“Mən onu edam edənlərin hamısını tanıyıram”

“Kireyevin rus casusu olması tamamilə istisna edilir, Ukrayna Təhlükəsizlik Xidməti (UTX) əməkdaşlarının Ukrayna qəhrəmanını qətlə yetirməsi faktdır…”

 

“UTX-nin dəvətilə UTX binasına gedən adamı binaya çatmamış ələ keçirib, bir qədər aralıya aparıb, qətlə yetirib küçəyə atıblar…”

 

“Mən onu şəxsən danışıqlara göndərib zamanı udmaq üçün prosesi uzatmağı tapşırmışam, kimlərsə onun danışıqlarda iştirakını istəməyib…”

 

“Kəşfiyyatçı müharibənin ilk illərində ölkənin güc strukturları arasında vahid koordinasiyanın olmaması səbəbindən qətlə yetirilib…”

 

Ukrayna Təhlükəsizlik Xidməti ukraynalı kəşfiyyatçını nədən qətlə yetirib?..

 

Ukrayna-Rusiya danışıqlarının iştirakçısı, maliyyəçi Denis Kireyev Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlanandan az sonra mart ayında

Kiyevdə qətlə yetirilib. O, Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (BKİ) ştatlı əməkdaşı olub.

 

Moderator.az xəbər verir ki, bu barədə BKİ rəhbəri, general-mayor Kiril Budanov “Azadlıq Radiosu”nun Ukrayna xidmətinə müsahibəsində bəyan edib.

 

“Mən cənan Kireyevi 2009-cu ildən tanıyıram. O, bütün yoxlamaları, o cümlədən yalan detektorundan keçib. Bunlar sənədləşdirilib, yazılıb və burada arxivlərdə saxlanılır”, – Budanov qeyd edib. Onun sözlərinə görə, Kireyev uzun illər BKİ-nin sabiq rəhbərləri ilə əməkdaşııq edib.

 

Budanov Kireyevin Rusiyaya işləməsinin mümkünlüyünü qətiyyətlə inkar edir. “Kireyevin rus casusu olması sualına birmənalı cavab verirəm: xeyr, olmayıb”, – o, bəyan edib.

 

Budanov vurğulayıb ki, Kireyev Ukrayna Təhlükəsizlik Xidməti (UTX) əməkdaşları tərəfindən saxlanıldıqdan dərhal sonra bu xüsusi xidmətin avtomobilində qətlə yetirilib. Ukraynanın baş kəşfiyyatçısının sözlərinə görə, ona Kireyevi qətlə yetirənlər adları ilə bəllidir: “Mən onu edam edənlərin hamısını tanıyıram”.

 

İstintaq sirri olduğuna istinad edərək BKİ rəhbəri başqa təfsilatları danışmayıb.

 

“Faktlar bundan ibarətdir ki, UTX-nın dəvətilə UTX  binasına gedən adamı binaya çatmamış ələ keçirib, bu binaya deyil, bir qədər aralıya aparıb, qətlə yetirib, meyiti küçəyə atıblar. Faktlar budur. Onlar nədən UTX-nin binasına tərəf getməyib? Bu suala qoy istintaq cavab versin”, – o, deyib.

 

Budanov deyib ki, Kireyevin qətlindən sonra BKİ-nin o zamankı rəhbəri İvan Bakanovla danışıb, o da kəşfiyyatçının ölümünü izah edə bilməyib.

 

BKİ rəhbəri hesab edir ki, Kireyevin qətlinin arxasında o adamlar dayana bilərdi ki, onun Ukrayna ilə Rusiya arasında Belarusda aparılan danışıqlarda iştirakına yol vermək istəməyib.

 

Budanovun sözlərinə görə, o, Kireyevi şəxsən danışıqlara göndərib və “zamanı udmaq üçün prosesi uzatmağı tapşırıb”. Ukrayna hərbi kəşfiyyatının direktorunun iddia etdiyi kimi, Kireyevin Rusiya nümayəndə heyətinin iki üzvü ilə tanışlığı olub.

 

Budanov hesab edir ki, Kireyevi USQ-nin Rusiyanın hücumunu dəf etməyə hazırlıq üçün zaman qazanmasını istəməyənlər qətlə yetirib.

 

“Müəyyən sayda adamlar Ukraynanın qalib gəlməsini istəməyib”, – Budanov deyib. Bu adamların UTX və ya hakimiyyət orqanları ilə əlaqəli olmasını o, dəqiqləşdirməyib.

 

Budanov həmçinin deyib ki, UTX əməkdaşlarının Ukrayna qəhrəmanını qətlə yetirməsi faktdır. Bunun necə baş verə biləcəyi sualına cavabında general-mayor Budanov deyib ki, “bəzən belə dəhşətli hallar artıq baş verib”.

 

“Bu hadisə kimi dəhşətli olmasa da, amma problemlər əvvəllər də olub. Heç kim bunu edənlərdən belə reaksiyanı gözləməyib”, – o, deyib.

 

Budanov vuğulayıb ki, söhbət istintaqın nəticələrindən deyil, onun şəxsi fikrindən gedir.

 

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra Denis Kireyev Belarusda döyüşən tərəflərin danışıqlarının birinci raundunda iştirak edib. Mart ayında kəşfiyyatçı UTX əməkaşları tərəfindən saxlanılaraq qətlə yetirilib.

 

Sonradan Ukrayna hakimiyyəti dəqiqləşdirib ki, Kireyev xüsusi tapşırığı yerinə yetirən zaman həlak olub. Daha sonra Ukrayna Prezidenti Ofisi bəyan edib ki,  kəşfiyyatçı müharibənin ilk günləri ölkənin güc strukturları arasında “vahid koordinasiyanın olmaması” səbəbindən qətlə yetirilib.

 

Mənbə

Share: