Kəlbəcər dağlarının azadlıq dadı: bal kimi…

 

Oktyabrın 1-də Bakıda bal yarmarkası açılıb. Yarmarka Nərimanov rayonunda, Fətəli xan Xoyski küçəsi 5 ünvanında – “Gənclik” metrostansiyasının yaxınlığında təşkil olunub.

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə açılan bal yarmarkasına 120 ton məhsul satışa çıxarılıb. Yarmarka oktyabrın 20-dək fəaliyyət göstərəcək.

Builki yarmarkaya maraq necədir? Satıcılar müştəri, alıcılar da keyfiyyətli məhsul tapa bilirlərmi?

Modern.az-ın əməkdaşı bu suallara cavab almaq üçün yarmarkaya üz tutub…

“Təmiz Kəlbəcər balı var”, “Laçın balı istəyən buyursun”…

Yarmarkaya daxil olan kimi satıcılar bizi bu sözlərlə qarşıladılar. İllərlə həsrətində olduğumuz Qarabağdan gətirilmiş məhsullar haqqında ağız dolusu danışan balçılar xüsusilə diqqət çəkirdi.

Kəlbəcərin, Laçının təbiətini elə vəsf edirdilər ki, ayaq saxlamamaq mümkün deyildi.

“Gəlin, Qarabağdan gətirdiyimiz balın dadına baxın” , – deyən kəlbəcərli məşhur arıçı Sabir Mustafayevin həyat yoldaşı Gültəkin Mustafayevaya yaxınlaşıb həmsöhbət olduq.

Müsahibimiz bu il məhsulun bol olduğunu, istədikləri nəticəni əldə etdiklərini deyir:

“Təxminən ötən ilki qədər bal çəkdik. Kəlbəcərdə həm də arı ailəsinin sayında artım oldu. 300 arıxanadan 5-6 tona qədər bal çəkdik. Burada limit var ki, 400 kiloqramdan artıq bal gətirmək olmaz, hələ ki 100 kiloya yaxın bal satmışıq. Alıcılar çox olsa, satış da yaxşı olar. Hazırda ən baha bal Kəlbəcər balıdır. Bir kiloqramının qiyməti 35-40 manat arasında dəyişir. Şanlı balın kiloqramı 45-50 manatadır. Kəlbəcərdə çiçək növü çox olduğu üçün bu balın keyfiyyəti daha üstündür”.

Əslən Laçından olan arıçı Osman Nəsibov isə satdığı məhsulun keyfiyyətinə zəmanət verdiyini bildirir:

“İlk dəfə idi ki, arıxanamı Qarabağa köçürmüşdüm. 800 kiloqram məhsul əldə etdim, çəkdiyim əziyyətin qarşılığını gördüm. O torpaqlara getməyə, vətənin məhsulunu əldə etməyə dəyər. Əsas məsələ məhsulu satmaqdır, amma kasıbçılığı nəzərə alıb satıcını da qınaya bilmirsən. Şanlı balın kiloqramını 50 manatdan, süzmə balı isə 30-40 manata təklif edirəm. 16 ildir ki, arıçılıqla məşğulam, ancaq ilk dəfədir məhsulumu yarmarkaya çıxarıram, o da Laçın balı olduğu üçün. Qarabağ balının həm qoxusu, həm də dadı fərqlidir. Arılar daha çox kəklikotunun tozunu gətirirdi”.

Arıçılığın hobbi olduğunu deyən Şahin dayı bu il arılarını Kəlbəcərin Abdullauşağı kəndinə aparıb. Doğma yurduna qovuşan balçı Kəlbəcər balının cana dərman olduğunu söyləyib:

“Hər arı ailəsindən 18-19 kiloqram bal gözləyirdim, amma 22-25 kiloqram bal çəkdim. Hazırda 140 arı ailəm var, köçdən sonra arı ailəsinin sayında artım oldu. Avqustun sonunda arıxananı köçürdüm Şamaxıya. Məhsulum əvvəlki illərə nisbətən artdı. Növbəti illərdə Laçına aparacağam. Hələ alıcılıq qabiliyyətindən razı deyiləm. Ölkədə pensiyalar və təqaüdlər ödənildikdən sonra alıcılıq qabiliyyətinin artacağını gözləyirəm. Daimi müştərilərimiz olmasa, tək yarmarka ilə məhsulu satıb dolanmaq olmaz. Kəlbəcər balının kiloqramını 30-35 manata satıram. İllərin arıçısı olaraq deyə bilərəm ki, Kəlbəcər balı daha üstündür”.

Arıçılarla söhbətimizi yekunlaşdırıb, balların dadına baxıb seçim etməyə çalışan alıcılara yaxınlaşdıq…

Özü də əslən Kəlbəcərdən olan alıcı Maya Şükürova doğma rayonundan gətirilən balın bənzərsiz olduğunu qeyd edib:

“İllər sonra azad olunmuş torpaqlardan gətirilən balın dadından tutmuş qoxusuna kimi böyük fərq var. Çox xoşbəxtik ki, vətənimizin məhsulunu alırıq. Bu bal o qədər dəyərlidir ki, qiyməti daha baha olmalıdır. Bizim gözəl millətimiz bir-birini başa düşür və uyğun qiymətə satırlar”.

Digər alıcı Kərim Məmmədovun sözlərinə görə, yarmarkada satılan məhsulların qiyməti münasibdir:

“Qiymətlər də keyfiyyətə uyğundur. Hələ ki müxtəlif bölgələrdən gətirilmiş balların dadına baxırıq. Ən bəyəndiyim Qarabağ balıdır. Mən özüm daha çox cökə balı sevirəm. Onun qiyməti 30 manatdan başlayır, çox uyğun qiymətdir. 5-6 kiloqram bal almağı planlaşdırmışam”.

Onu da qeyd edək ki, yarmarkada ölkənin bütün bölgələrindən arıçılar iştirak edir. Satışa çıxarılan arıçılıq məhsulları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında yoxlanılıb. Bu il yarmarkada ilk dəfə olaraq Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonasından fermerlər öz məhsullarını satışa çıxarıblar.

Mənbə

Share: