“Neftçi” “Beşiktaş”a qarşı daha yaxşı oynayacaq”

 

“Fikrimcə, “Neftçi” İstanbul nəhəngi ilə daha yaxşı oynayacaq”.

Bunu Milletinsesi.az-a açıqlamasında Azərbaycanın veteran hücumçusu, Futbolun İnkişafı Fondunun Himayəçilər Şurasının üzvü Yunis Hüseynov “Neftçi”nin UEFA Konfrans Libasının II təsnifat mərhələsində Bosniya və Herseqovina “Jelezniçar”ını mübarizədən kənarlaşdırıb növbəti raundda Türkiyə “Beşiktaş”ına rəqib olması barədə danışarkən deyib.

58 yaşlı mütəxəssis bildirib ki, dolu tribunalar qarşısında oynamaq “ağ-qaralar” üçün əlavə motivasiya olacaq:

“Neftçi” “Jelezniçar”a mütləq qalib gəlməliydi. Çünki rəqibindən güclü idi. Etimadı doğrultdu və qələbə qazandı. Mənə elə gəlir ki, “Beşiktaş”la oyun çətin olacaq. Buna baxmayaraq, istənilən komandaya qarşı mübarizə aparmaq mümkündür. Rəqibin azarkeşləri çoxdur. Fanatlarının qarşısında oynamaq hər bir futbolçu üçün əlavə motivasiyadır. Stadion tam dolacaq. Bu mənada “Neftçi”nin özünü yaxşı tərəfdən göstərəcəyini düşünürəm. Komandamız sürpriz edə bilər. “Beşiktaş”ın oyununa baxdım. Bu komandaya qarşı oynamaq olar”.

“Sabah”ın hər iki matçda Latviyanın RFŞ komandasına qalib gələrək növbəti mərhələyə adlamasına münasibət bildirən keçmiş yarımmüdafiəçi rəqibin pis komanda olmadığını söyləyib: “Hər iki matçda yaxşı qol fürsətləri oldu. Onlar epizodları boşa verdilər, “Sabah” isə qol vəziyyətlərindən mükəmməl yararlandı. Bakı klubu səfər qələbəsi və cavab oyunundakı qırmızı vərəqənin hesabına mərhələni keçdi. RFŞ cavab görüşündə 11 nəfərlə oynasaydı, “Sabah”ın işi çox çətin olacaqdı. Bakıya həddindən artıq hazırlıqlı gəlmişdilər. Sadəcə, komandamız rəqibin azlıqda qalmasından və son dəqiqələrdə hücuma atılmasından məharətlə istifadə etdi”.

O, Bakı klubunun III təsnifat mərhələsindəki rəqibi olan Serbiya “Partizan”ının hazırkı durumu barədə geniş bilgiyə malik olmadığını vurğulayıb: “Çünki rəqibin oyununu izləməmişəm. Yəqin ki, RFŞ-dən güclüdür. “Sabah” son qarşılaşmadakı kimi oynasa, işi çətin olacaq. “Partizan”ın hansı formada olmasından da çox şey asılıdır. Eşitdiyimə görə, maliyyə problemləri var. Qoy, elə problem davam etsin. “Sabah” da bundan yararlanıb mərhələni adlasın”.

Hüseynov “Qəbələ”nin Kiprdə “Omoniya”ya uduzaraq Konfrans Liqası ilə erkən vidalaşmasının sürpriz olmadığını əlavə edib: “Çətin olacağını demişdim. Elmar Baxşıyev özü də mətbuat konfransında rəqibin güclü olduğunu və layiqli qələbə qazandığını söyləyib. Qarşıda çempionat var. Yəqin ki, yenidən Konfrans Libasına vəsiqə qazanmağa çalışacaqlar”.

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa “Rakuv”unu keçə bilməməsinə də toxunan mütəxəssis bunları deyib: “Təmsilçimiz hər iki matçda yaxşı oynadı. Əfsuslar olsun ki, əlinə düşən imkanlardan maksimum istifadə edə bilmədi. Bakıdakı oyunda rəqib komanda qapıya doğru cəmi bir zərbə vurdu, o da qol oldu. Halbuki, “Qarabağ” 90 dəqiqə ərzində hücum etdi. “Rakuv” isə demək olar, bütün komanda ilə müdafiə olundu. Çox istəyərdik ki, mərhələni keçsin. Amma alınmadı. İnanıram ki, Avropa Liqasında qrupa düşəcəklər. Bu da uğurlu nəticə sayılacaq. Hətta Ağdam təmsilçisi özünü yaxşı tərəfdən göstərib pley-offa da çıxacaq”.

Hüseynovun fikrincə, “Qarabağ”da hücumçu problemi yoxdur: “İki oyuna 3 qol vurdular, pis nəticə deyil. Sadəcə, fərdi səhvlər ön plana çıxdı. “Rakuv”un Bakıda vurduğu qol sırf təsadüf idi. “Qarabağ”ın isə fərqlənmək üçün bir neçə imkanı oldu. Hətta həmin epizodlarda müdafiə və yarımmüdafiı xəttində oynayan futbolçular iştirak etdilər. Son dəqiqələrdə Kevin Medinanın belə, qol vurmaq üçün imkanı oldu. Şahruddindən başqa, 10 oyunçunun hamısı rəqibin cərimə meydançasının həndəvərində idi. Bu isə o deməkdir ki, “Rakuv” Bakıya sırf müdafiədə oturmaq üçün gəlmişdi.

O bildirib ki, komandanın mübarizəni dayandırmasını tək Şahruddin Məhəmmədəliyevin ayağına yazmaq olmaz: “Bu qapıçı bir neçə vacib oyunda komandasını qol və ya qollardan xilas edib. Bütün günahı onun üstünə atmaq düzgün deyil. Oyunu bütün komanda uduzur. Səhv hardan başlayır? Kimsə topu itirir, nəticədə qapından qol buraxırsan. Amma bunu deyən yoxdur. O ki qaldı üstünə gələn topu tuta bilməməsinə, bu, hər qapıçının başına gələ bilər. Şahruddinin üstünə çox getmək lazım deyil, hamıda səhv olur”.

Mənbə

Share: