Paşinyan kapitulyasiyanı harada imzalamışdı?

 

2020-ci ilin 10 noyabr günü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. İki il öncə bu gün Azərbaycanın qələbəsi rəsmən elan edildi. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanata hərbi əməliyyatlar dayandırıldı və bununla da Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atdı.

Bəyanat televiziya vasitəsilə canlı yayımlanıb, ancaq Ermənistanın baş naziri Nikol Paşinyan efirdə görünməyib. Maraqlıdır, həmin vaxtdan iki keçsə də, indiyədək Paşinyanın kapitulyasiyanı harada imzaladığı açıqlanmayıb.

Bununla bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, Paşinyanın kapitulyasiya aktını harada imzalaması hələ də məlum deyil. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi hələ də özünü alçaltmaqdan əl çəkmir:

“Politoloqlar, siyasətçilər 10 noyabr bəyanatından danışarkən zaman-zaman bu məsələni gündəmə gətirir. Lakin bu məsələ hələ də qaranlıq olaraq qalır. Erməni mətbuatı indiyə qədər bu haqda dəqiq məlumat əldə edə bilməyib. Ermənistanda bəyanat imzalanan gün Paşinyanı bu hərəkətinə görə təhqir edib, alçaltdılar. Onsuz da Paşinyan başıbəlalıdır. Ermənistanın siyasi elitası belə davranışları özlərinə adət edib. Paşinyan da onların yolunu davam etdirir. Kapitulyasiya aktını harada imzalaması bu günə kimi sirr olaraq qalır. Bir sözlə, qorxaqlıq onların canına hopub”.

M.İbrahimqızı vurğulayıb ki, Paşinyanın qorxusu əsassız olmayıb:

“Paşinyan qorxurdu, çünki qol çəkdiyi sənəd kapitulyasiya aktı idi. O, erməni diasporundan və Ermənistandakı revanşist qüvvələrdən çəkinirdi. İndi də kimin xətti ilə gedəcəyini bilmir. Bu qruplar arasında orta yol tutmağa çalışır. Hələ də müstəqil siyasət yürütmür. Hər halda Paşinyan baş nazir kimi öz təhlükəsizliyini təmin edə bilərdi və digər liderlərlə bir yerdə canlı yayımda sənədə imza ata bilərdi. Bəyanata gizli şəkildə qol çəkməklə, Paşinyan bir daha səviyyəsinin aşağı olduğunu göstərdi”.

Qeyd edək ki, Prezident İlham Əliyev dəfələrlə çıxışında Ermənistanın kapitulyasiyasından söz açıb.

“Hər dəfə öz-özümə deyirdim ki, ən xoşbəxt günlərimi yaşayıram. 10 noyabr – Ermənistanın kapitulyasiya aktı. Özü də nəinki Azərbaycan ictimaiyyəti, bütün dünya bilir ki, o, hansı formada imzalandı. Bu günə qədər mən bilmirəm, Paşinyan onu hansı tində imzalayıb. O da müharibənin, zəfərin kulminasiyası idi, o, əsl kapitulyasiya aktı idi. İndi hər kəs bunu belə qəbul edir”, – dövlət başçısı çıxışlarından birində söyləyib.

 

Share: