Regionda terror qorxusu: Azərbaycan təhlükəsizlik adasıdır

Martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Silahlı şəxslər konsert zalına soxularaq tamaşaçılara atəş açıblar. Hadisə nəticəsində 140-dan çox şəxs həlak olub, yüzlərlə yaralı var.

 

Rusiyadakı terror aktından sonra bölgədə terror təhlükəsi məsələsi gündəmə gəlib. Bir müddət əvvəl Azərbaycanda da terror aktı planlaşdırılıb. Lakin Dövlət Təhlükəsizlik Xidmətinin çevikliyi sayəsində hücumun qarşısı alınıb.

 

Belə ki, Azərbaycan Respublikasının vətəndaşı, Rusiya Federasiyasının Murmansk şəhərində yaşamış, 1988-ci il təvəllüdlü Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib. Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.

 

Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Bəhruz Əskərovun tutularaq Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluğa hazırlıq) maddələri ilə Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunmuş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Eyni zamanda müəyyənləşdirilib ki, Bəhruz Əskərov sövdələşərək əlaqə yaratdığı şəxslərin xarici dövlətin ərazisində hərbi təlimlər keçməsini təşkil etməyi planlaşdırıb, lakin DTX tərəfindən görülən tədbirlər nəticəsində bu cinayət əməllərini həyata keçirə bilməyib.

 

Məsələ iə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, Azərbaycanda terror həyata keçirmək üçün Ermənistanın müəyyən dairələri canfəşanlıq edirlər:

 

“Terror müasir dövrün ən ağır təhdidlərindən biridir. Terror bu və ya digər ölkənin daxilində zəif nöqtəni tapır və cəmiyyətdə əks-səda doğuracaq addımlar atmağa başlayır. Azərbaycan terrordan əziyyət çəkən ölkələrdən biri olub. Vaxtilə erməni xüsusi xidmət orqanları “Bakı Metrosu”nda, paytaxtda hərəkət edən 106 nömrəli avtobusda, Tiflis-Bakı avtobusunda terror hərəkətləri törətdilər. Eyni zamanda torpaqlarımızı işğal edərək dinc əhaliyə qarşı da çox böyük rəzalət siyasəti yürütdülər. Bu gün də Ermənistanın müəyyən dairələri Azərbaycanda terror həyata keçirmək üçün canfəşanlıq edirlər. Amma bu istək baş tutmayacaq. Azərbaycanda artıq güclü dövlət formalaşıb. Azərbaycan dövləti xalqın dəstəyinə, hakimiyyət orqanlarının səmərəli işinə uyğun fəaliyyət göstərir. Dövlət Təhlükəsizlik Xidməti böyük işlər görür”.

Deputat Azərbaycan cəmiyyətində təhlükəsizlik ab-havasının olduğunu deyib:

 

“105 yaşlı Dövlət Təhlükəsizlik Xidməti Azərbaycanda terroru törədə biləcək istənilən amilin qarşısını vaxtında alır. Sərhədlərimiz möhkəm şəkildə qorunur. Qanunsuz silahların əldə dolaşmasına imkan verilmir. Kibertəhlükəsizliyin təmin olunması istiqamətində ciddi addımlar atılır. Cəmiyyət bu və ya digər halda əvvəlcədən məlumatlandırılır. Eyni zamanda Azərbaycan sakinləri də kifayət qədər sayıqdırlar. Vətəndaşlarımızın dövlətçiliyə bağlılığı böyük olduğuna görə onları qeyri-qanuni hərəkət cəlb etmək mümkün olmur. Tək-tük insanların dövlətçiliyimizə qarşı təhdidlərinin qarşısı zamanında alınır. Hesab edirəm ki, ölkəmiz dövlət maşınının güclü işləməsi ilə təhlükəsizlik və hüqüq-mühafizə orqanlarının öz işinə məsuliyyətli yanaşması ilə güclüdür. Cəmiyyətimizdə təhlükəsizlik ab-havası var. Bundan sonra da vəziyyət belə olacaq”.

 

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Cənubi Qafqazda  münasibətlərin gərginləşə biləcəyinə deyib:

 

“Terror bir təzyiq vasitəsidir. Moskvada həyata keçirilən terror aktı Rusiyanın siyasətinə qarşı təzyiq göstərmək məqsədi daşıyırdı. Lakin Putinin xarakteri elədir ki, bu təzyiqi qəbullanmayacaq. Rusiyanın geri çəkilməsini düşünmək yanlış olardı. Əksinə o, daha da sərtləşəcək. Bu sərtləşmə öz təsirini bu və ya digər formada Cənubi Qafqazda da büruzə verə bilər. Düzdür, hazırda Rusiyanın Cənubi Qafqazda daha çox Ermənistanla münasibətləri gərgindir.Rusiya Ermənistana iqtisadi, siyasi təzyiq edəcək, yoxsa hakimiyyət çevrilişinə cəhd edəcək kimi suallar var. Rusiya Ermənistanda hakimiyyət çevrilişinə 3 ildir ki, çalışır, amma heç nəyə nail ola bilmir. Qərb kifayət qədər Paşinyanı dəstəklədiyinə görə Rusiya onu hakimiyyətdən sala bilməyib. Lakin iqtisadi rıçaqları artırmaq kifayət edər. Ermənistan maksimum çalışır ki, iqtisadi cəhətdən Rusiyadan asılı olmasın. Bu istiqamətdə müəyyən addımlar atır. Ən böyük addımlardan biri  Azərbaycanla bağlıdır. Ermənistan Azərbaycanla münasibətləri yaxşılaşdırsa, Türkiyə onunla sərhədləri açacaq. Sərhədlər açılacağı halda Ermənistanın iqtisadi təhlükələri kəskin aşağı düşə bilər. Putinin xarakteri  gözlinilməz, proqnozlaşdırılmayan olduğu üçün Ermənistanda kəskin hadisələrin baş verəcəyini demək mümkündür.  4 kəndlə əlaqədar ölkə daxilində xüsusi gərginlik yaradılması, polisə hücum etmək, Tavuşa silahlı dəstələr göndərmək kifayət qədər sərt mövqe ola bilər. Putinin inaqurasiya mərasiminə, 7 maya qədər Putinin Cənubi Qafqazda sərt hərəkətlərə yol verməsi mümkündür”.

Ekspert söyləyib ki, Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan təhlükəsizlik adasıdır

 

“44 günlük müharibə, xüsusilə də, antiterror tədbirlərindən sonra vəziyyət, həqiqətən də, belədir. Burada Dövlət Təhlükəsizlik Xidmətinin böyük xidmətləri var. Məsələn cənub zonasında baş verənləri misal çəkmək olar. İran xüsusi xidmət orqanları separatçıların və müəyyən terror dəstələrinin əli ilə Azərbaycanda sabitliyi pozmaq, gərginlik yaratmaq, insanlar arasında təlaş yaratmağa cəhd göstərdi. Cənub bölgəsi xüsusilə ona görə seçilmişdi ki, separatçılıq meyillərini biraz da artırsınlar. Bir  neçə ay əvvəl qondarma Talış-Muğan Respublikasının nümayəndələrinin Rəştdə görüşlərini təşkil etmişdilər. DTX-nin keçirdiyi son antiterror tədbirinin qabaqlayıcı olması həqiqətən də, Azərbaycanda təhlükəsizlik məsələlərin peşəkarlar tərəfindən həyata keçirildiyini bir daha sübut etdi. Amma bu, o demək deyil ki, biz arxayın olmalıyıq. Hələ də İranın və bir sıra qüvvələr bizə təsir  etmək istəyən qüvvələrin hədəfindəyik. Terrorla Azərbaycan siyasətinə təzyiq etmə hərəkatı davam edəcək. Ona görə də  vətəndaşlarımız da ayıq olmalıdır.  DTX, Xarici Kəşfiyyat Xidmətimiz əməliyyat şəraitinə ciddi şəkildə nəzarət edirlər. Azərbaycan son 4-5 ildə terror hədəfindən yayınıb. Ona görə ki, baş verə biləcək terror hadisələrini qabaqlayıb və zərərsizləşdirib. Bu mənada Azərbaycan,həqiqətən də, bölgədə, eyni zamanda dünyada təhlükəsiz məkan kimidir. Bir neçə həftə bundan əvvəl terrorizm indeksasiyasını açıqlayan beynəlxalq təşkilat terror təhlükəsinin ən az olduğu ölkələr siyahısında Azərbaycan ən axırlarda verib.  Biz siyahıda faktiki olaraq Yeni Zelandiya, Qətər kimi rahat ölkələr sırasında verilmişik. Yenə deyirəm ki, bu bizim xüsusi dövlət orqanlarının peşəkar fəaliyyətinin nəticəsidir. Məhz bunun köməyi ilə terroru qabaqlayırıq”.

Mənbə

Share: