Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 23 ünvanın yaxınlığında 1 ədəd qumbaraya bənzər əşyanın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Milletinsesi.az-a bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbarasının ətrafında 150 kvadratmetr əraziyə yerüstü, 20 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.