Sabir Rustəmxanlı danışdı, Anar isə cavab verdi

İstəməzdim  deyəm ki, Sabir Rüstəmxanlı yox, Sabir əmi ömrünün 77-ci ildönümündə “sönür”. Azadlıq hərəkatının yaradıcılarından birincisi, biri yox – yaradıcısı peşmançılıq hissi ilə bu dünyanı yox, siyasəti, ədəbiyyatı, Türk dünyasını tərk edir. “Sönür”ü niyə dırnaqcıqda verdim?  Sönə bilər. Hamımız sönənlərdənik. Öləndə isə ölmürük, əksinə dirilirik. Ruhumuz azad olur. Sabir əmiyə yox, Sabir Rüstəmxanlıya indi – müstəqilliyimizin 32-ci ilində çatıb ki, bəs mədəniyyətimiz əldən gedir – o mədəniyyətimiz ki, SSRİ bizim üçün qurub, qoyub getdi. SSRİ özü getmədi – dağıtdıq.

Ötən əsrin sonlarındakı mitinqlərə gedir xəyalım və ya Milli Məclisin yox, Qarabağa Xalq Yardımı Komitəsinin orqanı olan “Azərbaycan” qəzetinin oxuduğum nüsxələri yadıma düşür. Peşmandırmı Sabir əmi? Niyə peşmandır? Lenin meydanında Leninin heykəlinin ayağının altında Soveti söydüyünə görəmi? SSRİ olmasaydı Azərbaycan SSR torpağının hər qarışının neçə santimetr qızılla  örtüləcəyi barədə fikirlərin o tribunadan səsləndiyinə görəmi? 1993-cü ildən bəri orta müxalifət olduğuna görəmi? Müxalifəti bütövə, ortaya, kiçiyə böldüyünə görəmi?

HAŞİYƏ: Belə bir lətifə var. Günlərin bir günü ikinci mərtəbədə yaşayan bir cuvanəzən, gözəgəlimli qadın pəncərə silirmiş – qısa xalatda. Yoldan keçən bir kişi gəlib dayanır pencərənin altında və əlini ürəyinə qoyaraq başlayır ah-uff etməyə: “Ölürəm! İki balam yetim qalacaq. Onlara kim baxacaq? Öldüm, ay Allah! Məni bu dərddən qurtar”. Qadın bu sözləri eşitcək, tez həyətə düşüb gəlir kişinin yanına ki, “ay qardaş nə olub? Nə köməklik edə bilərəm?”  
Kişi :

– Pəncərənin altından keçəndə səni gördüm. O gözəl ayaqlarına aşiq oldum. İnan ki, o gül topuğundan bircə dəfə öpməsəm, öləcəyəm. O iki balam da yetim qalacaq.
Qadın da hal əhliymiş. Kişini o saat başa düşür:
– Öpmək üçün üz var, dodaq var, boyun var. O nə deməkdir ki, “topuğundan öpüm”?
Kişi bir az da ürəklənir. Əlini qadına uzadıb:
– Bax, mən çox aşağıdan getdim, sən də çox yuxarıdan! Allah  ortasına xeyir versin! Vur bura! (SON)

Yazımı köşə yazısına çevirməmək üçün millət vəkili Sabir Rüstəmxanlının keçmiş mədəniyyət naziri, o cümlədən mədəniyyət, təhsil, səhiyyənin mövcud vəziyyəti haqqında saytlarda gedən fikirlərini çatdırmaq istəyirəm. Gələcəkdə oxuyanlar üçün aydın olsun.

SİTAT: “Keçmiş mədəniyyət naziri ilə görüşdə olanda dedi ki, sabah sənə bir şad xəbər verəcəyəm. Sonra məlum oldu ki, ölkədəki kitabxana və mədəniyyət müəssisələrinin yarısı ixtisar olunur. Bu gün ölkənin bir çox kəndlərində mədəniyyət evləri və klublar yoxdur, hamısı ləğv olunub. Qalan mədəniyyət evləri də boşdur”. 

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin bir neçə gün öncə keçirilən iclasında “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.

“Azərbaycanı sanki mədəniyyətsiz ölkəyə çevirmək siyasəti gedir. Bu nə deməkdir? Dağ kəndlərində məktəb, xəstəxana, mədəniyyət evləri var, amma onların əlindən bunu da alırlar. Belə islahatlar nəyə xidmət edir? Bunu bizə izah edən yoxdur”, – deyə S.Rüstəmxanlı qeyd edib.

Onun sözlərinə görə, ən çox uduzan Azərbaycan mədəniyyətidir: “Sovet illərində ən xırda kənddə mədəniyyət müəssisələri qorunurdu, kitabxanalara kitab göndərilirdi. Amma indi heç rayon mərkəzinə belə kitab göndərilmir. Çünki əvvəl ölkədə kitab alıb rayonlara göndərməklə məşğul olan şəxslərə dövlət pul ayırırdı. İndi həmin şəxslər rayonlarda yoxdur, ləğv olunub”. (SON)

Mədəniyyət naziri əvəzi Adil Kərimlinin deputatın sözlərinə reaksiyasını vermək istəməzdim. Amma tarix üçün məcburam verəm:

SİTAT: Məsələyə mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli reaksiya bildirib. O, deputatın kitablarla bağlı iradına belə cavab verib: “Ucqar kəndlərdə 20 kvadratmetr ərazidə 10 min kitab fondunun olduğunu deyirlər. Gedib yoxlayırsan ki, heç 2 min kitab yoxdur. Baxmaq lazımdır ki, bu kitablar o insanlara lazımdırmı? Bəlkə orada geyim mədəniyyəti, danışıq mədəniyyəti, cəmiyyət mədəniyyəti formalaşdıraq? Bəlkə də elə Sovetin gizli niyyətinin altında sadəcə klublara kitab yığmaq olub?”

Nazir müavini əlavə edib ki, milli rəqslərimiz, musiqilərimiz, geyimlərimiz kodlaşdırılmayıb, yazılı standartlarımız yoxdur: “Hazırda bu sahələrə sezilməyən, gizli müdaxilələr var. Bu sahədə fəaliyyətlərimizin prioritetlərindən biri də milli standartlardır. Bizim gözəl rəqslərimiz var ki, millətin xarakterini ifadə edir. Bu məsələlərə etinasız yanaşa bilmərik, bunlar hətta milli təhlükəsizliyə belə təhdid yarada bilər”. (SON)

Bu da mənim təzə mədəniyyət nazirim. Onunla işim yoxdur. Çünki Sabir Rüstəmxanlı ranqında ictimai-siyasi xadim, əsərləriylə artıq əbədiyyət qazanan ziyalı deyil. Özü bilər. İki sözlük iki cümlədən asılıdır: “Təyin edilsin” və “Azad edilsin”. Günah Azadlıq mücahidi Sabir Rüstəmxanlıdır. Lenin meydanında Leninin heykəli altında SSRİ kimi mədəniyyətsevər bir quruluşa nifrət etməsini dilinə gətirib ətrafdakılara sırımasındadır.  Heç olmasa evinin döşəməsi 1 millimetr qalınlıqda qızılla örtülsəydi, məni yandırmazdı.

Gəlin Sabir əmiyə Xalq yazıçısı, Anarın ssenarisi əsasında, Rəsul Quliyevin prodüsserliyi ilə çəkilmiş “Təhminə və Zaur” filmində Zaurun anasının dilindən səslənən bir epizodla cavab verək. Film yadınızdadır yəqin. Zaur yüngül təbiətli bir qadına aşiq olur. Evindən didərgin düşür. Nə qədər başa salmaq istəyirlər ki, ay bala, dayan, getmə bu yolu – ipə-sapa yatmır. Sonda Təhminəylə dalaşıb atası evinə qayıdır. Anası atasının onun üçün aldığı Volqa QAZ-24-ün açarlarını ona təqdim edir. Sonra isə onu bakirə, ev uşağı olan qızla evləndirirlər. Maşını da, qızı da bəh-bəhlə, məmnuniyyətlə minir. Sonda Təhminə ölsə də belə, yenə də Təhminəni yaddan çıxara bilmir. Xiffətini çəkir.

Lap yadımdan çıxmışdı. Zaurun anası QAZ-24-ün açarlarını təqdim edəndə bilirsiniz də nə deyir? Zaur Təhminə barədə fikirlərə daldığı vaxt, anası otağa girir. Deyir ki, bəs “stolun gözünə baxmamısan? Aç, bax gör, atan səninçün necə hədiyyə alıb? Heç elə atanın da könlünə dəyərlər, ay vicdansız?”

Sabir əminin mədəniyyətimizə o cür hörmətlə, izzətlə yanaşan Sovet Hökumətini, Lenin babanı söydüyü vaxtlar yadıma düşür. (Təkcə o söymürdü. Başqa ziyalılar da vardı…)

İndi Anar demişkən, “Heç elə atanın da könlünə dəyərlər, ay vicdansız?”.

Mahir Qabiloğlu

Mənbə

Share: