Gəncədə 20 Yanvar hadisələrinə həsr olunan konfrans keçirilib

Gəncədə “20 Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu“ mövzusunda konfrans keçirilib.

 

“Report”un Qərb bürosunun məlumatına görə, elmi-praktik konfrans Gəncə Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

 

Konfransda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanov, müəllim və tələbələr iştirak ediblər.

 

Z.Qurbanov çıxışında qeyd edib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Həmin dəhşətli günlərdə Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış edib, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırıb. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut edib.

 

A.Tağıyev bildirib ki, Ulu Öndərin 20 Yanvar hadisələri ilə bağlı siyasi fəaliyyəti və bu faciəyə verdiyi qiymət özü mükəmməl bir tarixi nümunədir. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir.

 

Tədbirdə 20 Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş olunub.

Mənbə

Share: