Moskva ermənilərin Gorus-Xankəndi yoluyla silah daşımasına necə şərait yaratdı?..

“Əslində Əlisaab Orucov və biz də yaxşı bilirdik ki, bütün işlərin başında duran məhz Polyaniçkonun özüdür…”

 

“İlk dəfə 1989-cu ilin iyulun 31-də Qarabağa silah-sursat daşınan maşın karvanlarının qarşısını kəsməyə cəhd edən Laçın camaatını sovet-rus ordusunun hərbçiləri və ermənilər atəşə tutaraq bir neçə dinc sakini yaralamışdılar…”

 

Qarabağdakı son 44 günlük müzəffər savaşımızdan sonra Azərbaycanı, Türk-İslam dünyasını sevən hər kəs səbirsizliklə işğaldan azad Şuşa, Laçın,Kəlbəcər, Qubadlı və s. ərazilərimizin əzəli əsl sakinləri ilə yenidən tam  məskunlaşmasını, o yurdlarda həyatın bütün rəngləri ilə qaynayıb-daşacağı,  eyni zamanda bununla paralel dövlətimizin, ordumuzun sorağının Xocalıdan, Xankəndindən, Əsgərandan, Ağdərədən, Xocavənddən  və s. yaşayış məntəqələrindən gələcəyi və o yurdlarımızın da məskunlaşmamız üçün hazırlanacağı əsl xoşbəxt günləri gözləyir.  Bəli, şükürlər olsun ki, dövlət başçısı bu günlərdə Laçında da  bayrağımızı ucaltdı və o şəhərimizdə də yayayış evləri ilə yanaşı, müxtəlif təhsil, səhiyyə və s. obyektlərinin də bərpası və tikintisi üçün göstərişlər verdi.  Artıq tədricən nazirlər, digər məmurlar, eləcə də deputatların dövlət quruculuğu, tikinti-bərpa, abadlıq işləri ilə bağlı Qarabağın, Şərqi Zəngəzurun bu və digər şəhər və kəndlərinə səfərləri intensivləşməyə  başlayacaq. Və təbii ki, bu səfərlərdə əsas məqsəd məcburi köçkün soydaşlarımızın işğaldan azad yurdlarında məskunlaşmasının sürətləndirilməsi olacaq…  

 

1988-1991-ci illərdə də hökumətimizin birbaşa Moskvadan idarə olunmasına rəğmən az sayda olsa da, nazirlər, məmurlar və deputatlar Qarabağ və ətraf bölgələrə səfərlər edirdi. Lakin o zaman əks bir proses gedirdi. Yəni torpaqlarımız işğal təhlükəsi altında idi və milli qeyrəti, vicdanı olan hər bir azərbaycanlı hökumət adamının o torpaqlara gedişdə əsas məqsədi insanların işsizlik, yoxsulluq və s. problemlər ucbatından öz yurd-yuvalarını tərk etməsinin qarşısını almaq idi…

 

Eyni zamanda o illərlə indiki dövr arasında bir oxşar cəhət var: o vaxt olduğu kimi, bu gün də hələ Ermənistanla sərhəd və keçmiş Dağlıq Qarabağın bir hissəsi ilə təmas xətti boyu təhlükələrdən, həmçinin  Rusiyanın faktiki olaraq torpaqlarımızda bildikləri kimi davranan “sülhməramlı” sayılan hərbi kontingentinin gözlənilməz oyun və təxribatlarından qurtulmamışıq… O günlər də Gorus-Laçın-Şuşa-Xankəndi yoluyla ermənilərin Qarabağa canlı qüvvə, silah-sursat daşıması ilə mübarizə aparırdıq, bu gün də Laçın şəhərindən keçən yola yeni alternativ yolun çəkilməsinə rəğmən yenə də həmin yola nəzarət edən Rusiya hərbçilərinin yaradacaqları şərait sayəsində eyni risklə üz-üzəyik…   

SSRİ tərkibindəki Azərbaycan hökumətinin son və Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra ilk Ədliyyə naziri olmuş, bununla yanaşı, bir müddət Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi vəzifəsini daşımış Əlisaab Orucovun 2011-ci ildə çap olunmuş “Mübarizəmiz Qarabağdadır” adlı kitabındakı “Silahlar Gorus-Xankəndi yolu ilə daşınırdı…” adlı bölmədə şahidlərin dili ilə təsvir edilən olaylar da dediklərimizi təsdiqləyir. Bunları nəzərə alaraq həmin parçanı dəyərli Moderator.az oxucularının diqqətinə çatdırırıq:

 

“Silahlar Gorus-Xankəndi yolu ilə daşınırdı… 

 

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində(DQMV) və onun ətraf rayonlarına yaxşı bələd olan, Laçın rayonunda yaşayan, müharibənin ilk günlərindən yağı düşmənə qarşı bir sıravi əsgər kimi cəsarətlə vuruşan, xidmətinin 10 ilini hərbi kəşfiyyatda olmuş Tofiq Musayev (2020-ci il dekabrın 17-də Laçın rayonunun azad edilməsindən az sonra Sumqayıtda məcburi köçkün kimi dünyasını dəyişib- S.L.) iştirak etdiyi bir çox əməliyyatlardan və hadisələrdən danışır:

“Respublikamızın müharibə gedən bölgələrini qarış-qarış gəzən Əlisaab Orucov 1989-cu ulin aprelində Laçın rayonunun Cijimli kəndinə gəldi.  Ağsaqqallar və ziyalılar ona müraciət edib işsizlikdən, camaatın kəndi tərk etmələrindən şikayətləndilər. Xeyli söhbətdən sonra belə qərara alındı ki, kənddə iş yerləri yaradıb bu yolla axının qarşısını almaq olar. Əlisaab müəllim dedi ki, Dağlıq Qarabağın bir çox kəndlərində ermənilər tərəfindən işdən qovulmiuş camaatımızın  peşəsinə uyğun olaraq iş yerləri yaratmaqla onların doğma yurdlarını tərk etmələrini dayandırmışıq.  Məsləhət oldu ki, Cijimli kənd klubunun binasında Bakıdakı müəssisələrdən birinin filialı yaradılsın. Kəndin ağsaqqalları bu işlə məşğul olmağı mənə həvalə etdilər… 

 

Əlisaab müəllim tapşırdı ki, üç gündən sonra Bakıda olum. Bakıya gedib onunla görüşdüm. Ə.Orucov zəng edib Azərbaycan SSR-in Yüngül Sənaye naziri Əhməd Mustafayevlə danışdı. Belə qərara gəldilər ki, Cijimli kəndində Bakının o vaxt “Razin” adlanan indiki Bakıxanov qəsəbəsindəki uşaq geyimləri fabrikinin filialı yaradılsın. Bundan sonra Nazirlik Yaponiyada istehsal olunmuş 43 ədəd avadanlığı maşınlara yükləyib Cijimliyə göndərdi. Bakıdan göndərilmiş mütəxəssislər həmin avadanlıqları qurdular. Kəndə yalnız təzə avadanlıqlar göndərilmişdi ki, uzun müddət işlənildikdə təmirə ehtiyac olmasın. Çünki kənddə onları təmir edə biləcək mütəxəssislər yox idi. Sexdə bir növbədə işləyən 47 qadın yaxşı əmək haqqı alırdı. Hökumətin gördüyü bu işin camaata çox xeyri dəydi…

 

Əlisaab Orucov daim müharibə gedən bölgələrdə olurdu. Ehtiyacımız olan ərzaq, hərbi texnika, silah-sursatla bizi təmin edirdi…

 

1989-cu ilin may ayı idi. Əlisaab müəllim bizimlə növbəti görüşündə bildirdi ki, ruslarla ermənilər Ermənistandan Dağlıq Qarabağ ərazisinə ərzaq və tikinti materialları adı altında külli miqdarda hərbi texnika və silah-sursat daşıyırlar. Çoxlu sayda erməni döyüşçü Ermənistandan Qarabağ ərazisinə keçir. Bunun qarşısının alınması zəruridir…

Düşmənlər silahları əsasən Gorus-Xankəndi yolu ilə avtomaşınlarla daşıyırdılar. Və həmin maşın karvanlarını müasir silahlarla silahlanmış rus-erməni hərbçiləri müşayiət edirdi.  İlk dəfə 1989-cu ilin iyulun 31-də Qarabağa silah-sursat daşınan maşın karvanlarının qarşısını kəsməyə cəhd edən Laçın camaatını sovet-rus ordusunun hərbçiləri və ermənilər atəşə tutaraq bir neçə dinc sakini yaralamışdılar… Həmin hadisədən sonra biz də lazımi qaydada silahlanan böyük dəstələrlə karvanların qarşısına çıxmağa başladıq və bu işdə müəyyən uğurlar əldə edə bildik…

 

1990-cı ilin yanvar ayının son günləri idi. Bakıya Əlisaab Orucovun iş yerinə getdim. Həmin vaxt o, kabinetində müşavirə keçirirdi. Xahiş etdim, Əlissab müəllimə bildirin ki, müharibə bölgəsindən Tofiq gəlib. O, iclası təxirə salıb məni kabinetinə dəvət etdi. Təklikdə məni dinləyib bölgədəki vəziyyətlə maraqlandı, gəlişimin məqsədini soruşdu. Cavab verdim ki, silah-sursata ehtiyacımız var. Əlisaab müəllim bir az fikirləşəndən sonra dedi ki, sənə Bakıdan silah-sursat aparmaq çətin olar. Çünki Bakı şəhərində fövqəladə vəziyyətdir. Rus hərbçiləri elə Bakıda səni silah qarışıq həbs edə bilərlər. Sabah cəbhə bölgəsində silah-sursatı sənə çatdırarlar… Həmin gün cəbhəyə qayıtdım. Məni əliboş görən döyüşçülərin qanı qaraldı. Tez onlara Əlisaab müəllimin vədini çatdırdım… 

 

Ertəsi gün Ə.Orucovun tapşırığı ilə cəbhə bölgəsinə Kürdəmir rayon milis şöbəsinin rəisi Elxan Hacıyevin sürücüsü Bəhram gəldi. O, idarə etdiyi qara rəngli “Qaz-24” markalı avtomaşında gətirdiyi silah-sursatı döyüşçülərə çatdırdı… 

Təəssüf ki, 1990-cı ilin mayından başlayaraq ermənilərin maşın karvanlarının qarşısını almaq qeyri-mümkün oldu. Çünki bu karvanları müşayiət edən və sayca çox olan silahlı quldurların qarşısına çıxıb onları bu işdən çəkindirmək mümkün deyildi.  Hadisələrin belə bir vəziyyət almasını görən Əlisaab müəllim bizə məsləhət bildi ki, Polyaniçkonun qəbuluna düşüb ondan ermənilərin Qarabağa silah daşımasının qarşısının alınmasını tələb edək… Xankəndinə gedib çox çalışdıq ki, Polyaniçkonun qəbuluna düşək, mümkün olmadı.  Arkadi Volskinin vaxtında olduğu kimi, indi də heç cür onun qəbuluna düşə bilmədik. Xankəndinin mərkəzində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti partiya komitəsinin binasında əyləşən Polyaniçkonu iki cərgədən ibarət mühafizə dəstəsi qoruyurdu. Birinci sərgədə dayanan erməni yaraqlılarından ibarət dəstə maşınlarda növbə çəkirdilər. İkinci cərgədə isə rus silahlı hərbçiləri dayanırdılar. Biz azərbaycanlılar heç birinci cərgədən keçə bilmədik ki, Polyaniçkonun qəbuluna düşə bilək. Onun qəbuluna düşmək mümkün deyildi… 

Əslində Əlisaab Orucov və biz də yaxşı bilirdik ki, bütün işlərin başında duran məhz Polyaniçkonun özüdür. Şikayət etməkdə məqsədimiz onu fakt qarşısında qoymaq idi ki, bəlkə bu işdə nəsə bir dəyişiklik yarada bilək. Mühafizəsini də o qaydada Polyaniçko özü belə təşkil etmişdi ki, azərbaycanlılarla üzbəüz gəlməsin və köməksiz qalan azərbaycanlılar məcbur olub nəinki vilayəti, hətta ətraf rayonları da tərk etsinlər…

 

(Davamı var) 

 

Təqdim etdi: Sultan Laçın

 

 

 

Mənbə

Share: