İranda ilk 6 ayda 354 nəfər edam edilib 

 

İranda 2023-cü ilin ilk altı ayında 354 nəfər edam edilib.

Milletinsesi.az xəbər verir ki, bu barədə Norveçdə fəaliyyət göstərən İran İnsan Haqları Qrupu məlumat yayıb.

Məlumatda qeyd olunub ki, İranın hakim dairələri ötən ilin sentyabrında başlayan etiraz hərəkatından sonra cəmiyyətdə qorxu yaratmaq məqsədilə ölüm hökmünün tətbiqini daha da artırıblar. Belə ki, cari ilin 6 ayı ərzində 354 nəfər edam edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 36 faiz çoxdur.

Hüquq müdafiəçiləri bildiriblər ki, İranda qeyri-fars etnik qruplar edamlara daha çox məruz qalır. Onlar iddia edirlər ki, edam edilən şəxslərin 20 faizi sünni bəluclardır. Məlumatda qeyd olunub ki, narkotiklərlə bağlı ittihamlar üzrə 206 nəfər asılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 126 faiz çoxdur. Edam edilənlər arasında 6 qadın var.

İran İnsan Haqları Qrupunun direktoru Mahmud Əmiri jurnalistlərə müsahibəsində deyib ki, İranda ölüm cəzası cəmiyyətdə qorxu yaratmaq və daha geniş etirazların qarşısını almaq məqsədilə istifadə olunur. Onun sözlərinə görə, bu ölkədə 2022-ci ildə 582 edam icra edilib ki, bu da 2015-ci ildən bəri olan ən yüksək göstəricidir.

İran hakimiyyəti 6 ay ərzində etirazlarla bağlı 7 nəfəri edam edib. Hüquq müdafiəçiləri bu ilin sonunadək edamların sayının artacağı ilə bağlı xəbərdarlıq ediblər.

Mənbə

Share: