Şərif Ağ yazır: Mətbuat hakimiyyətin qanunsuz saxladığı “gözəlçə”yə bənzəyir

Mətbuatımız bu gün kliniki ölüm vəziyyətindədir. Onun iqtisadı azadlığını əlindən alaraq həqiqətdən tamamilə məhrum ediblər. Həqiqətin yanında olmayan mətbuatın inadla oxucu və tamaşaçı yığmaq cəhdləri isə sadəcə lətifədir. Mətbuat siyasi hakimiyyətə alternativ olmalı ikən, onun qanunsuz saxladığı “gözəlçə”yə bənzəyir. Qanunvericiliyimizdə media qurumlarına dövlət büdcəsindən maliyyə ayırmaq qadağandır. Bunun adı rüşvətdir. Sivil yollarla pul qazanmaq imkanlarından məhrum edilən media aldığının müqabilində hakimiyyətin istəklərini təmin edir – onun xoşuna gəlməyən materialları vermir və yazmır. O gün baxıram, internet saytları Media Agentliyinin maliyyə siyahısına düşdükləri üçün biri-birini təbrik edirlər. Bu, ananın yasında yığılan pullarla atəşfəşanlıq düzəltməyə bənzəyir. Heç olmasa bir az kədərlənmək lazımdır. Bu hissi də itiririksə, vəziyyət çox pisdir. Təsəvvür edin, məşhur saytlar var, hansısa etiraz aksiyasına müxbir göndərdiyi halda Daxili İşlər Nazirliyinin press-relizini verir. Orada isə etirazın səbəbi yoxdur. Sanki camaat dəli olub küçəyə çıxıb, polis də onları döyə-döyə ağıllandıraraq içəri doldurub. Yaxud benzinin qiyməti qalxır, yazmağa çəkinirlər, xəbəri qiymətin dəyişməsi kimi təqdim edirlər. Bu ki siyasi hadisə deyil. Bahalaşıb də. Bahalaşmanı qiymət dəyişməsi kimi yazanda adamlar başa düşmür? Yaxud mətbuat nə yazdı-yazmadı adamlar yanacaqdoldurma məntəqələrinin lövhələrini görmürlər? Bütün bunlar hansı düşüncənin məhsuludur? Mətbuat siyasəti buna deyirlər? Azərbaycan cəmiyyətindən nə düzəltmək istəyirlər? Gülməli burasıdır ki, “benzinin qiyməti qaxdı” xəbərini “benzinin qiymətində dəyişiklik oldu” yazanlar efirə çıxıb mətbuatın tale yüklü problemlərindən danışır, perspektivləri müzakirə edir, “Əkinçi” və “Molla Nəsrəddin” ənənələrindən nümunə gətirirlər. Nəticədə xaricdən yayımlanan söyüş mediası təşəbbüsü ələ alır. Media həssas sahədir. Onu bu şəkildə ələ salaraq sıxışdırmaq odla oynamağa bənzəyir. Nəticəsi mütləq ağır olur. Ümid edirəm, bu kliniki ölüm mətbuatımızın sonu olmayacaq. Bütün azad düşüncəli, vicdanlı, əlindəki imkanlar alınsa da simasını qorumağı bacaran qələm adamlarına səbir arzu edirəm. Tale bizə 22 iyula layiq olmağı nəsib etsin.

Qazet.az-ın sorğusuna cavabım

Azərbaycanın tanınmış yazıçısı, Şərif Ağayar

Share: