Marketdə vitrində göstərilən qiymətlə kassadakı qiymət fərqlənərsə, nə etməliyik?

Son dövrlər marketə məhsul almağa daxil olan alıcı vitrində gördüyü qiymətlə kassada qarşılaşdığı məbləğ arasında fərqin şahidi olur.

 

Bu cür hallarla qarşılaşdığı zaman alıcı nə etməlidir?

 

Məsələ ilə bağlı Trend-ə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, belə hallar illərdir davam edir.

 

“Bazar iqtisadiyyatında qiyməti dövlət tərəfindən tənzimlənməyən malı sahibkarlar istədiyi qiymətə satır. Bəzi biznesmenlər də bundan sui-istifadə edir. Kartla ödəniş zamanı da vətəndaşların aldadıldığı hallara rast gəlinir. Belə ki, alınan məhsulun yerinə fərqli bir malın qiyməti vurulur. Bu hal o qədər geniş vüsət alıb ki, bizim quruma gün ərzində onlarla belə müraciət daxil olur. Hesablamamıza görə, bu cür yolla aldadılan vətəndaşlardan bir ildə 500 milyon manat məbləğində pul mənimsənilir”, – o deyib.

 

Ekspert qeyd edib ki, vətəndaş belə halla qarşılaşdığı zaman mağaza sahibinə şikayət edərək qiymətin yerindəcə dəyişdirilməsinə nail olmalıdır.

 

“Əgər alıcının iradına əməl olunmazsa, o, 195-1 nömrəli İqtisadiyyat Nazirliyinin qaynar xəttinə müraciət edə bilər”, – deyə E.Hüseynov bildirib.

 

Mənbə

Share: