İran silahlı qüvvələri tezliklə Hörmüz boğazı vasitəsilə neftin daşınmasında istifadə olunan qeyri-qanuni marşrutları bağlayacaq.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri İranın elit hərbi qüvvəsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) baş komandanının müşaviri Məhəmməd Rza Nağdi bildirib.
“Fars” xəbər agentliyinin məlumatına görə, o deyib: “İran qüvvələri tezliklə qayda pozanların Hörmüz boğazı sularındakı qayalıq əraziləri partladıb dağıtmaqla yaratdıqları bir neçə marşrutu bağlayacaq”.
Nağdinin sözlərinə görə, boğaz vasitəsilə qeyri-qanuni yolla daşınan neftin həcmi son dərəcə azdır.
O qeyd edib: “Hörmüz boğazının belə fəaliyyətlər üçün açıq olduğunu söyləmək olmaz, lakin bəziləri kiçik gəmilərdən istifadə edərək neft qaçaqmalçılığı ilə məşğul olur və onu tankerlərə ötürürlər”.
İİKK-nin baş komandanının müşaviri vurğulayıb ki, İranın qanuni tələbləri yerinə yetirilənə qədər “Hörmüz boğazı silahlı qüvvələrin tam nəzarəti altındadır”.


