Qurban Qurbanov: “Ferentsvaroş” “Lex” və “Sürix”dən güclüdür”

“Çox gözəl şəhərə gəlmişik və əla stadion gördüm. Belə bir arenada yaxşı oyun göstərməliyik”.

Milletinsesi.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Macarıstanda “Ferentsvaroş”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, hər iki komandanın istəyi çoxdur: “Biz buraya böyük inamla gəlmişik. Rəqib çox yaxşı təşkilatlanmış komandadır, bacarıqlı oyunçuları var. Futbolçularıma inanıram. Sonadək mübarizə aparacağıq”.

O, əvvəlki illərə nisbətən bu mövsüm ilk mərhələdən ciddi rəqiblərlə qarşılaşdıqlarını söyləyib: “Ferentsvaroş” III təsnifat mərhələsinə keçibsə, deməli, səviyyəli komandadır. Heyətində sıradan futbolçu yoxdur. Hər xətdə bacarıqlı və usta oyunçuları, həmçinin, hamımızın hörmət etdiyimiz baş məşqçiləri var. Bu rəqib əvvəlkilərdən güclü ola bilər. Amma biz dəfələrlə özümüzdən yaxşı komandalara qarşı çəkinmədən oynamışıq. Bu cür kollektivlərlə mübarizə aparmaq bizim üçün xoşdur”.

Təcrübəli baş məqşçinin sözlərinə görə, hər oyun komandası üçün futbol döyüşüdür: “Meydanda vuruşmasaq, istədiyimiz nəticəni əldə edə bilmərik. Böyükhesablı qələbələr il ərzində nadir hallarda olur. Çempionlar Liqasında çox diqqətli olmalıyıq. Son vaxtlar elə üslubda oynayırıq ki, böyük hesabla uduza da bilərik. Amma heç vaxt ehtiyatı əldən vermirik. Böyük hesab haqqında düşünmürük”.

Qurbanov “Ferentsvaroş”un prezidenti Qabor Kubatovun azərbaycanlı olmadığını sözləyib: “Bunu özü də etiraf etdi. Amma bunun önəmi yoxdur. Biz meydanda rəqibik. Sabah cütün taleyi həll olunmalıdır”.

Mütəxəssis sabah Bakıdakından daha yaxşı oynamalı olduqlarını vurğulayıb: “Qələbə üçün buna ehtiyac var. İndi rəqibi daha yaxından tanıyırıq. Stanislav Çerçesovun müsahibəsini oxudum. O da bizimlə eyni fikirdədir. Rəqib də boş durmur, gözləmədiyimiz variantlara əl atır. Mərhələ keçdikcə, daha diqqətli olmalıyıq. Qarşı tərəf də bu oyunu ciddiyə alır və hər xırdalığı müzakirə edir. Futbolçular tapşırıqlarımızı yerinə yetirmək üçün daim diqqətli olmalıdırlar. Məncə, həm taktiki, həm də mübarizə baxımından maraqlı oyun olacaq. Çox istərdim ki. azarkeşlər matçdan razı qalsınlar”.

Qeyd edək ki, avqustun 9-da Budapeştdəki “Groupama Arena”da oynanılacaq “Ferentsvaroş” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

Mənbə

Share: