Bakıda metro xətlərinin ayrılması ilə əlaqədar sərnişindaşımanın fasiləsizliyini təmin etmək məqsədilə 6 yeni ekspres avtobus marşrutu avqustun 14-dən fəaliyyətə başlayacaq.
Bu barədə Milletinsesi.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, “Bakı Metropoliteni” QSC tərəfindən həyata keçirilən xətlərin ayrılması layihəsi çərçivəsində avqustun 15-dən “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılacaq. Bununla əlaqədar sərnişinlərin alternativ nəqliyyat vasitələrinə çıxışını təmin etmək üçün AYNA tərəfindən 6 ekspres marşrut təşkil olunub.
Yeni ekspres marşrutlar aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərəcək:
M1 – “Elmlər Akademiyası” – “28 May”;
M2 – “İnşaatçılar” – “Nizami” – “28 May”;
M3 – “20 Yanvar” – “Nizami” – “28 May”;
M4 – “20 Yanvar” – “Koroğlu”;
M5 – “20 Yanvar” – “Gənclik”;
M6 – “Elmlər Akademiyası” – “Gənclik”.
Bununla yanaşı, sərnişin tələbatının qarşılanması üçün 20 müntəzəm marşrut xətti üzrə avtobusların sayı artırılacaq. Dəyişiklik 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202 nömrəli marşrutları əhatə edəcək.
Eyni zamanda, avqustun 13-dən “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan 32, 49, 120E və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqələri dəyişdirilib. 32 və 49 nömrəli marşrutların son dayanacağı Dilarə Əliyeva küçəsində, 120E və 125 nömrəli marşrutların son dayanacağı isə Puşkin küçəsində müəyyən edilib.
Qeyd edək ki, bu dəyişikliklər “28 May” və “Nizami” metro stansiyaları arasında qatarların hərəkətinin müvəqqəti dayandırıldığı müddətdə sərnişinlərin alternativ ictimai nəqliyyat imkanlarını genişləndirmək məqsədi daşıyır.


