“Seymur Talıbovun qazandığı milyonların mənbəyini araşdırmaq mənim payıma düşməz”

“Azərbaycan idman ölkəsidi”. Bu, cümlədən o qədər pafos yağır ki, şərh etməyə belə adam utanır. Ancaq “Azərbaycan Şahmat ölkəsidi” dedikdə, bədəndən heç üşütmə də keçmir. Bunun da obyektiv səbəbi var. Uğurun bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu onilliklərin layihəsi bu gün də bəhrə verir. Bəs şahmatımızda işlər doğrudanmı rəvan gedir? Təəssüf ki, “hər parıldayan qızıl olmur”… Bir neçə ay öncə saytımıza verdiyi müsahibədən sonra millimizin liderlərindən olan Rauf Məmmədovla xeyli “qabırğa söhbəti” etdik. Bax, həmin vaxt artıq özüm üçün qətiləşdirmişdim ki, şahmat mövzusunda növbəti müsahibim Rəsul İbrahimov olacaq. Niyə? Çünki Rauf kimi qrossmeyster onun barəsində “Azərbaycanda fəaliyyət göstərən ən güclü məşqçidi” deyirsə, deməli, İbrahimova mütləq geniş tribuna verilməlidir. Kiçik bir informasiya verək ki, qadın şahmatımızın lideri Günay Məmmədzadə məhz bu qrossmeysterin yetirməsidir.

 
“Fevralın 3-də start götürəcək qadınlar arasında Azərbaycan çempionatının Əsasnaməsi hələ də hazır deyil”

– İlk olaraq kişilər arasında komanda dünya çempionatına seçmə turnir barəsə fikirlərinizi bilmək istəyərdik…

– Bu turnirdə müəyyən obyektivlik vardı. Hər halda, təşkilatçılar buna can atırdılar, istəyirdilər. Ancaq qüsursuz da deyil. Qarşıdan Avropa çempionatı gəlir. Yenə milli komandamıza seçim eyni qaydada aparılacaqmı? Təbii ki, yox. Yalnız Azərbaycan çempionu 1 yer alacaq. Amma orda 4 yer verilmişdi.

– Məncə, yanaşma qəribə idi. Necə olar bilər ki, Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov iştirak etmir, amma Rauf Məmmədovla Qədir Hüseynov oynamalıdı? Bu nə yanaşmadı – bu da bir sual doğurur…

– Bilirsiniz, necədi, bunun səbəbləri var. Məsələn, bu gün deyə bilərsiniz ki, niyə Günay Məmmədzadə Azərbaycan çempionatında oynamır?

– Bəli, deyə bilərəm…

– Bunun bir neçə səbəbi var. Məsələn, fevralın 3-də start götürəcək qadınlar arasında Azərbaycan çempionatının Əsasnaməsi hələ də hazır deyil. Axı, Top şahmatçının hansısa yarışa qatılmasına dair verəcəyi qərar bir an içində baş tuta bilməz. Lazımi şərait yaradılsa, mükafat fondu həmin şahmatçıya cəlbedici gəlsə, əlbəttə, düşünməyə dəyər. Hesabat konfransında Rauf Məmmədov mükafat fondunun çox aşağı olduğunu bildirdi. Misal olaraq mükafatın ABŞ-da kişilərin çempionatında 60, qadınlarda isə 40 min dollar təşkil etdiyini bildirdi. Bizdə isə artım edildikdən sonra keçən il 22 min manat, bu il isə 25 min manat olub. Nəzərə alsaq ki, 1 il ərzində inflyasiya 15 faiz təşkil edib, buna artım demək düzgün olmaz. Məmmədov 2008-ci ildə əldə etdiyi Azərbaycan çempionluğuna görə 5 min manat qazandığını bildirdi. Bu da 6 min dollardan çox edir. İndiki halda isə artımdan sonra çempiona 10 min manat verirlər. Faktiki olaraq biz hələ indi 2008-ci ilin göstəricisinə qayıtmışıq. Günaya gəlincə, o, dünyanın TOP-20-sinə daxildir. Belə şahmatçılara müxtəlif beynəlxalq turnirlərə bir neçə ay əvvəldən dəvətlər gəlir. Digər tərəfdən isə şahmatçı çalışır elə turnirdə oynasın ki, ustalığını artıra bilsin. Bütün qeyd etdiklərimə rəğmən, şərtlər qaneedici olarsa, niyə də çıxış etməsin?! Axı, o, 2017 və 2019-cu illərdə analoji yarışda mübarizə aparıb və hər iki halda Azərbaycan çempionu olub. Bütün hallarda, son qərarı Günayın özü verəcək.

– Tam məntiqlidi. Çox böyük büdcə qoyulmalıdı ki, maraqlı olsun…

– Bəli, ya da ki, “Top-20″dəyəmsə, mənə sərf edir daha güclü turnirlərdə oynayım ki, ustalığımı artırım.
 
“Şahmat Federasiyasının uzun illərdi apardığı siyasət nəticəsində bir çox qabaqcıl məşqçilərimiz ölkədən didərgin düşüb”

– Maraqlısı odur ki, bizdə kişi şahmatı qadın şahmatından 1-2 baş üstün idi. Yalnız Aynur Sofiyeva, Firuzə Vəlixanlı, Nigar Sultanovanın dövründə fərqli idi ki, onu da açıq demək lazımdı böyük ölçüdə qlobal bir nəticə də olmadı. Hətta deyərdim ki, bizdə kişi şahmatı Şəhriyargildən əvvəl də güclü olub. Nə baş verdi ki, belə bir çevriliş yaşandı?

– Təbii ki, qadın şahmatçıların artırması fikriylə razıyam. Səbəb odur ki, 20 il əvvələ baxsaq, görərik çox güclü kişi şahmatçılar nəsli yetişməyə başladı. Bu, ona görə baş verdi ki, SSRİ-dən qalan, özlərini tam bir şahmatçı kimi reallaşdıra bilməyənlər, tam potesialından istifadə edə bilməyənlər keçdilər məşqçilik fəaliyyətinə. Onlar da yeni gələn nəslə – həmin Teymurun, Qədirin, Raufun, Eltacın, rəhmətlik Vüqarın hazırlıq prosesində çox yaxından iştirak etdilər. Yadımdadı, Vüqarın atası Qasım Həşimov MOİK-in rəisi idi, onda nə qədər güclü usta, beynəlxalq qrossmeytserlərimiz orda hərbi xidmətdə idilər. Təbii ki, onlar da bu dövrdə Vüqarın yetişməsinə çox böyük töhvə vermişdilər. Misal üçün Məhəmməd Zülfüqarlı, Loğman Quliyev, Anar Allahverdiyev, Cavad Məhərrəmzadə, təbii ki, Cəmil Ağamalıyev. Bilirəm ki, Rauf Hacılı orda hərbi qulluqda olmasa da, Rauf Məmmədovla, Nicat Məmmədovla məşğul olub. Eltacla Cavad Məhərərmzadə, yəni, bir çoxlarının əməyi keçməklə belə bir nəsil yetişdi. Sonra isə deməzdim ki, bu, Allahın bir qismətidi, sadəcə, ölkədə elə bir mühit yaranmışdı ki, Sovetdən qaldığı bazanın əsasında bax bu uşaqlar sürətlə inkişaf etdilər və qrossmeytser olmağı bacardılar. Qadın şahmatında isə bu proses bizdə bir az ləng getdi. Bizim Gürcüstandakı kimi ənənəmiz yox idi, amma Aynur Sofiyeva, Firuzə Vəlixanlı, İlahə Qədimova kimi qadın şahmatçılarımız vardı. Mənə elə gəlir ki, qadın şahmatçılarımız peşəkar məşqçilərlə məşğul olmamaları nəticəsində bir müddət kişi şahmatçılarımzından çox geri qalırdı. Yəni, kişilər getdilər qabağa, amma qadınlar həmin nəticəni göstərə bilmirdilər. Məncə, indi yeni nəsil qızların yetişməsində məhz yerli məşqçilərimizin, peşəkar usta və beynəlxalq qrossmeysterlerin böyük rolu var. Eyni zamanda, onu da qeyd edim ki, Xanım Balacayevanın hər iki valideyni şahmatla məşğul olub. Elə Gövhər Beydullayevanın da atası Sovet şahmat məktəbinin yetirməsidir.

– Çox maraqlı nüansa toxundunuz və bir sıra şahmat məşqçilərinin adlarını çəkdiniz. 1970-ci ilin sonların və 1980-ci illərin ortalarınadək olan təvəllüdlü o nəsil bizə Azərbaycanda çox böyük pleyada bəxş etdi. Və onlardan sonra böyük bir quraqlıq yarandı. Yəqin, razılaşarsınız, Şəhriyar aqressiyasını, Teymur soyuqqanlılığını, Vüqarın taktiki döyüşlərini heç kəsdə izləyə bilmirik. Yenilər sanki 2500-ə başa vururlar və orda dayanırlar. Bu, nədən qaynaqlanır? Sizə elə gəlmir ki, milli komandamızın hazırkı qrossmeysterlərini təqaüdə göndərmək lazımdı? Bunu yaxşı mənada deyirik ki, artıq onlar yetişdirsinlər və bizə Şəhriyardan güclü yeni Şəhriyar, Teymurdan güclü yeni Teymur bəxş etsinlər. Bəli, siz də Azərbaycana qrossmeyster bəxş edirsiniz, amma razılaşarsınız ki, Şəhriyarın məşqçi kim bazası daha üstün olar, faydası daha effektiv olar…
 

– Ümumiyyətlə, Şəhriyar ayrı aləmdi. Atasının, özünün əzmkarlığı hesabına, böyük bir məşqçilik bazası görmədən, görə-görə, oynaya-oynaya gəlib o səviyyəyə çıxdı. Bu gün 16 yaşadək reytqinq siyahısına nəzər yetirsək, görərik ki, cəmi bir beynəlxalq ustamız var. Halbuki, 20 il əvvəl baxsaydınız, bu yaşda nəinki 1, 2 qrossmeytserimiz vardı. Az əvvəl adını sadaladığım uşaqları nəzərdə tuturam. Bir vacib məsələ də var ki, əvvəl Şahmat Federasiyasının böyük bir maddi imkanları yox idi. Bəs, necə olurdu o dövrdə bu cür şahmatçılar yetişirdi, amma indi həmin səviyyədə şahmatçılar yetişmir? Yəqin, bu da Azərbaycan Şahmat Federasiyasının bu 20 ildə apardığı siyasətinin nəticəsidi. Həmin problemi qız şahmatına da aid edirəm – 16 yaşa qədər. Bura nəzər yetirsək, görərik ki, 2000 reytinqə qədər çatan şahmatçı yoxdu. Sualın özülünə gəlincə, nəsildəyişmə uzun vaxt tələb edəcək. Çünki bu, tam başqa bir səviyyədi.

– Bunun qarşılığında mən də bir sual qoyum ki, 12 yaşadək medalları sıralayırıq. Həm oğlanlarda, həm də qızlarda Avropa və dünya çempionatlarında…

– Artıq o nəticə də yoxdu. Dünya şöhrətli yetişə biləcək yalnız 1, uzağı 2 şahmatçının adını çəkə bilərəm. Söhbət 2700+-dən, hətta 2650-dən gedir. Əslində, 1 nəfərin adını çəkə bilərəm. O da Əhməd Xaqanovdu. Həmin uşağın adını hələ eşidəcəksiniz. Çünki bu yaxında kişilərin 1-ci liqasını uddu 11 yaşında. Avropada 12 yaşlılarda 1-ci yerdə gedirdi və yalnız təsadüf nəticəsində 1 oyunu əldən verdi, 2-ci yerə düşdü. Qızlarda da vəziyyət heç də qənaətbəxş deyil. 10-12 il əvvələ baxsaydıq, görərdik hansı perspektivdə şahmatçılar yetişir. Həmin Günay, Gövhər Beydullayeva, Xanım Balacayeva artıq milli komandanın üzvlədirlər. Görün, qadın şahmatımız nə qədər inkişaf elədi! Onların 16 yaşadək reytinqləri nə qədər idi? İndikilərlə müqayisə oluna bilər? Təbii ki, yox. Günay artıq 14 yaşında qrossmeyster idi. Bizdə 16 yaşadək ən güclü şahmatçının reytinqi hələ 2000-ə çatmayıb.

– Elədirsə, nədir problem? İnanmıram ki, bu, məşqçi problemidi…

– Düz deyirsiniz, kifayət qədər potensialımız var. Amma Şahmat Federasiyasının uzun illərdi apardığı siyasət nəticəsində bir çox qabaqcıl məşqçilərimiz ölkədən didərgin düşüb. Birinci Elmar Məhərrəmov oldu, neçə ildir Birləşmiş Ərəb Əmirliklərində çalışır. Sərxan Quliyev, hansı ki çoxsaylı kitabların müəllifidi, bir neçə ölkənin fəxri məşqçisi, FİDE məşqçisidi. Nə qədər güclü şatmatçı yetişdirib, İranda, Türkiyədə, BƏƏ-də işləyib. Misrəddin İsgəndərov – Nərmin Kazımova ailəsi də hazırda Türkiyədə fəaliyyət göstərir. Misrəddin beynəlxalq qrossmeysterdi, Nərmin isə 18 yaşadək qızlar arasında dünya çempionu olub və o da qadınlar arasında qrossmeyster tituluna sahibdi. Beynəlxalq usta Bəhruz Rzayev də hazırda Türkiyədədi. Əlbəttə ki, Cəmil Ağamalıyev də ən üst sırada – çox hörmət bəslədiyim mütəxəssisdi. Nümunə olaraq 16 yaşadək son Şahmat Olimpiadasında Türkiyə yığmasının məşqçisi idi və reytinqdə 5-ci olmalarına baxmayaraq, həmin komandanı çempion elədi. Gənc qrossmeysterlərdən Vüqar Rəsulovu, Zaur Məmmədovu, Ülvi Sadıxovu qeyd eləmək olar. Onların hamısı Türkiyədədi. Bir şeyi də nəzərə almaq lazımdı ki, qrossmeyster gəlib uşağa nəyisə tədris eləməli deyil. Hər bir şey mərhələli şəkildə ötürülməlidi. Çox idman ustalığına namizədlərimiz, beynəlxalq ustalarımız var. Hansılar ki, digər ölkələrdə fəaliyyət göstərirlər.
 
“Azərbaycanda elə məşqçilər var – yaxud xaricdə işləyənlər — neçəsi Şereşevskini sıraya qoyub mühazirə oxuya bilər”

– Bəs bu qədər əjdahalarımızın ölkə xaricində fəaliyyət göstərməsinin qarşılığında Mixail Şereşevskini bəh-bəhlə Azərbaycana dəvət etmək hansı məntiqə sığır? Belarusiyalı Azərbaycan şahmatına hansı faydanı verə bilər?

– Doğrusu, onun Bakıya dəvət oluması məni də təəccübləndirdi. İnternet resursrlarında oxuya bilərik ki, o kimdi. Düzdür, Şahmat Federasiyası onu beynəlxalq usta kimi təqdim edir. Amma FİDE-nin rəsmi saytında belə deyil, heç beynəlxalq reytinqdi yoxdu belə. Sadəcə, yazdığı kitablar sayəsində SSRİ vaxtında məşqçi kimi bir qədər tanınıb. Ən maraqlısı budu ki, Azərbaycanda elə məşqçilər var – yaxud xaricdə işləyənlər — neçəsi onu sıraya qoyub mühazirə oxuya bilər. Digər tərəfdən, internet resurslarında var ki, 90-ci illərdən sonra şahmatla ümumiyyətlə, məşğul olmayıb, bizneslə məşğul olub. Yadımdadı, Şəhriyarla Moskvada Tal turnirində oynayanda orda tanış olmuşdum. O, mənə mebel biznesi haqda — Bolqarıstanda necə ağacları kəsib mebel düzəldib Rumıniya mebeli adıyla satmaqdan danışırdı. Belə başa düşdüm ki, işini yaxşı bilən mebel işçisidi. Təbii ki, üstündən 30 il keçəndən sonra bu adamın Şahmat Federasiyası tərəfindən dəvət edilməsi anlaşılmazdı. Axı, 30 il öncə hansısa debüt vəziyyətləri şübhəli kimi göstərilirdisə, bu gün kompüter onu çox məharətlə göstərir ki, oynamaq olar, hətta lazımdı da. Yaxud əksinə. Rusiya ilə Ukrayna arasıda müharibə getdiyi vaxtda bütün turnirlərdə heç rusiyalılar Rusiya bayrağı altında çıxış etmirlər. Belə olan halda, Rusiyadan məşqçi dəvət etməyin nəyə lazım idi? Mixail İzraileviç Şereşevski Belarus vətəndaşıdı, amma son illər Rusiyada “Sirius” akademiyasında çalışıb. Özü də tək Şerevevski deyil, dostu Tomaşevski də var. Digər tərəfdən, Olimpiada vaxtı Yevgeni Nayer də məşqçilər korpusunda olub. Bunlar nəyə işarədi?

– Məqsədlidi…

– Bəli. Hətta mənə elə gəlir ki, bu təyinatlar Rusiya Şahmat Federasiyasından gəlir. Azərbaycan Şahmat Federasiyası da həmin qurumun bir filialına dönüb.

– FİDE prezidenti olan rusiyalı Arkadi Dvorkoviçə görə?

– Bəli, son vəziyyət bunu göstərir. Azərbaycanda şahmatının inkişaf strategiyasını Şereşevskiyə etibar ediblər. Görün, nə gündəyik? Nə deyim bundan sonra…Ürəyim paralanır. Rusiya məşqçilərinə gərək bir iş tapaq verək. Amma özümüzünkülər yox, onlar həmişə ikinci plandadı.

– İnamsızlıq əlbəttə pisdi, amma yenə o statistik rəqəmi almaq istəyirəm ki, tutaq ki, hər şey ideal oldu, 1 ildə buna nail ola bilməzsiniz ki, 10 Top beynəlxalq qrossmeysterimiz olsun. Razılaşın ki, ağır söhbətdi…

– Sizə deyim ki, yaxşı bir iş qurulsa, 3-4 il ərzində çox şey eləmək olar.

– Və zamanla artıq 2700 hədəfinə yönəlmək olar…

– Bəli, artıq istedadlı şahmatçılar yetişdirə bilərik ki, hansılar gəlib bu potensiala malik ola biləcəklər. Bizdə yaxşı gənc şahmatçılar vardı. Demirəm ki, onlar 2700-dü. Gənc şahmatçıların statistikasını seçdim. Məsələn, 6 nəfərə — Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Əsədli, Abdulla Qədimbəyli, Xəzər Babazadə və Əhməd Əhmədzadəyə inamım var ki, yaxın zamanlarda gəlib 2650+ olacaqlar.
 
“Bunu seçki yox, təyinat adlandırıram”
– Daha bir səhifə açaq. Bu, federasiyanın fəaliyyəti və ya fəaliyyətsizliyi ilə bağlıdı. Söhbət ondan gedir ki, Elman Rüstəmov istefaya göndəriləndə çox adam sevindi. Böyük ölçüdə nə dəyişdi şahmatımızda? Nəsə dəyişiklik oldumu?

– Etiraf eləmək lazımdı ki, Elman müəllimin vaxtında da şahmatda uğurlar olub. Ən azı 3 dəfə milli komandamız Avropa çempionu olanda Rüstəmovun rəhbərliyi dönəmi idi. O, səhv eləmirsə, 14 il federasiyaya rəhbər olub. Bu müddətdə görülən işlə 1 ildəkini müqayisə etmək bəlkə də düzgün olmazdı. Lakin fikrimcə, dəyişən müsbət məqamlar da oldu, mənfi tərəflər də. Müsbət tərəflərdən biri odur ki, əvvəl heç bir məşqçi və ya qrossmeyster federasiya prezidenti ilə heç cür əlaqə saxlaya bilməzdi. Çünki belə bir qəbul günləri mövcud deyildi. Dəyişikliyə gəlincə, burda bəzi fikirləri demək istəyirəm.

– Seçkilərdə nə dəyişdi?

– Bunu seçki yox, təyinat adlandırıram. Səbəbi də odur ki, ümumiyyətlə, seçki keçirilir qardaş Türkiyədə. Onların Nizamnaməsində açıq-aydın yazılıb ki, federasiyanın Assamblesiyasında minimum neçə adam iştirak etməlidi, maksimum neçə nəfər. Səhv eləmirəmsə, miimum 100, maksimum 200 nəfərdi. Bunlar arasında Türkiyənin tanımış idmançıları, qrossmeytserləri, məşqçiləri, hakimləri, idman jurnalistləri və ən əsası, həmin məclisi 60 faizi klubların nümayəndələri. Bilirik ki, Türkiyə şahmat liqası bütün dünyada məşhurdu. Onların həm yüksək dəstəsi var, həm də I və II. Demək olar Şahmat Federasiyasının Prezidentini şahmat klublarının rəhbərləri müəyyənləşdirir. Bizdə isə seçki necə baş verir? Şahmat Federasiyası özü də etiraf elədi ki, 14 il və ondan əvvəlki illərdə də Nizamnaməsi olmayıb. Bu, mətbuata da sızdırıldı. Sonra tələm-tələsik bir Nizamnamə hazırladılar. Lakin şahmat ictimaiyyətinin böyük bir hissəsini xəbəri olmadan, yalnız özlərinə loyal olan insanları ora dəvət etdilər və seçkiyə oxşar bir yığıncaq etdilər. Bunun da adını qoydular seçki. Məsələn, normal seçki olsaydı, etiraf edirəm ki, mən də ora bir Əməkdar məşqçi, qrossmeyster kimi dəvət olunsaydım, Mahir Məmmədovun namizədliyini dəstəkləyəcəkdim. Lakin Şahmat Federasiyasının İdarə Heyətində elə insanlar var ki, onları yenidən həmin postu tutmalarına qəti etirazımı bildirəcəkdim. Onlardan biri də Faiq Həsənovdu. Bunu açıq deyirəm – yaşı artıq 80-i keçən Faiq Həsənov.
 
“Faiq Həsənova olan mükafat altı rəqəmli məbləğdən gedir – 100 min manatdan!”
– Səbəb?
– Səbəblər burda çoxdu. Faiq Həsənov ömürboyu gənc şahmatçıların, istedadların, gənc, perspektivli kadrların qarşısına çəpər qoyan insan olub. Bunu qorxmuram deməkdən, istəyirəm ki, çap olunsun. Həmişə milli maraqlarımızı, Azərbaycan Şahmat Federasiyasının maraqlarını arxa plana keçirib, şəxsi mənafeyini daha üstün tutan adam olub. Buna çoxsaylı nümunələr var. Misal üçün bilirik ki, 2017-ci ildə milli komandamız 3-cü dəfə Avropa çempionu oldu. Dövlət başçısı komandamızı qəbul edəndən sonra Şahmat Federasiyasına 1 milyon manat vəsait köçürdü. Faiq Həsənov həmin Avropa birinciliyində hakimlik edib və buna uyğun da qonorar alıb. Şahmat Federasiyasının vitse-prezidetinin də ümumiyyətlə, şahmat səviyyəsi hamıya məlumdu. Bu adam məşqçilik edə bilməz. Bəs necə olur ki, millini üzvləri və məşqçisi kimi mükafat alır? Yəni, söhbət altı rəqəmli məbləğdən gedir – 100 min manatdan! Bu vəsait Federasiyaya şahmatı inkişaf etdirmək üçün verilmişdi axı. Yaxud  Prezident bunu oyunçulara ayırıbsa, sən nə oyunçusan, nə də məşqçi. Hansı haqla bu pulu alırsan, hansı işə, hansı zəhmətinə görə? Adama sual verməzlər? Ümumiyyətlə, Faiq Həsənovun kim olduğuna nəzər yetirməkdən ötrü birinci düşünmək lazımdı ki, indiyədək özümü dərk edən vaxtdan Şahmat Federasiyasında 4-5 prezident dəyişib – Sabir Rüstəmxanlı, Eldar Namazov, Ayur Sofiyeva, Elmar Rüstəmov və Mahir Məmmədov. Bu adam həmişə I vitse-prezidentdi. Oxuculara sadəcə olaraq bir misal çəkmək istəyirəm ki, 1985-ci ildə Vasili İvançuk 20 yaşadək dünya birinciliyində iştirak edəndə həmin turnirdə Faiq Həsənovla ezam olunur. O vaxt SSRİ dövrü, Faiq Həsənovun da şahmat səviyyəsinə bələdik. Uzaq xaricə şahmatçının yanında adətən kim gedir – ya məşqçisi, ya “KQB”-yə bağlı olan bir adam. Onun səviyyəsini bilirəmsə, İvançuka heç cür kömək edə bilməz. O, məşqçi deyilsə, deməli, ikici variantdı. Yəqin, bu səbəbdəndi ki, prezidentlər hamısı dəyişilir, amma bu adam vitse-prezident olaraq qalır .Və nəyə xidmət edir və şəxsən mənə bu, aydındı.

–  Məqsəd Azərbaycan şahmatını batırmaq?

– Yəqin ki, belədi. Ən azı son statistikanı götürəndə, özünüz də etiraf elədiniz ki, indiki ulduzlarımızın yerini verə biləcək gənclər yetişmir. İstər FİDE-nin səsverməsi olsun, istərsə də gənc istedadların qarşısını kəsmək, hər bir şeydə öz şəxsi marağı üstün olub. Məsələn, Türkiyə Şahmat Federasiyasının ovaxtkı prezidenti Ali Hihat Yazıçı özü mənə yaxınlaşıb deyib ki, 3 kuruş paraya babam yaşında adam məni satdı. Yəni, bu adam Avropa birinciliyinə öz namizədliyini verib və fikirləşib ki, qardaş ölkənin nümayəndəsi mənə burda dəstək olar. Amma məlum oldu ki, Faiq Həsənov Bolqarıstan Şahmat Federasiyasına dəstək verib. Bu da hər yerdə məlum bir faktdı. Mənim fikrimə görə, belə adamlar Şahmat Federasiyaısında olmamalıdı.
 
“Seymur Talıbovun qazandığı milyonların mənbəyini araşdırmaq mənim payıma düşməz”

– Maraqlıdı ki, Vasif Talıbovun oğlu da Şahmat Federasiyasındadı və vitse-prezident postundadı. Gülməli deyil?

– Ola bilər ki, kim üçünsə gülməlidi. Amma 2009-14-cü illər üçün Prezidentimiz Azərbaycanda şahmatın inkişafına dair Sərəncam imzaladı. Necə hesab edirsiniz, ölkənin hansı yerində həmin proqram normal icra olundu?

– Naxçıvanda?

– Elədi. Seymur Talıbovun qazandığı milyonların mənbəyini araşdırmaq mənim payıma düşməz. Buna aidiyyatı orqanlar var. Amma etraf eləmək lazımdı ki, həmin proqram daha çox Naxçıvan Muxtar Respublikasında yerinə yetirildi.

– Naxçıvan Şahmat Məktəbinin hansı yetirmələrini qeyd edə bilərsiniz bunun qarşılığında?

– Təbii ki, onlar cəhd göstərdilər. Amma orda bütün bu işlərə kim rəhbərlik edirdi – orda ikişaf ola bilərdi? Yadımdadı ki, Sərxan Quliyevi də ora dəvət etdilər, ona sual qoydular ki, burda qrossmeysteri neçə vaxta yetişdirə bilərsən?  O da obyektiv dedi ki, özüm 20 ilə olmuşam. Dərhal onu yola saldılar. Ona görə bir müddət sonra saxta turnirlər təşkil olunmağa başladı, bu boyda iş görüblər. Son vaxtlaradək saxta, şübhəli turnirlər yenə fəaliyyət göstərirdi. Orda süni olaraq Naxçıvan şahmatçılarının reytinqləri artırıldı, onlara beynəlxalq usta, hətta qrossmeyster adları da verildi. Düzdü, bu neqativ məqamlar olsa da, müəyyən qədər inkişaf getdi. Açıq deyim, Talıbdan başqa Naxçıvan şahmatçılarından kiminsə adını eşitməmişdim. Şişirtmə reytinqlər olsa da, müəyən iş görüldü. Amma həmin sərmayəyə əlbəttə ki, dəymədi. Fikrət Sideyifzadə gedib orda neyləyəcəkdi? Şahmatçı yetişdirəcəkdi? Hər halda, cəhd elədilər. Qazanılan nəticələrin arxasında isə Bakıdan güclü məşqçilərin dəvət edilməsi idi. Kimisi Naxçıvanda, kimisi Babəkdə, kimisi də Muxtar Respublikanın digər hissəsində yüksək məvacib qarşılığında fəaliyyət göstərdi. Qarşılığı? Hər halda, müəyyən səviyyə əldə edildi.

– Bir halda ki, ən yaxşısı Naxçıvandı, pisini təsəvvür etmək belə istəmirəm ki, qalanlarda nə olub. Bildiyim qədər Azər Mirzəyev də müəyyən qədər orda fəaliyyət göstərib…

– Mən özüm 1 aya yaxın orda fəaliyyət göstərdim. Amma təbii ki, ora Naxçıvan şəhər icra başçısı tərəfindən dəvət olunmuşam. Təsadüfən görüşdük, məni dəvət elədi. Şərura getdim, işə başlayanda Faiq Həsənovla razılaşdırılmadığına görə faktiki olaraq orda işimdən uzaqlaşdırıldım.
 
 
“Adımın heç bir yerdə qeyd olunmaması mənə qarşı düşmənçilikdi!”

– Öz fəaliyyətinizə də toxunaq. Bir müddət əvvəl Rauf Məmmədovla müsahibə götürəndə, belə bir ifadə işlətdi ki, ölkədəkı fəaliyyət göstərən ən yaxşı şahmat məşqçisi Rəsul İbrahimovdu…

– Özümə o cür qiymət verməyim düzgün olmazdı. Rauf belə qiymət veribsə, sağ olsun. Amma yəqin, müəyyən səbəbləri də var. Məsələn, təkcə 2022-ci ili götürsək, şagirdlərimdən Günay Məmmədzadə Polşada keçirilən beynəlxalq turnirin qalibi oldu. Avropa çempionatında tarixi nəticə kimi qələmə verilən göstəriciyə imza atdı – 2-ci yerə çıxdı. Olimpiadada millinin heyətində çox layiqli oyun göstərdi. İndi də 2023-cü ilə maşallah, çox uğurla başlayıb. Çin Şahmat Federasiyası tərəfindən təşkil olunan turnirdə 1-ci yerə çıxdı. Şagirdlərimdən Məhəmməd Muradlını qeyd edə bilərəm. Hansı ki kişilər arasında Azərbaycan birinciliyinin qalibi oldu. Yay aylarında İsveçrənin çox məşhur olan “Bill Open” 200-dən artıq iştirakçı olaraq turirin qalibi oldu. Digər tələbəm 2 ilə yaxındı məşğul olduğum Gövhər Beydullayeva qadınlar arasında Azərbaycan çempionatının qalibi oldu. Yığmada həm yerini möhkəmlətdi, həm layiqli olduğunu göstərdi. Oktyabrda isə 20 yaşadək dünya çempionatında qalib oldu. Digər kiçik yaşlı şagirdlərimin də uğurları oldu. Amma onlar bu qədər auditoriya toplamadı. Hesab edirəm ki, onların gələcəyi hələ qabaqdadı.

– Azərbaycan şahmatının Rauf Məmmədov kimi “balina”sı bütün qeyd elədiklərinizi belə az sayır. Hesab edir ki, daha çox potensialdasınız, daha çox işləyib daha böyük uğurlar qazandıra bilərsiniz bizim Vətənə. Haqlıdırmı?

– Haqlı olmağına haqlıdı. Kölgədə qalmaqla bağlı sualınıza gəlicə, Azərbaycan Şahmat Federasiyasının bütün press-relizlərinə fikir versəniz, şahmatçıların bütün uğurları haqda məlumat verilir, amma onlarla kim məşğul olur, məşqçisi Rəsul İbrahimovun adı heç yerdə qeyd olunmur. Sizcə, bunun səbəbi nədi?

– Qısqanclıq, düşmənçilik?

– Düşmənçilik!

– Niyə?

– Səbəb odur ki, yəqin, ağa ağ, qaraya qara deyən adam heç yerdə xoşlarıana gəlmir.

–  Vətəni tərk  etmək barədə düşünməmisiniz?

– Doğrusu, mənə təkliflər dəfələrlə olub. Hələ 2008-ci ildə bu olmuşdu – meyldə də var – Birləşmiş Ərəb Əmirlikləri yığmasının baş məşqçisi kimi dəvət olunmuşdum. Yaxşı da şərtlər vardı. Amma müəyyən ailə məslələrinə görə Bakıda qalası oldum. Əlbəttə, Şereşevskinin aylıq maaşına 4 yerli, özü də hər biri ondan üstün, məşqçi işləyə bilər. Amma federasiyanın siyasəti belədi. Gözləntilərim vardı. İlin sonunda məlum oldu ki, Azərbaycan Şahmat Federasiyasında yaxşı-pis seçki keçirilib. Amma bu adamlar şahmat ictimaiyyətinə hesabat verməyi özlərinə borc bilmirlər. Mənə elə gəlir ki, bu fikirlər çox vacibdi. Yenə də hesabata oxşar bir iclas keçirdilər. Həmin press-relizdə yazırlar ki, Azərbaycan Şahmat Federasiyasının büdcəsi Mahir Məmmədov gələndən sonra artdı, şəffaflıq təmin olundu. Sual olunur, Azərbaycan Şahmat Federasiyasının büdcəsi nə qədər idi və nə qədər oldu?

“Özünə gələndə, heç bir şey eləməyib kənarda gəzirsən, hakimlik edib qonorar alırsan, sonra da Ayandan 100 dəfə artıq vəsait alırsan”

– Bir sual da çıxır ki, həmin Mahir Məmmədov federasiyanın vitse-prezidenti idi, niyə kömək eləmirdi şəffaflığın təmin olumasına?

– Digər tərəfdən, gənclər arasında dünya və Avropa çempionatlarında medal qazanmış uşaqlar hələ mükafatlandırılmayıb. İkinci tərəfdən, niyə Faiq Həsənovun orda olmağını düzgün hesab etmirəm? Çünki həmin yığıncaqda mən də vardım və 2-ci yeri tutan Ayan Allahverdiyevanı qınadı ki, dünya birinciliyində 2-ci yerə çıxmısan, niyə Avropa çempionatında öz yaş kateqoriyasında çıxış etmirsən? Yəni, 18 yaşadək oğlanlarla oynadı. Məqsəd burda medal qazanmaq deyildi, şahmat səviyyəsini artırmaqdan ötrü daha güclü şahmatçılarla qüvvəni sınamaq idi. Mənim də sualım Faiq müəllimədi ki, necə olur 2-ci yeri tutan şahmatçıya 1000 manat nəzərdə tutursunuz, buna hansı stimulu verirsiniz, sonra da qınayırsınız? Amma özünə gələndə, heç bir şey eləməyib kənarda gəzirsən, hakimlik edib qonorar alırsan, sonra da Ayandan 100 dəfə artıq vəsait alırsan. Bu, nə müqayisədi? Necə olur bəs belə? Hansı stimulu verirsən Ayana ki, növbəti yarışda çıxış edib medal qazansın? Yaxud ona bir proqram hazırladınız, məşqçi ilə təmin elədiniz? Məşqçi ilə ilboyu məşğul olur, gedir medal gətirir, sonra da buna deyirsən niyə gedib. Avropada oynayıb medal qazanmadın ki, piar edək. Şahmat Federasiyası bütün bu uğurlu nəticələri qeyd edir və yalnız öz piarıyla məşğuldu. Halbuki, xüsusi olaraq vurğulayıram ki, bu nəticələrin hər biri az-çox yerli məşqçilərin hesabına qazanılıb. Bəzi hallarda isə həmin idmançılarımız Skype vasitəsilə həmin Cəmildən, həmyerlilərimizdən müəyyən məsləhətlər alırlar. Günaya 14 yaşında o dəstəyi versəydiniz, o indi dünyada Top-20-də yox, Top-5-də olardı. Vaxtında bunu etməməklə batırmaq istədilər. Hətta Günayı elə bir səviyyəyə çatdırmışdılar ki, 2020-ci ildə Novruz bayramında belə bir məqalə çıxmışdı – mənə qarşı belə bir münasibət olsa, FİDE bayrağı altında çıxış etməyə məcburam. Həmin Günaydı da, elə bir həddə çatdırırlar, insanın ən yaxşı, inkişaf edə biləcək vaxtları gedir. İndisə çox şeylə təmin olunur, çünki “1 nömrə”di.

– Öz fəaliyyətinizi özünüz qənaətbəxş sayırsınız?

– Bacardığımı edirəm, amma görürəm ki, Azərbaycanda nə qədər istedadlı uşaqlar var. Onlar lazımı, yaxşı məşqçilərlə məşğul olsalar, doğrudan da yüksək səviyyəyə çata bilərlər. Amma çox təəssüf ki, bu federasiya uzun illərdi apardığı siyasət nəticəsində yaxşı məşqçilər artıq çox az sayda qalıb Azərbaycanda. Səbəb bax, budu. Məsələn, Fərid Abbasov hal-hazırda federasiyada məşğuldu, o neçə yerə bölünsün? Avropa və ya dünya bitonciliyinə bit məşqçi göndərirlər. Həmin şəxs neçə yerə parçalansın? Hər adama individual bir məşqçi olmalıdı. Yaxud 2-3 nəfərlə məşğul ol, daha 12 nəfərlə yox da…

– Normal imkan yaradılsa, etiraf edirsiniz ki, Azərbaycan şahmatı üçün potesialınızı tam istifadə etmirsiniz?

– Öz potensialımdan maksimal dərəcədə istifadə edirəm. Çox istəyərəm ki, daha bir neçə istedadlı uşağa kömək edim. Amma vaxtım yoxdu.
 
“Şəffaf işləyirsinizsə, niyə Nizamnaməniz digər şahmat federasiyalarında olduğu kimi yoxdu?”

– Yəni, vaxtınız tam tükənib….

– Bəli. Tam potensialımla neçə nəfərlə məşğul ola bilərəm? Maksimum 2-3 nəfərlə. Peşəkarlardan, milli komanda üzvündən söhbət gedirsə, uzağı 2 nəfərlə. Açıq deyim ki, Məhəmməd Muradlıyla elə bir potensialım yoxdu məşğul olmağa. Çünki ona ayrı səviyyə lazımdı. Yenə deyirəm ki, şəffaflıq yoxdu. Futbolda bilirik ki, kim hansı kluba neçəyə transfer oldu. Amma bizdə şahmatda şəffaflıq yoxdu. Şahmat Federasiyasına suallarım var. Nə qədər üzvləri var? Sayı konkret deyə bilərlər? Nizamnamə rəsmi saytda yoxdu. Yalnız dost-tanışla xahiş edə bilərsən, kimdəsə bir neçə nüsxə var. Şəffaf işləyirsinizsə, niyə Nizamnaməniz digər şahmat federasiyalarında olduğu kimi yoxdu? Orda yazılıb ki, üzvlük haqqı var — nə qədərdi? Nizamnamədə baxmışam, rast gəlməmişəm.

– Ən azı dəvət olunmalı idilər…

– Bəli, orda uzağı 25-30 nəfər olub, bunun yarısı da İdarə Heyətinin, komissiyalarının üzvləri. Onlar özləri özlərini seçiblər. Sonra da bunu təqdim ediblər seçki kimi. Bu, seçki deyil, təyinatdı. Bilirik ki, şahmatın inkişafı üçün Open turnirlər təşkil olunmalıdı. Son 1-2 ildə hansı belə yaddaqalan turnir Azərbaycanda keçirildi? Şəxsən mənim yadımda deyil. Hamısı dairəvi, çox büdcəli turnirlərdi. Open turnirlərdə şatmatçılar beynəlxalq ustalarla, ustalığa namizədlərlə, qrossmeytserlərlə oynayırlar, ustalıqlarını artırılar, beynəlxalq normativləri yığmaq, reytinqləri artırmaq imkanları olur. Bizim cavanlar harda oynasınlar? Elit-turnilərdə oynamaqdan ötrü bir səviyyəyə çıxmalıdırlar?

– Əlbəttə…

– Eləsə harda oynasınlar? Bilirsiniz ki, xaricə biletlər neçəyədi, üstəlik viza almaq da asan və ucuz deyil. Yəni, yarışa səfər xərci 2500 manatdan aşağı başa gəlmir. O da yaxın ölkələrə. Azər Mirzəyev deyib, mən də bir peşəkar kimi bunu təsdiq edə bilərəm ki, bütün qonşu ölkələrin hamısının şahmat liqaları var. Məsələn, bəyənmədiyimiz molla rejimi olan İranda da, Türkiyədə də, Gürcüstanda da, bədnam qonşularımızda da, Rusiyada da. Yalnız bu, Azərbaycanda yoxdu. Axı, bu, şahmatın inkişafına xidmət edir.

– Sonda müsahibə zamanı səsləndirdiyiniz iki rəqəmi müqayisə etmək istərdim: Azərbaycan çempionuna verilən mükafat və  azərbaycanlı qrossmeysterlərdən qat-qat aşağı pillədə dayanan Şereşevskinin məvacibi…

– Acı reallıqdır. Hər ikisinə 10 min manat. Amma Azərbaycan çempionu olmaq uğrunda neçə-qrossmeyster mübarizə aparacaq, Şerevski isə hər ay mübarizəsiz 10 minə sahib olur.


 
 
CEYHUN ƏLİYEV
 

Mənbə

Share: