Fransa və Almaniyadan Ukraynaya dəstək MESAJI

Fransa və Almaniya arasında dostluq müqaviləsinin imzalanmasının 60 illiyi münasibətilə iki ölkənin lideri Emmanuel Makron və Olaf Şolts arasında görüş keçirilib.

 

Modern.az xəbər verir ki, görüş zamanı hər iki lider Ukraynaya dəstəyin davam etdiriləcəyini bildirib.

 

Makron 1963-cü il yanvarın 22-də Almaniyanın keçmiş kansleri Konrad Adenauer ilə Fransanın keçmiş prezidenti Şarl de Qoll arasında imzalanmış Yelisey sazişinin iki ölkə, Avropa və dünya üçün əhəmiyyətini vurğulayıb. Makron Ukraynaya sarsılmaz dəstəyini ifadə edib. O, Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) namizəd ölkə statusu verilməsi üçün dəstəyi davam etdirəcəklərini bildirib.

 

Kansler Şolts Fransa və Almaniya arasında imzalanan müqavilənin İkinci Dünya Müharibəsindən 20 ildən az bir müddət sonra imzalandığını xatırladıb, Fransa-Almaniya barışığının Avropanın birləşməsi üçün yol açdığını vurğulayıb.

 

“Rusiya prezidenti Putinin imperialist məqsədləri var. O, sərhədləri güc yolu ilə dəyişdirməyə çalışır. Ukraynalılar bunun üçün ağır bədəl ödəyirlər. Amma Putinin imperializmi qalib gəlməyəcək”, – deyə o qeyd edib.

 

Şolts Avropada sülhün bərqərar olması üçün Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib. “Biz lazım olduğu müddətdə Ukraynanı birlikdə dəstəkləməyə davam edəcəyik. Biz ölkəni Avropada sülh layihəsini qorumaq üçün lazım olan hər şeylə təmin edəcəyik”, – Şolts deyib.

 

Akif İsmayılov

Mənbə

Share: