Qənirə Paşayeva gənc rəssam Nərgiz Quliyeva ilə görüşüb

 

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi” (“Youth ArtCamp Shusha and Baku”) adlı beynəlxalq layihəsinin iştirakçısı olmuş istedadlı gənc rəssam Nərgiz Quliyeva ilə görüşüb.

Milli Məclisdə baş tutan görüşdə N.Quliyeva sözügedən beynəlxalq layihə və digər sənət uğurları, yaradıcılıq planları haqqında danışıb.

Q.Paşayeva “Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi” (“Youth ArtCamp Shusha and Baku”) adlı beynəlxalq layihəsinin hhəyata keçirilməsini tarixi və mədəni irsimizin təbliğatı, necə deyərlər, fırça və kətan qardaşlığı ilə tərənnümü, təcallası baxımından çox önəmli iş kimi qiymətləndirib: “Belə layihələrinin fərqli ölkələrdən gələn iştirakçıları, konkret halda isə 16 rəssam ölkəmizin mədəniyyəti, incəsənəti, bir sözlə həqiqətləri ilə yaxından tanış olmaq fürəsti əldə edir. Sizin bu layihə barədə bir müsahibədə vurğuladığınız kimi, rəssamlar Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhərinin mərkəzi meydanında tanınmış şəxsiyyətlər Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş abidələrini görəndə istər-istəməz təsirlənib, nələr baş verdiyini aydın təsəvvür edib və beləliklə, bir daha erməni vandallığının şahidi olublar. Necə deyərlər, gəldilər, gördülər, çəkdilər! – Bu, zərif gücün təntənəsidir!

Sizi bütün uğurlarınız münasibəti ilə təbrik edir, yeni başarılar diləyirəm”!

N.Quliyeva paytaxt Bakının Dağüstü parkdan görünən füsunkar mənzərəsini işlədiyi yeni rəsm əsərini Komitə sədrinə təqdim edib.

N.Quliyeva səmimi görüş və faydalı fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.

Mənbə

Share: