Kollecdəki yanğının səbəbi açıqlandı – YENİLƏNİB

Gəncə şəhəri, Şahsevənlər küçəsində yerləşən Gəncə Dövlət Universitetinin Regional Kollecində baş verən yanğınla bağlı araşdırma aparılır.

 

Bu barədə Modern.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

 

İlkin araşdırma zamanı hadisənin qısaqapanma nəticəsində baş verməsi, yaranmış tüstüdən 14 nəfərin zəhərlənməsi müəyyən edilib.

 

Hazırda həmin şəxslərin vəziyyəti stabil və qənaətbəxşdir.

 

***

15:40

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

 

Bu gün Gəncə şəhərində yerləşən Gəncə Dövlət Regional Kollecində yanğın olub. Hadisə nəticəsində 10-dan çox tələbə tüstüdən zəhərlənib.

 

Kollecin tədris işləri üzrə direktor müavini Elşad Abbasov Modern.az-a açıqlamasında hadisənin imtahan vaxtı baş verdiyini bildirib. 

 

 “Hadisə semestr imtahanı vaxtı baş verib. Yanğın birinci mərtəbənin dəhlizində qısa qapanma nəticəsində olub. Hadisə zamanı 10-dan çox tələbə zəhərlənib. Onlar özlərini pis hiss edirdilər. Təcili tibbi yardım çağırdıq, hazırda tələbələrin vəziyyəti stabildir”.

 

E.Abbasovun sözlərinə görə, yanğının qarşısı alınıb və imtahan sessiyası davam etdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

 

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, yanğın zamanı 11 nəfər tüstüdən zəhərlənib. Onlardan 10 nəfəri tüstüdən zəhərlənmə diaqnozu ilə Abbas Səhhət adına xəstəxanaya, 1 nəfər isə Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya yerləşdirilib. 

 

Zəhərlənənlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabildir.

 

Mənbə

Share: