Qara dənizdə hərbi əməliyyatlara mümkün moratoriumla bağlı ideyalar müxtəlif kanallar vasitəsilə səsləndirilir, lakin Rusiya bu məsələ ilə bağlı heç bir rəsmi təklif almayıb.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko jurnalistlərə bildirib.
“Son vaxtlar müxtəlif moratoriumlar və atəşkəslərlə bağlı çoxsaylı çağırışlar eşidirik. Bu ideyalar müxtəlif kanallar vasitəsilə irəli sürülür, lakin bizə heç bir rəsmi təklif daxil olmur”, – deyə o bildirib.
Qruşko həmçinin qeyd edib ki, Rusiyanın hərbi vəziyyətin yumşaldılmasına dair müvəqqəti tədbirlər məsələsindəki mövqeyi hamıya məlumdur.
“Münaqişənin köklü səbəbləri həll edilmədən heç bir sülhə nail olmaq mümkün deyil. İstənilən atəşkəs Ukrayna tərəfindən qüvvələrin yenidən qruplaşdırılması və artırılması üçün – yəni davamlı sülh həllinin tapılması ilə heç bir əlaqəsi olmayan məqsədlər üçün istifadə olunacaq”, – deyə Rusiya xarici işlər nazirinin müavini vurğulayıb.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirmişdi ki, Ankara Qara dənizdə gəmiçilik təhlükəsizliyini yaxından izləyir və Ukrayna münaqişəsinin tərəflərinə hərbi əməliyyatlara moratorium qoyulması ilə bağlı təklif irəli sürüb.


