Dünyaya Azərbaycan həqiqətlərini təsdiq etdirən Zəfər Savaşı həm də “Qarabağ Azərbaycandır!” şüarını bunun əksini iddia edən erməni liderinə qəbul etdirdi. Savaşdan öncə Cıdır düzündə kev məclisi qurub sərsəm iddialarda olan Paşınyan ən yüksək səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağın da ölkəmizin ayrılmaz hissəsi olduğunu bəyan etdi. İndi erməni baş nazirinin daha bir sözünü geri götürmək zamanıdır. Söhbət Laçın sərhəd keçid məntəqəsindən və Zəngəzur dəhlizindən gedir. İlk öncə onu qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd keçid məntəqəsinin yaradılması tarixi hadisə olaraq Zəvər Savaşından sonra ikinci böyük uğurumuz sayıla bilər. Bununla Zəfər Savaşındakı Qələbəmizə həm də rəsmi möhür vurulmuş oldu. Çünki Laçın yolu ermənilərin istədiyi kimi istifadə etdiyi marşruta çevrilmişdi və bu yolla Ermənistandan silah-sursat, hərbi texnika, minalar və canlı qüvvə daşınır, istənilən şəxs rahat şəkildə Azərbaycan ərazisinə girib-çıxa bilirdi. Daşınan minaların Azərbaycan ordusunun hərəkət marşrutlarında basdırılması nəticəsində onlarla hərbçimiz şəhid olub. Sərhəd-buraxılış məntəqəsinin qurulması Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını maksimum şəkildə məhdudlaşdırmış oldu. Bu addım Azərbaycan dövlətinin qətiyyətini və cənab prezidentin “nəyi nə zaman etmək lazım olduğunu mən yaxşı bilirəm” həqiqətini bir daha təsdiq etmiş oldu. Ötən müddət ərzində keçid məntəqəsində ermənilərin normal qaydada yoxlanılaraq gediş gəlişinə şərait yaradılıb, eyni zamanda Azərbaycan Qarabağda yaşayan ermənilərə humanitar yardım üçün Ağdam Xankəndi yolunu təklif edib. Amma humanitar böhrandan dəm vuran ermənilər təklifi rədd ediblər. Əvəzində hər vəchlə çalışırlar ki, Laçın koridorunda hansısa bir təxribata yol açsınlar. Ölkəmiz ilə razılaşdırmadan suveren ərazimizə “humanitar yük” adı altında avtomobil karvanı göndərən Ermənistan sözün həqiqi mənasında təxribat şousu yaradır.
Bu prosesdə təəssüf doğuran məqamlardan biri də avropalı diplomatların təxribat planının iştirakçısına çevrilməsidir. Belə ki, “humanitar karvan” yola salınmazdan əvvəl Ermənistandakı bəzi diplomatik nümayəndələr Ermənistan XİN-ə dəvət olunub, “zəruri planlama” aparııb. Ardınca isə Qərbin siyasi missionerləri “humanitar karvan”dan qabaq Laçın nəzarət-buraxılış məntəqəsinin yaxınlığında peyda oldu. Bu diplomatlar unudur ki, Azərbaycan tərəfinin addımları beynəlxalq hüquq normaları ilə müəyyənləşib: hər dövlətin sərhədi və sərhəd-keçid məntəqələri olduğu kimi, Azərbaycanın da qonşu dövlətlərlə sərhəd-keçid məntəqələri yaratması və burda öz suveren hüquqlarını qoruması təbiidir. Məqsəd həqiqətən də humanitar yüklər və keçidlər üçün istifadədirsə, heç bir problem yoxdur, Azərbaycan dövləti bunun üçün alternative marşurut təklif edib. Ermənilərin havadarları Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, öz iddialarından əl çəkməlidir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilər üçün yüklərin daşınması üçün Ağdam-Xankəndi marşrutundan istifadə oluna bilər. Bakının təklif etdiyi marşrutu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel də təqdir və qəbul edib. Belə çıxır ki, indi “narahat” olan, ermənilərin şousuna qatılan Aİ nümayəndələri Ş.Mihelin mövqeyini heçə sayırlar?! Son təxribat bölgədə sülhün bərqərar olmasına yox, yeni hərbi əməliyyatlara təkan verməyə yönəlib. İndi narahat olduqlarını deyən və Azərbaycana təzyiq göstərməyə çalışan avropalı siyasətçilər faktiki olaraq erməni separatçılığını, revanşizmini və aqressiv radikalizmini dəstəkləyir, Azərbaycanın ərazi bütövlüyünə sayğısızlıq nümayiş etdirir, ən başlıcası isə, mövqelərimizdən zərrə qədər geri çəkilməyəcəyimizi anlamırlar. Onlar hesab edirlər ki, Azərbaycana bu təzyiqi etməklə ölkəmizi öz suveren hüquqlarından imtina etməyə nail olacaqlar. Amma unudurlar ki, Qarabağ Azərbaycan ərazisidir. Dünyanın heç bir yerində elə bir ölkə yoxdur ki, onun sərhədlərini istənilən vaxt, istənilən şəkildə humanitar yardım adı ilə pozub, qeyri-qanuni ora daxil olasan. Bu təxribat şousu da iflasa uğrayacaq. Ermənilər heç bir nəticə əldə edə bilməyəcək. Əksinə İrəvan və onun himayədarları bird aha Azərbaycan qüdrəti qarşısında məğlub olacaq! İndi təxribatın sousu ilə nə qədər çabalasalar da, fitnə-fəsadlar törətsələr, əngəl olmağa çalışdıqları Zəngəzur dəhlizi mütləq açılacaq. Bu təxribat Azərbaycanın qarşısını ala bilməyəcək və gün keçdikcə, Zəngəzur dəhlizi aktuallıq çəkisini artırdıqca rəsmi Bakı lazım olan bütün addımları atacaq. Nəyi nə vaxt etməyi dəqiq bildiyimizi bir dəfə düşmənə sübut etmişik!
Fəzail İbrahimli
Milli Məclis Sədrinin müavini