Qənirə Paşayeva Arif Babayevi təbrik etdi

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva korifey sənətkar Arif Babayevi evində ziyarət edib, onu 85 illik yubileyi və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib.

Komitə sədri sənətkarın doğulub-böyüdüyü, Ermənistanın işğalından azad edilmiş Ağdam şəhərində həyatın, o cümlədən mədəni həyatın bərpası işinin yüksək sürət və keyfiyyətlə getməsini qürur hissi ilə vurğulayaraq, sənətkara növbəti yubileyini doğma yurdda keçirməyi arzu edib.

Q.Paşayeva sənətkara uzun ömür, möhkəm cansağlığı arzulayıb, ona Mədəniyyət Komitəsinin Təbrik məktubunu və xatirə hədiyyələri təqdim edib.

Məktubda sənətkarın həyat və fəaliyyətinin ən önəmli məqamlarına vurğu edilib:

“Hörmətli Arif müəllim,

Sizi 85 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, möhkəm can sağlığı diləyirəm!

Çox şadam ki, bu ilki yubileyinizi işğaldan azad olunmuş doğma Ağdamda böyük quruculuq, bərpa prosesinin sevinci, qüruru içində keçirirsiz.
Xalqımız Sizi görkəmli ictimai və sənət xadimi, pedaqoq, professor olaraq sevir, ehtiram göstərir.

Siz Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi böyük sənətkarların gələnəklərinə əsaslanaraq, özünəxas ifaçılıq üslubu yaratmısız. 1960-cı ildən başlayaraq Sizin yaradıcılıq yolunuz Bakı şəhəri ilə bağlı olub. Ali təhsilinizi paytaxtda almısız. Öncə, Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi dəvət olunmuş, bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü.Hacıbəyli – “Leyli-Məcnun”, “Əsli və Kərəm”), Aşıq Qərib (Z.Hacıbəyov – “Aşıq Qərib”), Camal (Ş.Axundova – “Gəlin qayası”) kimi yaddaqalan obrazlar yaratmısız. Sizin ifanızda bütün muğam dəstgahları səslənmiş və lentə alınaraq dövlər televiziya və radiosunun fonduna daxil olmuşdur.

Siz 1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlamısız. Daha sonra – 1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunmusuz.

1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adını da Siz almısız.

Sizin yaradıcılığınızda “Şur”, “Segah” muğam dəstgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları özəl yer tutur. Özəlliklə , “Segah” muğamını təkrarolunmaz bir üslubda oxumusuz. Siz həm də təsnif və xalq mahnılarının ustad ifaçısı kimi çox sevilirsiz. Heydər Əliyev Fondu Sizin həyat və yaradıcılıq yolunuzu əks etdirən şəkillərdən, səsyazılarından ibarət CD-albom nəşr edib.

Siz 10.01.1978-ci ildə Əməkdar artist, 21.03.1989-cu ildə Xalq artisti fəxri adını almış, “Şöhrət” (19.02.1998), “İstiqlal” (15.02.2008), “Şərəf” (20.02.2018) ordenləri ilə, Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu (21.02.2023) təltif olunmuşsuz.

Sizi 85 illik yubileyiniz, sənət uğurlarınız münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!

Xalq artisti Arif Babayev Milli Məclisin Komitə sədrini evində salamlamaqdan şad olduğunu deyib, təbrik ücün təşəkkür edib, tarixi Zəfər qazanmış dövlətimizə, dövlət başçımız – Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Ordumuza ən xoş diləklərini çatdırıb, şəhidlərin əziz ruhunu ehtiramla yad edib.

Mənbə

Share: