Heydər Əliyev Sarayında çoxdan gözlənilən “Məhəbbət əfsanəsi” baletinin təqdimatı olub

Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin uzun müddətdir gözlənilən təqdimatı keçirilib.

Dünyanı fəth edən baletin nümayişi ilə həm də 18 sentyabr – Milli Musiqi Günündə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub.

“Məhəbbət əfsanəsi” iki gün – sentyabrın 18-də və 19-da Heydər Əliyev Sarayında təqdim edilir. Bu möhtəşəm təqdimat ecazkar musiqi, səhnə quruluşu və tərtibatı ilə Milli Musiqi Günündə tamaşaçılar üçün ən gözəl hədiyyədir.

Bu münasibətlə Heydər Əliyev Sarayının foyesində sərgi də təşkil edilib. Sərgidə “Məhəbbət əfsanəsi” baletinin indiyədək yayımlanan afişaları və Arif Məlikovun yaradıcılığına dair foto və məlumatlar nümayiş olunub.

Qeyd edək ki, Bakıdakı bu musiqi bayramına – “Məhəbbət əfsanəsi” baletinin təqdimatını işləmək üçün digər ölkələrdən qonaqlar da gəliblər. Onların arasında İtaliyanın ən böyük və məşhur konsert məkanlarından olan “Arena di Verona”nın bədii rəhbəri Stefano Trespidi, dünyaca məşhur FAZIOLI royallarını istehsal edən fabrikin yaradıcısı Paolo Fazioli, Rusiyanın məşhur balet artisti, “Məhəbbət əfsanəsi”ndə Fərhad rolunun ifaçılarından biri olmuş Nikolay Siskaridze də var.

Rusiyanın Xalq artisti, dünyaşöhrətli balet artisti Nikolay Siskaridze tamaşanın nümayişindən əvvəl “Məhəbbət əfsanəsi”ndə oynadığı roldan danışaraq deyib:

“Mən bu tamaşanın əsas ifaçılarından biri olmuşam. Böyük Teatrda işlədiyim dövrdə “Məhəbbət əfsanəsi” baletində rol almaq çətin idi. Çünki bu, bir tərəfdən virtuoz, digər tərəfdən isə ən vacib ulduzların çıxış etdiyi tamaşadır. Bu rolu çox erkən yaşda almaq mənim üçün çox qürurverici idi. Bir neçə dəfə bəstəkarın (Arif Məlikov – red.) gözü qarşısında rəqs etmək şansım oldu. Bu, mənim üçün ən böyük mükafatlardan biri idi. Bu gün burada olmağımın səbəbi bənzərsiz bəstəkara olan sevgimdir. Hesab edirəm ki, bu, dünya musiqi mədəniyyətində balet üçün yazılmış möhtəşəm partituralardan biridir. Çox xoşbəxtəm ki, bu balet Arif Məlikovun vətənində – Azərbaycanda səhnəyə qoyulur”.

“Məhəbbət əfsanəsi”nin Heydər Əliyev Sarayındakı budəfəki təqdimatına uzun müddət hazırlıqlar görülüb və bir aydan çox məşqlər gedib.

Tamaşa 1961-ci ildə olduğu kimi, yenə də məşhur rəssam Simon Virsaladzenin eskizləri əsasında səhnələşdirilib. Belə ki, tarixi təqdimat üçün Heydər Əliyev Fondu tərəfindən Simon Virsaladzenin orijinal eskizləri əsasında 200-dən çox kostyum, həmçinin dekorasiya və rekvizitlər hazırlanıb.

Unudulmaz təqdimatda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasının və Azərbaycan Dövlət Rəqs Ansamblının artistləri ilə yanaşı, xarici teatrlardan dəvət olunan solistlər də yer alıb.

Gecəni Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov açıblar.

F.Bədəlbəyli çıxışında Arif Məlikovun məşhur əsərinin Azərbaycanda səhnələşdirilməsini çoxdan arzuladığını vurğulayaraq bildirib:

“1962-ci ildə Bakıda ilk dəfə “Məhəbbət əfsanəsi” baleti səhnəyə qoyulanda mənim 16 yaşım var idi. O zaman bütün məşqlərdə iştirak etmişdim. Bu balet böyük uğur qazandı və demək olar bütün ölkələrdə nümayiş olundu. Heydər Əliyev Fonduna və Mədəniyyət Nazirliyinə çox minnətdaram ki, illər sonra bu tamaşa yenidən Bakıda nümayiş olundu”.

Səhnədə şahzadə Məhmənəbanunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı, Prezident mükafatçısı Ayan Eyvazova, Fərhadı Rusiyanın məşhur Böyük Teatrının premyeri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Denis Rodkin, Şirini isə Böyük Teatrın aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Mariya Vinoqradova ifa ediblər.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov səhnə əsəri haqqında fikirlərini jurnalistlərlə bölüşüb:

“Bu gün bizim üçün tarixi bir gündür. Belə bir tədbirin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm. Azərbaycan mədəniyyətinə verdikləri dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdaram. Əminəm ki, unudulmuş bir əsərin yerli truppamızın iştirakı ilə Azərbaycan səhnəsinə qayıdışı sonuncu olmayacaq”.

Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini tanınmış türk şairi Nazim Hikmətin “Fərhad və Şirin” dramı əsasında yazdığı librettoya bəstələyib. “Məhəbbət əfsanəsi” baletinin premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı), 1962-ci ilin iyulunda isə əsərin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində premyerası keçirilib.

Haqlı olaraq şedevr adlandırılan bu baletin quruluşçu rejissoru Yuri Qriqoroviçdir. Bakı premyerası isə Qriqoroviçin köməkçiləri baletmeyster-rejissor Oksana Svetnitskayanın və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri, Rusiyanın Əməkdar artisti Ruslan Proninin quruluşunda təqdim edilir. Əsər ilk dəfə səhnəyə qoyulanda dirijoru maestro Niyazi olub. Heydər Əliyev Sarayında isə “Məhəbbət əfsanəsi”nin əsrarəngiz musiqisi Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğunda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında təqdim edilib.

“Məhəbbət əfsanəsi” baleti bu günədək müxtəlif ölkələrin 60-dan çox teatrında dəfələrlə görkəmli baletmeysterlərin quruluşunda oynanılıb. Səhnə əsəri ABŞ, Almaniya, Avstriya, Bolqarıstan, Böyük Britaniya, Braziliya, Çexiya, Estoniya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Misir, Özbəkistan, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Ukrayna, Yaponiya və digər ölkələrdə rəğbətlə qarşılanıb.

Səhnə əsərinin quruluşçu baletmeysterləri Yuri Qriqoroviçin assistentləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri Ruslan Pronin və Oksana Svetnitskaya “Məhəbbət əfsanəsi” baletinin ilk dəfə Rusiyada səhnəyə qoyulduğunu və 1961-ci ildə Leninqrad Teatrında baş tutan ilk tamaşa ilə Azərbaycan arasındakı əlaqəni vurğulayaraq dedilər: “Məhz buna görə də həm Azərbaycan, həm də Rusiya balet rəqqasları ilə işləmək ideyası yarandı. Bu, həmçinin qarşılıqlı təcrübə mübadiləsi üçün mühüm imkandır”.

Tamaşanın əsas rollarının ifaçıları Rusiyanın məşhur Böyük Teatrının premyeri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Denis Rodkin və Böyük Teatrın aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Mariya Vinoqradova jurnalistlərə müsahibələrində səhnə əsəri ilə bağlı fikirlərlə bölüşüblər. “Tamaşa çox yaxşı keçdi. Şadam ki, Denislə Bakıya gəldim, bu möhtəşəm tamaşanın premyerasını rəqs etdim”, – deyə Mariya Vinoqradova qeyd edib.

Bakıya səfər etməsindən məmnunluğunu bildirən Denis Rodkin isə qeyd edib:

“Bakıda olmaq mənim üçün çox xoşdur. Çünki bura görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun Vətənidir. 2014-cü ildə Yuri Qriqoroviç “Məhəbbət əfsanəsi”nin yeni redaksiyası üzərində çalışarkən onunla şəxsən işləmək şansım oldu. Onu da qeyd etmək istərdim ki, Bakıda orkestr fərqli səslənir. Çünki doğma divarlar arasında səslənir. Azərbaycanda tamaşaçısı çıxışımızı yüksək qiymətləndirdi”.

Qeyd edək ki, Arif Məlikovun şah əsəri olan “Məhəbbət əfsanəsi”nin “Heydər Əliyev İli”ndə təqdim olunması təsadüfi deyil. 2023-cü il dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü, görkəmli bəstəkar Arif Məlikovun isə 90 illik yubileyidir. Ümummilli lider Heydər Əliyev görkəmli bəstəkar Arif Məlikovu bir sənətkar və insan kimi yüksək dəyərləndirirdi. Arif Məlikov isə ümummilli lider Heydər Əliyevə sevgi və ehtiramını öz yaradıcılığında da əks etdirib və bəstəkarın “Əbədiyyət” adlı 8-ci simfoniyası ulu öndərə ithaf olunub.

Mənbə

Share: