Novruzda papaq atan, qapı pusan, fala baxdıran məşhurlar -EKSKLÜZİV

Bu gün martın 20-si Türk dünyasında Novruz bayramı qeyd olunur. Novruzla bağlı sənətkarların, şou-biznes əhlinin xatirələrini dinləmək üçün onları sorğu-suala tutduq. Məşhurlar Novruzda başlarına gələn əhvalatları Moderator.az-la bölüşüblər.

 

Xalq artisti Brilliant Dadaşova:

 

“İnanclara hər zaman inanmışam. O vaxt Naxçıvanda qastrol səfərində idik. Qastrolumuz da Novruz bayramı ərəfəsinə təsadüf etmişdi. Tədbirlərdə, festivallarda çıxış etdik. Tədbirdən qayıdanda qapı pusmağa getdim. Otaqdan “Səni görüm xoşbəxt olasan, ailə həyatı qurasan” sözlərini eşitdim. 2 ay sonra ailə həyatı qurdum. Duzlu çörək də yemişəm, yuxu da görmüşəm. Ümid edirəm ki, bu kimi adətlərimiz unudulmayacaq, hər zaman yaşadılacaq” deyə xalq artisti bildirib.

 

 

Xalq artisti Gülyaz Məmmədova:

 

“O vaxtı papaq yox, torba atırdılar. Bizim Şəkidəki həyətimiz böyük idi. Ona görə də evin qapısı həyətin qapısından aralıda idi. Bəzən qapıya atılan papaqdan xəbərsiz olurduq. Kənd meydanında arabalar dolaşırdı. Uşaqlar da öz məharətlərini göstərirdilər. Tütəklə, zurna ilə, nağara ilə hay-küy salırdılar ki, qapını açaq. Qapını açırdıq, daha o torbanı doldurmaq üçün nələr etmirdilər ki?! Sonra qaynar təndir çörəyini ağacın başına bağlayırdılar. Gənclər ağacın başına çıxıb o çörəkdən bir dişdəm almalı idilər. O adətlər indi də Şəkidə var. Hər çərşənbələri bir ailənin evində qeyd edirlər. Kəndirbazların, pəhləvanların oyunu hələ də adət kimi qalıb” deyə sənətkar bildirib.

 

 

Müğənni Fədayə Laçın:

 

“10 il olar ki, papaq atmışam. Özü də müəllimimgilə. Fatma müəllim Buzovnada anamgilin qonşusu idi. Anamgilə gedəndə onlara papaq atdım. Papağı qapıya atdım, gizləndim. Bilmədilər ki, mənəm. Papağın içinə hər şey qoymuşdular. Götürəndə məni gördülər. Bizi evə qonaq çağırdılar, süfrə arxasınca oturduq. Həm mənə, həm də onlara çox xoş oldu. Qapı pusmamışam. Çünki o vaxtı qapı pusmağa gənc qızlar gedirdilər. Mən uşaq idim, onlara qoşulmurdum” deyə müğənni bildirib.

 

 

 

Müğənni Roza Zərgərli:

 

“Ümumiyyətlə bütün adət ən-ənələrə inanıram. Sayğı-sevgi ilə yanaşıram. Zamanında qapı da pusmuşam, fala da baxmışam, papaq da atmışam, tonqaldan da hoppanamışam. Qapı pusanda həmişə xoş sözlər eşitmişəm. Hamısı da gözəldir. Kaşki o dövrdəki vaxtlara qayıda biləydik. Kaş uşaq olaydıq. Bizim üçün daha maraqlı olardı” deyə müğənni bildirib.

Mənbə

Share: