Lerikin bir neçə kəndi deputatın obyektinin üfunətinə bürünüb

Lerikin bir neçə kəndi Pirandakı quşçuluq təsərrüfatının üfunətinə bürünüb

“Boğuluruq, gecələri yata bilmirik. Üfunət, qoxu həyatımıza qənim kəsilib. Fermalar axırımıza çıxır. Ekologiya bərbad vəziyyətə düşüb, çirkab, zibil çaya axıdılır. Çay da iylənib. Belə davam etsə, yaxın kəndlərdə sağlam insan qalmayacaq. Bu kəndlərdə insanlar sürətlə müxtəlif xəstəliklər tapır. Yaşamaq mümkünsüzdür artıq buralarda…”

Lənkəranın Şovu və Təngivan kəndlərinin sakinləri Meydan TV-yə çayın o üzündəki iri quşçuluq təsərrüfatının ekologiyaya və insanlara vurduğu zərərdən danışırlar. Çayın o üzü Lerikin Piran kəndidir. Həmin kənddəki quşçuluq fermaları həm piranlıları, həm qonşu kəndlərdəki sakinləri, həm də çayın o tərəfindəki kəndlərin sakinlərini narahat edir. Təngivan sakinləri iddia edirlər ki, fermalar deputat İqbal Məmmədovundur, ailəsi idarə edir.

Əvvəl dedilər, şirə sexi tikirik, açılanda gördük fermadır

Təngivan sakini Rasim Əliyev deyir, fermaların tullantılarının çaya axıdılması, leş qoxusu, ekoloji çirkablıq sakinlərin sağlamlığına zərər vurur:

“Əvvəlcə kəndin ortasında, dağların təmiz bulaqlarından toplanıb şır-şır axan çayın yanında yekə bir toyuq ferması tikdi. Əhalinin etirazı, narazılığı nəzərə alınmadı. Çoxu da qul əməyinə cəlb olundu, günəmuzd işlədi o fermaların tikintisində, əli pula nadir hallarda dəyən kəndlilər günəmuzd qazanclarına görə başlarını aşağı salıb işlədilər, etiraz etmədilər. İndi o fermaların cəzasını bir neçə kənd çəkir. Toyuq-cücəni kəsib qanını çaya axıdırlar. Fermanın qoxusu evlərimizin içindədir, boğuluruq, gecələri yata bilmirik. Əsasən də yay aylarında vəziyyətimizdən danışılası deyil”.

Yüzlərlə toyuq cəsədi, içalatlar kəndin ortasında yandırılır

Sakin deyir, ölmüş toyqların cəsədləri, kəsilmiş toyuqların içalatları gecələr Piran kəndindəki üstüaçıq “bunker”ə yığılaraq yandırılır. Tüstü və qoxu kəndə və qonşu kəndlərə yayılır. Bu da insanların yuxusuna haram qatır:

“Səhhətimizə təsir göstərir, ciyərlərimizi sıradan çıxarır. Böyüklü-kiçikli, hamı həkim qapılarında qalıb. Prezidentə, müvafiq nazirliklərə müraciət etmişik. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəlirlər, guya tədbir görürlər, bir müddət fasilə verilir, sonra yenə də ferma öz işindədir”.

Şovu sakini İradə Məmmədova:

“Adamları aldatdılar ki, burda şirə sexləri tikilir, fəaliyyətə başlayanda gördük ki, quşçuluq fermalarıdır. Torpaqlarımızda ferma tikib, bu, azmış kimi, nəfəsimizi də kəsir”.

Sakinlər deyir, fermalardakı toyuq kəsimi nəticəsində qanlı su onların təsərrüfatlarına və Bəşəru çayına axıdılır. Bütün bunlar baş verməmişdən əvvəl kəndlilər bu çayın suyundan həm təsərrüfatda, həm də məişətdə istifadə edirlərmiş. İndi isə “qan çanağına” dönən çayın suyu ekoloji cəhətdən heç bir işə yaramır.

“Kənddəki artezian quyularının suyundan da istifadə etmək mümkün deyil. Çünki quşçuluq fabrikinin ətrafa axıdılan çirkli sularının sızıntısı quyuların da çirklənməsinə səbəb olur”.

Rəsmi qurum: “Ora güclü nəzarət var”
Sakinlərin sözlərinə görə, ərazidə 20-dən çox ferma var, hər birinin uzunluğu 100 metrdir, hər birində minlərlə toyuq-cücə saxlanılır.

Lerik Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, “Lerik Broyler” quşçuluq təsərrüfatı deputata yox, bir iş adamına məxsusdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti, Səhiyyə Nazirliyinin Sanitariya Epidemioloji Xidməti və daha bir neçə müvafiq qurum fermalara nəzarət edir. Fermaların fəaliyyəti insaların sağlamlığı və ətraf mühit üçün heç bir problem yaratmır:

“Fermada ətraf kəndlərdə yaşayanlar işləyir, maaş alır. O fermalar işsiz kəndlilər üçün iş yerləridir. Ancaq yenə də müvafiq qurumlara bildirərik, fermaların ətraf mühitə zərər vurması ilə bağlı şikayətlər araşdırılar”.

1 il əvvəl Lerikin Piran kəndində ərazisindəki “Lerik Broyler” MMC-də insan ölümü ilə nəticələnən partlayış baş vermişdi. Həmin vaxt deputat İqbal Məmmədov da hadisə yerinə getmişdi. Baş vermiş partlayışla bağlı sualları isə onun köməkçisi Rəsul Nəbiyev cavablandırmışdı. O da müəssisənin deputata məxsus olmadığını demişdi.

Bir müddət əvvəl elə Piran kəndinin öz sakinləri də fermaların fəaliyyətindən narazılıq etmişdilər. İndi isə bildirirlər ki, bu, azmış kimi, hazırda kənddəki məktəbin yanında iri daş karxanası tikilir.

“Bir sözlə, bir azdan fermanın çirkabıyla toz birləşib kəndlilərə toy tutacaq”, – deyə sakinlər gileylənir.

Share: