfli bəyanata əməl etmək çağırışları Ermənistana ünvanlanmalıdır. Yolun Ermənistana bağlı şirkətlər tərəfindən hərbi məqsədlər və təbii sərvətlərin qanunsuz dövriyyəsi üçün geniş şəkildə istismar edildiyini göstərən çoxlu sübut var. Məhz Azərbaycan ekspertlərinin səfərinə və monitorinqinə maneçilik Azərbaycan cəmiyyətində haqlı olaraq dərin narazılıq yaradıb və bir qrup ekoloqu nümayişlər keçirməyə məcbur edib. Buna baxmayaraq, Azərbaycan hökuməti vəziyyətin mümkün mənfi təsirini ciddi qəbul edib və biz son həftələr ərzində bir neçə dəfə erməni əsilli vətəndaşlarımızın istənilən humanitar narahatlığını yerlərdə həll etməyə hazır olduğumuzu bəyan etmişik. Ərzaq mallarının çatdırılmasına hər hansı maneə olarsa, bunu Ermənistan tərəfi hazırkı vəziyyətdən hansısa məqsədinə çatmaq üçün istifadə etmək istəyir. Sərvətlərin qanunsuz istismarı və hərbi məqsədlər üçün yoldan sui-istifadə ilə bağlı Azərbaycan hakimiyyətinin və geniş ictimaiyyətin narahatlığı nə qədər tez aradan qaldırılsa, mövcud vəziyyət bir o qədər tez həll olunacaq”.

Mənbə

Share: