Taxıl sazişinin müddəti uzadılır – Ukrayna və BMT razılığa gəldi

Ukrayna və BMT taxıl ixracı təşəbbüsünün davam etdirilməsinin dünya üçün vacib əhəmiyyət daşıdığı barədə həmfikirdirlər.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin Baş katibi Antonio Quterreşlə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında deyib.

 

“Biz razılaşdıq ki, Qara dəniz Taxıl Təşəbbüsünün 18 martdan sonra uzadılması bütün dünya üçün zəruridir. Həmçinin Ukraynadan daşınan taxıl humanitar təşəbbüs üçün vacibdir və biz təşəbbüsün bir hissəsi olaraq artıq bunu bacarmışıq”, – deyə Zelenski bildirib.

 

Zelenski əmindir ki, Ukrayna BMT ilə birlikdə həm humanitar təşəbbüsü, həm də taxıl təşəbbüsünü əhəmiyyətli dərəcədə gücləndirə biləcək. Onun sözlərinə görə, bu, dünyanın ərzaq təhlükəsizliyinə daha böyük təminat verəcək.

 

Quterreş isə dəniz yolu ilə ixrac infrastrukturundan maksimum yararlanmağa davam etmək üçün Qara dəniz Taxıl Təşəbbüsünün davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

 

“Qara dəniz Taxıl Təşəbbüsü Ukrayna limanlarından 23 milyon ton taxılın çatdırılmasını təmin edib. Bunun sayəsində dünyada ərzaq məhsullarının qiymətlərini aşağı salmaq və inkişaf etməkdə olan ölkələrə dəstək vermək mümkün olub. Bundan başqa, ərzaq qiymətləri indeksi 20 faiz aşağı düşüb”, – deyə Baş katib qeyd edib.

Mənbə

Share: