Tacikistan-Qırğızıstan gərginliyində ölənlərin sayı 26-a çatdı

Qırğızıstan və Tacikistan sərhədində bu həftə başlayan silahlı qarşıdurmada ölənlərin sayı 26-ya, yaralananların sayı isə 114-ə çatıb.

Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi Tacikistan sərhədində sülhün bərqərar olması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, təxliyə işlərinin aparılması və ölüm hallarının qarşısının alınması məqsədilə Batken vilayətində fövqəladə vəziyyət elan olunduğunu açıqlayıb.

Qırğızıstan və Tacikistan arasında torpaq, kənd təsərrüfatının suvarılması, heyvanların otarılması, qaçaqmalçılıq, ümumi yoldan istifadə və sərhəddə icazəsiz keçidlər səbəbindən gərginlik var. Qırğızıstan 2021-ci il mayın 21-dən sərhəd məsələsi həll olunana qədər Tacikistanla gömrük qapılarını bağlamışdı.

Qırğızıstan Səhiyyə Nazirliyindən verilən açıqlamada iki ölkə arasında baş verən qarşıdurmada 24 vətəndaşın həyatını itirdiyi bildirilib. Çərşənbə günündən etibarən Qırğızıstan tərəfində yaralananların sayı 103-ə çatıb. Tacikistan səlahiyyətliləri isə qarşıdurmalarda 2 əsgərin həyatını itirdiyini, 11 nəfərin yaralandığını açıqlayıb. Beləliklə, hər iki ölkədə sərhəddəki qarşıdurmalar zamanı həyatını itirənlərin sayı 26-ya, yaralıların sayı isə 114-ə yüksəlib. Ölkələr arasında atəşkəs qərarı verilsə də, sərhəddə gərginlik davam edir.

Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin bəyanatında bildirilir ki, Tacikistanla sərhəddə sülhün bərqərar olması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, təxliyyə işlərinin aparılması, ölüm hallarının qarşısının alınması və yanğınların qarşısının alınması məqsədilə Batken vilayətində fövqəladə vəziyyət elan edilib. /Musavat.com/

 

Share: