“Hamı öz evinə çəkilib, Allahın bir tonqalını da tapıb üstündən hoppana bilmirik”-FOTO

“16 yaşıma qədər Ağdamda olub, ən gözəl günlərimi orada keçirmişəm. Novruz bayramları orada möhtəşəm olurdu. Baxmayaraq ki, hər kəsin evində ruzi-bərəkət var idi, amma bayramlaşma olurdu, papaq atırdılar, paylaşırdılar. İlk çərşənbədən kənddə ab-hava dəyişirdi. Qovurğa qovururdular. Biz də uşaq idik, cibimizə töküb sinfə gətirirdik. Bir də görürdün ki, sinif bütün qovurğa olub. Müəllimlər sinfi özümüzə təmizlədirdilər (gülür). Evlərdə, həyətlərdə iməclik keçirilirdi. Bayramın dadını Ağdamda bilmişəm. Bakıda indi hər kəs öz evinə çəkilir. Allahın bir tonqalını da tapıb üstündən hoppana bilmirik. Mənim ən dəyərli illərim, bayramlarım Qarabağda, Ağdamda olub”

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Nəzakət Teymurova deyib. O daha sonra əlavə edib.

 

“Əslən Ağdamın Əlmədətli kəndindənəm. Mən bu gün xarici ölkəyə gedəndə məni heç nə ilə təəccübləndirə bilmirlər. Kəndimizin bir tərəfində dağ, bir tərəfində çaylar, yaşıllıq və s. gözəlliklər var idi. 1992-ci ilə qədər Ağdama gedib-gəlirdim. Bakıda təhsil aldığıma görə müvəqqəti şəhərdə yaşayırdım. Şükürlər olsun ki, bütün arzularıma çatmışam. Ən böyük arzumuz elə Qarabağ, Ağdam dərdi idi. Bu gün orada yenidən həyat qaynayır, Ağdamda binalar, otellər tikilir. Düşmənin viran qoyduğu torpağa can gəlib. Bu işdə bizim üzərimizə də böyük məsuliyyət düşür. Biz də dövlətə kömək etməliyik, dəstək göstərməliyik. Çünki bu torpaqlar bizim əzəli torpaqlarımızdır” deyə xanım sənətkar bildirib.

 

Xalq artisti tələbələrinə verdiyi məsləhətlərdən də danışıb.

 

“Çərçivə çox gözəl şeydir. Ondan kənara çıxmaq olmaz. Bu gün milli musiqimizə yad musiqilər, yad ritmlər təsir göstərmək istəyir. Bu bayağılıəq bizim muğamlarımıza yaraşmır. Tələbələrimə nəzarət edirəm, onların bayağı ifaçı kimi yetişməsini istəmirəm. O vaxtı müəllimlərim mənə də deyirdilər ki, “bala, öyrən, sonra o qədər toylara gedəcəksən ki”. İndiki gənclərin əksəriyyəti tez məşhurlaşıb toylara getmək istəyir. Elə can atırlar ki, toydan pul qazansınlar. Bu dəqiqə onların öyrənən vaxtlarıdır. Trendə düşən mahnılar tez unudulur, köklü musiqi isə hər zaman yaşayır” deyə sənətkar bildirib.

 

Mənbə

Share: