“Qürurla deyə bilərik ki, ölkəmiz heç kəsin qarşısında hesabat verməyən nadir ölkələrdəndir”

Bu gün ölkəmizdə aparılan islahatların davamı olaraq növbədənkənar seçkilər nəticəsində Altıncı çağırış Milli Məclisin formalaşdırılmasının 4 ili tamam olur.

Azərbaycanda müstəqil dövlətçiliyin qorunması  ənənəsinin yaradılması Ulu Öndərin, dövlətimizin modernləşməsi və daha da güclənməsi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan beynəlxalq nüfuza malik sorğularda ən islahatçı ölkələr sırasındadır. Buna səbəb isə dövlətin uğurla davam etdirdiyi yenidənqurma,təkmilləşdirmə siyasətidir.Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, davamlı inkişafa böyük töhfələr verən, yeni-yeni hədəflərin müəyyənləşdirilməsində təşəbbüskar kimi çıxış edən Yeni Azərbaycan Partiyasının ölkə ictimaiyyətinin ciddi dəstəyini qazanan təşəbbüslərindən biri də məhz ölkədə dərinləşən islahatlar prosesinin parlamentdə də öz əksini tapması üçün V çağırış Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi oldu. YAP Siyasi Şurası Milli Məclisdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul etdi və şura bu qərarını Prezidentin islahatlar kursuna, kadr islahatlarına dəstək məqsədilə verildiyini bəyan etdi. 2020-ci il fevralın 9-da ölkəmizdə parlament seçkiləri keçirildi. Bununla da Milli Məclisin yeni tərkibi formalaşdı. Parlamentin yeni formalaşan tərkibi özündə dövrün, zamanın tələblərini aydın şəkildə ifadə etdi. Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin 10 mart 2020-ci il tarixində keçirilən ilk iclasında çıxış edən Prezident İlham Əliyev yeni seçilmiş Milli Məclisin qarşısında dayanan vəzifələrdən danışdı. Həmin tarixdən ötən müddət ərzində Milli Məclis öz fəaliyyətini cənab Prezidentin tövsiyələri əsasında quraraq uğurla fəaliyyət göstərdi. VI çağırış Milli Məclisin və onun komitələrinin rəhbərliyində bütün siyasi partiyaların nümayəndələrinin təmsil olunması təqdir edilən mühüm addımlar sırasındadır. Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat verərək yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazır olduğunu bəyan etdi. Bu, seçkilərin tanınması demək idi.Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə düzgün addımlar atmışdır.Artıq Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşmışdır. Ötən dövrdə müxalifət partiyalarının qeydiyyata alınması, iqtidar və müxalifət partiyaları arasında siyasi dialoq modeli ölkəmizdə siyasi iqlimin daha da stabilləşməsi ilə nəticələndi. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılır və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulur. Azərbaycan demokratik, hüquqi, sivil dövlətdir. Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillər bərqərar olub. Siyasi partiyaların fəaliyyəti üçün təkmil qanunvericilik bazası mövcuddur. Azərbaycanda  sivil dialoq mühiti mövcuddur. Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyası daim dialoqun təşkilində maraqlı olmaqla yanaşı, təşəbbüslərlə çıxış edir.

 

Ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etməklə dünyanın mühüm təkilatları ilə əməkdaşlıq yeni müstəviyə çıxarıla bilər. Azərbaycan bu sahədə mühüm təşkilatlarla əməkdaşlıq etməyə həmişə hazırdır. Keçən 4 il ərzində   parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolu artdı, hazırlanan qanunlar və qanunvericiliyə olunan dəyişikliklər reallıqlara adekvatlığı ilə seçildi. Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Seçkilər zamanı bütün partiyalara eyni rəqabət mühiti yaradılır. Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün bu şərt böyük əhəmiyyətə malikdir.

 

Bu gün qürurla deyə bilərik ki, ölkəmiz dünya miqyasında müstəqil şəkildə öz daxili, xarici siyasətini aparan, heç kəsin qarşısında hesabat verməyən nadir ölkələrdəndir. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılır. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulur. Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Qeyd etdiyimiz kimi, islahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclisin qəbul etdiyi yeni qanunlar, eyni zamanda, bəzi qanunların dövrün tələbinə cavab verməsi üçün təkmilləşdirilməsi, əlavə və dəyişikliklərin edilməsi qarşıya qoyulan hədəflərə öz müsbət təsirini göstərir.

 

Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət aldı. Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi. Hər bir Azərbaycan vətəndaşı ölkəmizin iqtisadi gücü və qüdrətinin ilbəil artmasının şahidi oldu, iqtisadi inkişafın nəticələrini özünün həyat səviyyəsinin yüksəlməsində hiss etdi. Azərbaycanın üzləşdiyi hər bir çətinlikdən uğurla çıxmasını şərtləndirən əsas amil məhz iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasıdır. Azərbaycanın hətta inkişaf etmiş ölkələrdən fərqli olaraq iqtisadi durğunluğu yaşamamasına səbəb atdığı addımların sistemli olması ilə bağlıdır. Dövlətimizin başçısı İlham Əliyev ilk gündən bu hədəfi qarşıya qoydu ki, insanların sağlamlığının qorunması ilə yanaşı, iqtisadi inkişafın dayanıqlığı da təmin edilməli, heç bir sosial layihə təxirə salınmamalıdır. Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasındakı çıxışında da səsləndirdiyi əsas hədəflərdən biri məhz iqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunların qəbul edilməsi oldu.

 

Azərbaycan hakimiyyəti xalqımızın rifahını hər bir məsələdən vacib hesab edir. Ona görə minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir. Dövlətin apardığı uğurlu iqtisadi siyasət Azərbaycanın bu gününə və gələcəyinə inamı nümayiş etdirməklə yanaşı, beynəlxalq aləmdə sabit ölkə kimi tanınmasına da işıq salır. Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır.Ölkədə hər sahədə aparılan islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir.Bu islahatlar ölkənin gələcək dayanıqlı inkişafını şərtləndirir və islahatlarsız tərəqqi mümkün deyil. Prezident tərəfindən həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən kadr islahatları cəmiyyət həyatı üçün böyük əhəmiyyət kəsb edir. Ölkədə hansı sahədə kadr islahatları aparılırsa, o sahədə pozitiv dəyişikliklər baş verir və bu da vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır. Əlbəttə ki, müasir dövrün çağırışlarına cavab verən bu islahatlar ölkəmizin ümumi inkişafına, məmur-vətəndaş münasibətlərinin sağlam ruhda qurulmasına özünün mühüm töhfələrini verəcəkdir. İslahatlara şahidlik edən ölkə ictimaiyyəti də dövlət idarəetmə sistemində həyata keçirilən prosesləri, xüsusən də gənc kadrlara rəhbər korpusda yüksək etimadın göstərilməsini təqdirəlayiq hal kimi qiymətləndirdi. Bu islahatlar müasir dövrün yeni çağırışları şəraitində Azərbaycanın ardıcıl və dinamik yüksəlişini təmin etməyə kömək göstərdi.

 

Bir sözlə, VI çağırış Milli Məclisin formalaşmasında qeydə alınmış mütərəqqi yeniliklər, ümumilikdə, parlamentə sağlam, demokratik mühit gətirdi, onun işində əhəmiyyətli dönüş yarandı və nüfuzu həm ölkə daxilində, həm də beynəlxalq miqyasda yüksəldi.

 

Türkan Şadlinskaya,

Bərdə rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi

Mənbə

Share: