Gömrük xidmətlərinin milli əlaqələndirmə qovşağı rəhbərlərinin iclası keçirilir

Noyabrın 1-də Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının MDB ölkələri üzrə hüquq-mühafizə fəaliyyətinə dair RILO-Moskva Regional Məlumat Əlaqələndirmə Qovşağının iştirakçı ölkələrinin gömrük xidmətlərinin milli əlaqələndirmə qovşağı rəhbərlərinin 21-ci iclası işə başlayıb.

 

Moderator.az xəbər verir ki, ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən iclasa Azərbaycan, Qırğız, Tacikistan, Belarus və Rusiya gömrük xidmətlərinin nümayəndələri qatılıb.

 

Tədbirin açılış mərasimində RILO-Moskvanın rəhbəri Oleq Bakanov, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı və ÜGT-nin Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Narynkul Tagainazar çıxış ediblər.

 

Onlar beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin olunmasında gömrük orqanlarının vacib rol oynadığını, bu istiqamətdə beynəlxalq əməkdaşlığın, gömrük sahəsində hüquqpozmalara qarşı mübarizənin mühüm əhəmiyyət daşıdığını bildirib, iclasda müzakirə olunacaq məsələlərin qarşılıqlı məlumat və təcrübə mübadiləsinin daha da gücləndirilməsinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

 

İki gün davam edəcək iclasda RILO-Moskvanın milli əlaqələndirmə qovşaqlarının son bir ildəki fəaliyyəti, RILO-Moskvanın ÜGT-nin tədbirlərində iştirakı, təcrübə və məlumat mübadiləsi, “CENcomm” şəbəkəsinin platformalarından istifadə edilməklə gömrük sahəsində hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və digər mövzularda məruzələr dinləniləcək, təqdimatlar nümayiş etdiriləcək, eləcə də 22-ci iclasın təşkili ilə bağlı müzakirələr aparılacaq.

Mənbə

Share: