
Mən Rusiya, Çin və ABŞ liderlərini Şenzendə belə mühüm bir görüş keçirdikləri üçün təbrik etmək istərdim. Nisbətən kiçik planetimizdə yaşayan milyardlarla insan ümid edir ki, bu üç böyük dövlət bütün dünya üçün sülhə və sabitliyə aparan bir yol müəyyən edə bilər və birtərəfli hegemonluq ideyasına son qoya bilər.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Çinpin və ABŞ Prezidenti Donald Tramp arasındakı görüşü şərh edən Sare bildirib
ABŞ prezidentliyinə namizəd vurğulayıb: “Prezident Tramp bir dəfə demişdi ki, əgər ABŞ və Çin birlikdə çalışsalar, həll olunmayacaq heç bir problem yoxdur. Əgər ABŞ, Rusiya və Çin müharibə təhlükəsini azaltmaq, həmçinin insan ləyaqəti və ədalətlə bağlı ümumbəşəri prinsipləri qorumaq üçün əməkdaşlıq etsələr, heç kim bəşəriyyətin tərəqqisinin qarşısını ala bilməz”.
Eyni zamanda o, qeyd edib ki, “xüsusilə Böyük Britaniya və Avropa İttifaqında bu görüşün baş tutmasından narazı olanlar var”.
Sare əlavə edib: “Düşünürəm ki, onların niyyətlərini sorğulamağa haqqımız var. Diplomatiyaya kim etiraz edə bilər ki?”
O vurğulayıb: “Bu ilkin danışıqların İrana qarşı əsassız müharibəyə, İsrailin qonşularına qarşı törətdiyi cinayətlərə dərhal son qoyacağını və ya Ukrayna münaqişəsini həll edəcəyini gözləmirəm. Lakin inanıram ki, nəhayət, düzgün istiqamətdə mühüm bir addım atılıb və ümid edirəm ki, bu yolda daha çox addımlar atılacaq”.
Qeyd edək ki, Rusiya, ABŞ və Çin prezidentləri Şenzendə keçirilən APEC sammiti çərçivəsində görüşüblər; bu, tarixdə baş tutan ilk belə görüşdür. Dövlət başçıları mövcud beynəlxalq vəziyyət ətrafında fikir mübadiləsi aparıb, strateji sabitliyin və beynəlxalq təhlükəsizliyin qorunmasına sadiq olduqlarını ifadə ediblər. Liderlər həmçinin sülhlə bağlı bəyannamə qəbul ediblər.


