“Rusiya ağılsızların əsirliyindədir!..”

“Navalnıya azadlıq!”, “Putin həbsxanaya!”, “Çamadan- vağzal-Haaqa!”

“Navalnıya dəstək aksiyaları dünyanın 35 şəhərində keçirilir…”

“Aksiylar Tbilisi, Batumi, İrəvan, Vilnüs, Münhen, Stoqholm, Belqrad, Milan, Buenos-Ayres və başqa şəhərlərdə keçirilir…”

“Rusiya hakimiyyəti Navalnını ölümcül zəhərləməyə cəhd edib, indi də həyatı üçün dözülməz şərait yaradaraq onu öldürmək cəhdindən əl çəkməyib…”

Bütün dünyada Rusiyanın siyasi məhbuslarına kütləvi dəstək aksiyaları keçirilir…

Dünyanın onlarla şəhərlərində həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnı və digər rusiyalı siyasi məhbuslara dəstək aksiyaları keçirilir.

Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Welle” nəşri məlumat yayıb.

Aksiyalar Rusiya səfirliyi və ya şəhərlərin mərkəzi meydanlarında keçirilir. Əsasən Rusiya vətəndaşlarından ibarət olan aksiya iştirakçıları müharibə əleyhinə və Ukraynaya dəstək şüarları ilə çıxış edir.

Nəşrin məlumatına görə, aksiyalar dünyanın 35 şəhərində keçirilir. Dünyada etirazların ilk günündə aksiyalar yanvarın 21-də, şənbə günü Avstraliyada, Melburn və Sidney şəhərlərində keçib.

Berlində onlarla iştirakçılar Brandenburq qapıları qarşısında “Navalnıya azadlıq!”, “Putin həbsxanaya!”, “Çamadan-vağzal-Haaqa!”, “Ukraynaya eşq olsun!” şüarları səsləndirib. 

Onlarla insan Rusiyanın Riqadakı səfirliyi qarşısında aksiyada iştirak edib. Tbilisidə Navalnı və digər siyasi məhbuslara dəstək mitinqi keçirilib, iştirakçılar əllərində müharibə əleyhinə, o cümlədən “Rusiya ağılsızların əsirliyindədir” plakatları tutub.

Bundan başqa, aksiyalar Münhendə, Vilnüsdə, Batumidə, Reykyavikdə, İrəvanda, Buenos-Ayresdə, Stoqholmda, Milanda, Belqradda keçirilib. Qırğızıstanın paytaxtı Bişkekdə güc strukturları kütləvi tədbirin keçirilməsini qadağan edib və iştirakçıları dağıdıb.

Bu gün belə aksiyalardan biri Parisdə keçirilir. Onun təşkilatçıları Rusiyanı tərk edən “İnsan haqları uğrunda” hərəkatın təsisçisi Lev Ponomaryov və “Russie-Liberte” təşkilatıdır.

“Aleksey Navalnı Rusiyada olan yüzlərlə siyasi məhbuslardan biridir, lakin onun düşdüyü vəziyyət unikaldır və böyük həyəcan doğurur. O, təkcə ən parlaq və hörmətli müxalif siyasətçilərdən biri deyil, həm də Kremlin zəhərləməyə cəhd etdiyi, hər şeydən göründüyü kimi, öldürməyə cəhd göstərməyə davam etdiyi, həyatı üçün dözülməz şərait yaradaraq öldürməyə cəhd etdiyi insandır”, – Ponomaryovun müraciətində deyilir.

Son ildə Aleksey Navalnı cəza müddətinin yarısını ya cərimə təcridxanasında, ya da kamera tipli otaqda keçirib. Yeni il bayramlarından sonra bəlli olub ki, Navalnı təcridxanada tibb hissəsindən onun yanına xəstəliyə yoluxan məhbus yerləşdirildikdən sonra xəstələnib. Müxalifətçinin hərarəti yüksəlib, öskürək və qızdırma meydana çıxıb, lakin xəstəxanaya yerləşdirilməyib.

Yanvarın 10-da Rusiyanın laqeyd olmayan 500 nəfər həkimi Putinə müraciət edərək Alekseyin yanına mülki həkimlərin buraxılmasını tələb edib. 

Yanvarın 16-da rusiyalı vəkillər Rusiya prezidentinə açıq məktubla müraciət edərək Navalnının təhqir edilməsinə son qoyulmasını tələb edib.

Yanvarın 17-də Aleksey Navalnının qızı Daşa videoçarx yayaraq, müxalifətçinin azad edilməsi üzrə beynəlxalq kampaniyaya start verildiyini elan edib.

Yanvarın 18-də Rusiyanın müxtəlif səviyyəli sabiq və fəaliyyətdə olan deputatları, habelə Rusiyanın bir neçə şəhərinin qanunverici məclislərinin üzvləri Aleksey Navalnıya dəstək müraciətini imzalayıb.

Rusiyanın mədəniyyət xadimləri, jurnalistlər, blogerlər və iqtisadçılar həmçinin müxalifətçinin azad edilməsini tələb edib.

Mənbə

Share: