Ölkədəki su problemi Milli Məclisdə müzakirə olunacaq

Milli Məclisdə ölkədə su ehtiyatlarının azalması və problemdən çıxış yolu üçün təkliflər müzakirə ediləcək.

Milletinsesi.az xəbər verir ki, bununla bağlı parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində dinləmələr keçiriləcək.

Dinləmələrdə deputatlar və rəsmi qurumların nümayəndələri ilə yanaşı, aidiyyəti üzrə ekspertlərin də iştirak edəcəyi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanda içməli su ehtiyatlarının azalması müşahidə olunur. Bununla yanaşı, suvarma suyu ilə də bağlı problemlər mövcuddur.

Milli Məclisin son bir neçə iclasında deputatlar su qıtlığı barədə həyəcan təbili çalıblar. Artıq bir neçə gündür ki, Bakıda içməli suyun verilməsində uzunmüddətli fasilələr yaranıb.

Bakının Xətai, Suraxanı, Xəzər, Binəqədi və Nərimanov rayonlarının ərazilərində içməli suyun verilməsində problemlər mövcuddur. “Azərsu” ASC isə qeyd edib ki, problem Kür çayında suyun səviyyəsinin azalması ilə əlaqədardır. Kür Sutəmizləyici Qurğularında üzən nasos stansiyalarının ətrafında lil əmələ gəldiyi bildirilir.

Azərbaycanın bir neçə bölgəsində də analoji problem yaşanır./oxu.az/

Share: