
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Milletinsesi.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “JEEP” və iki “Toyota” markalı minik avtomobillərinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib və “Toyota” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1977-ci il təvəllüdlü Elçin Quşarov təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.