“İman bir tək qəlbdə qalmamalı, damarlarda dolaşan qan ilə bütün vücudumuzu sarmalıdır…”
Müsəlman olaraq ölə bilmək…
Tələbəlik illərimdə tanış olduğum Əli Fuad dayı vardı. Atam yaşında kişi idi. İstehsal müəssisəsi vardı, iş adamı idi. İslamla 50 yaşından sonra tanış olmuşdu. Həmişə keçmiş həyatını düşünüb heyfslənir, gözləri dolardı. Gənclik illərini sosialist-kommunist ideologiyasına hədər vermişdi. Dilindən-ağzından, hər dəfə də titrək səslə bu sözlər tökülərdi: “Allah mənim canımı xeyirli iş dalınca gedərkən alsın. Ümidim odur, bəlkə Allah məni bu vəsilə ilə bağışlayar. Fövt etdiyim günlərimin hesabından qurtularam…”

İnsanın ağlına belə bir sual da gələ bilər: “Namaz qılmayan, xeyirli iş başında ölməyən, hətta son nəfəsdə şəhadəti gətirə bilməyənin aqibəti yaxşı deyildir?” Heç kimsə belə bir şeyi iddia edə bilməz, zatən doğru da deyildir. Fəqət həyatını Allahın istədiyi kimi yaşayan, hər şeyi incə ələyib, sıx toxuyan şəxs də vəfat edərkən – Allahın izni və inayəti ilə – bu dünyadan gözəl şəkildə ayrılar. Allah qorusun, haram və pis şeyləri şüuraltı halına gətirən, oturub-durub ancaq ziyanlıq düşünən şəxsin də aqibətindən qorxular, qorxmaq da lazımdır…
Digər vacib məsələ də budur: İnsanın, Rəbbinə olan imanı, həyatı boyunca ruhuna elə işləməli ki, şeytan oraya müdaxilə edə bilməsin. Şeytan hər daim insanın qəlbinə imanı mövzularda tərəddüdlər salaraq imanını sarsıtmağa çalışır. İmanın canlı və təzə qalması üçün hər gün təfəkkürlə, zikrlə, mütaliə ilə yeni-yeni düyümlər atmaq lazımdır. Məsələn, Allah inancı mövzusunda qənaət gətirmək üçün bir tək dəlil yetərlidir. Gəl gör ki, şeytan və onun təqibçiləri boş durmurlar. Sağdan, soldan, öndən, arxadan və hər dəfəsində də fərqli taktika ilə iman qalasını təxrib etməyə çalışırlar. Ona görə də imanımızı elm təknəsində yoğurmalı, bildiyimiz, öyrəndiyimiz ilə əməl etməli, təhqiqi imanı əldə etməliyik. İman bir tək qəlbdə qalmamalı, damarlarda dolaşan qan ilə bütün vücudumuzu sarmalıdır. Allah Rəsulu (s.ə.s) buyurur ki, “şeytan insanın vücudunda qan kimi dolaşır[5]. Allah bilir, qırmızı qan, ağ qan cisimciklərini minik kimi istifadə edir, öncə qəlbə hücum çəkir, fitnə salır; oradan beyinə keçir ağlına şübhə salır. İman, möminin qanı içində elə yer etməlidir ki, şeytan hər yerdə iman gücü ilə boğulmalı, iman da qəlbin mərtəbələri olan sirri, xəfanı[6] fəth etməlidir. İnsan, Rəbbi ilə elə münasibət qurmalıdır ki, başqaları onun halını bilməməli, şeytanın da xəbəri olmamalıdır. O nöqtəni ancaq Rəbbimiz bilməli və qəlbimiz sezməlidir. Hər növ şübhə və tərəddüdə elə qapalı olmalıyıq ki, son nəfəsdə şeytan ağlımızı çaşdırmasın. Yenə vurğulayaq, bunu əldə etmək üçün mütaliə, təfəkkür edilməli, inandığımız kimi yaşamalıyıq.
Müsəlman olaraq ölmək üçün diqqət edilməsi gərəkli bir digər məsələ rabitəi-mövtdür, yəni ölümü hər daim xatırlamaq. “Ləzzətləri yox edəni (yəni ölümü) çox xatırlayın.”[7]–buyurur Peyğəmbərimiz (s.ə.s). Ölümü, öləcəyimizi unutmamaq lazımdır. Ölüm “mənim” dediyimiz hər şeydən ayrılmaqdır. Gec-tez, əlbət, bir gün hər kəsi yaxasından yapışacaqdır. İnsan oğlu başqalarının cənazəsini görüncə təəssüflənir, ancaq özünün də öləcəyini qəbul etmək istəmir…
Təsəvvüf və həqiqət əhli tez-tez ölümü düşünmüş, ona görə yola rəvan olmuş, ölümü şəbi-əruz (sevgiliyə qovuşma) kimi görmüş, hər zaman ölmək intizarı içində qalmışlar. Sevgilisinə, məhbubuna, mətlubuna nə vaxt qovuşacağı arzusu ilə yanmış, alovlanmışlar. Yuxarıda qeyd etdik, iman əhli Allaha, Allah da onlara qovuşmaq istər. Ancaq inkar edənin halı bunun tam tərsidir…
Qəlbində imanı olan hər mömin Rəbbinə qovuşmaq arzusu daşımalıdır. Uzun müddət qürbətdə qalan şəxs doğulduğu yerə gedərkən yol boyu sevdiklərinə qovuşma arzusu ilə ikidə-bir telefona, saata baxıb “çatmadıqmı” deməsi kimi, imanlı mömin də Rəbbinə qovuşmaq üçün can atmalıdır…
Ölümü arzulamaq doğru deyildir. Allah Rəsulunun (s.ə.s) ölüm arzusunda ölçünü bizə göstərmişdir. “Sizdən heç kimsə, məruz qaldığı bir zərər səbəbi ilə, ölümü təmənni etməsin. Bunu etmək məcburiyyətində qalarsa, heç olmasa belə desin: ‘Rəbbim! Haqqımda yaşamaq xeyirli isə yaşat. Ölüm xeyirli isə canımı al.”[8]
Həqiqi mömin dünya zindanında sırf Rəbbin rizası üçün qalar, qalmaq üçün də dişini sıxıb səbir edər. Bir tərəfdən də gözü qapı aralığında qalar, hər an “gəl” nidasının səslənməsini gözləyər.
Qüdsi hədisdə buyurulur ki: “Qulum Mənə bir qarış yaxınlaşarsa, Mən ona bir arşın yaxınlaşaram. O, Mənə bir arşın yaxınlaşarsa, Mən ona bir qolac yaxınlaşaram. O, Mənə yürüyərək gələrsə Mən ona qaçaraq gedərəm.”[9] Daha sonra da bu yaxınlıq elə hal alar ki, Uca Allah o möminin görən gözü olur da artıq o insan yanlış olana baxmaz. Allah onun eşidən qulağı olar, artıq hər şeyə ən gözəl şəkildə dəyər verər və günah dəvətçilərini eşitməz. Onun tutan əli və yürüyən ayağı olur, Allah onu səhv addım atmaqdan, yanlış yönə dönməkdən qoruyar.
Sözün özü budur ki, insan bu dünyada nə üçün var olduğunu unutmamalı, o biri dünyaya da imanla, alınıaçıq, üzüağ getməyə çalışmalıdır. Bunun üçün Allaha imanda dərinləşməli, ölümü unutmamalıdır. Ölümə Ona (c.c) qovuşmaq üçün bir tramplin nəzəri ilə baxmalıdır. Hər daim dilində “Ey Sevgili, uzatma dünya sürgünümü” tərənnümü ilə Ona qovuşmaq üçün can atmalıdır.
Rəbbim, bizim durduğumuz yerə görə deyil, Öz sonsuz kərəminə yaraşan şəkildə lütf-ehsan etsin. “Soltana soltanlıq, qapı quluna da bəndəlik yaraşır.” Ümidimiz Onadır ki, bizi o biri tərəfdə sonsuz hədiyyə və sürprizləri ilə sevindirər…
Mənbələr və izahat:
[5] Buxari, Etiqaf 11, 12, Bədul-xalq 11, Ədəb 121, Əhkam 21; Müslim, Salam 23, 24.
[6] Sirr, xəfa qəlbin mənəvi mərtəbələridir.
[7] Nəsəi, Cənaiz, 3
[8] Buxari, Mərda, 19
[9] Buxari, Tövhid 15, 50; Müslim, Tövbə 1, Zikr 1, 20-22.
Meneviyyat.az


