Putin bu halda nüvə silahını İŞƏ SALACAQ 

Britaniyanın “Financial Times” telekanalının əldə etdiyi və Rusiyaya aid gizli hərbi sənədlərdə Kremlin nüvə silahından nə vaxt istifadə edəcəyi ilə bağlı diqqətçəkən ssenarilər yer alıb.

 

Faylları araşdıran ekspertlər Rusiyanın nüvə silahından istifadə etmə riskinin hamının qorxduğundan qat-qat aşağı olduğunu bildiriblər.

 

Rusiyanın nüvə müharibəsi ilə bağlı strateji planlamasını göstərən 29 hərbi fayl 2008-2014-cü illərə aiddir, lakin ekspertlər iddia edirlər ki, onlar Rusiyanın hazırkı hərbi doktrinasına uyğundur.

 

Sızdırılan hərbi sənədlərə görə, Kreml nüvə silahının nə vaxt istifadə ediləcəyi ilə bağlı bir sıra ssenarilər hazırlayıb. Bu ssenarilərdən birincisi düşmənin Rusiya ərazisinə hücumudur. Digəri strateji əhəmiyyətli sualtı qayıqları hədəf alan hücumlardır. Sənədlərə əsasən, Rusiyaya məxsus ballistik raket sualtı qayıqların 20 faizi və nüvə enerjisi ilə işləyən sualtı qayıqların 30 faizi məhv edilərsə, Moskva nüvə silahından istifadə edə bilər. 

 

Sızdırılan sənədlər Rusiyanın bu yaxınlarda qurduqları sıx ittifaqa baxmayaraq, Çinlə bağlı dərin narahatlığını da ortaya qoyub. Dosyelər Rusiyanın mümkün Çin işğalına cavab olaraq ssenarilər hazırladığını ortaya çıxarsa da, Çin Xarici İşlər Nazirliyi Moskvadan şübhələnmək üçün heç bir əsaslarının olmadığını bildirən bir açıqlama verib.

 

“Financial Times”ın yazdığına görə, Rusiyanın nüvə silahı Avropa və Asiyanı əhatə edən döyüş meydanları üçün nəzərdə tutulub. Müasir nüvə başlıqları 1945-ci ildə Naqasaki və Xirosimaya atılan silahlardan daha çox enerji buraxa bilər.

 

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov sözügedən sənədlərlə bağlı açıqlamasında deyib: “Əhəmiyyətli olan nüvə silahından istifadə həddinin tamamilə şəffaf olmasıdır. Sözügedən sənədlərə gəlincə, onların həqiqiliyindən şübhə edirik”.

 

Bəzi mütəxəssislər vurğulayırlar ki, sözügedən sənədlər Rusiya ordusunun Ukraynanı işğal etməzdən əvvəl müntəzəm olaraq həyata keçirdiyi təlimlərdə görünən nümunələri əks etdirir.

 

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) apardığı araşdırmaya görə, böyük hərbi gücə malik ölkələrin modernləşdirmə və genişləndirmə planları çərçivəsində operativ nüvə silahlarının sayı yenidən artıb.

 

İsveçdə yerləşən beyin mərkəzinin hesablamalarına görə, hazırda dünya üzrə 9 nüvə silahına malik ölkənin 12512 nüvə başlığı var, onlardan 9576-sı potensial istifadəyə hazır vəziyyətdə hərbi anbarlardadır. Bir il əvvəllə müqayisədə bu ehtiyata əlavə edilən 86 döyüş başlığından 60-ı Çinə məxsusdur. Qalanları Rusiya (12), Pakistan (5), Şimali Koreya (5) və Hindistana (4) aiddir.

 

SIPRI direktoru Dan Smith nüvə silahları ilə bağlı verdiyi açıqlamada deyib: “Biz bəşər tarixinin ən təhlükəli dövrlərindən birinə sürüklənirik”. (Musavat.com)

Mənbə

Share: