“Tramp Putinə təslim olan prezident olmaq istəməz”

“Müharibə Ukraynanın qələbəsilə bitəcək və bu, nəticə etibarilə ona dəstək verənlərin sayəsində baş verəcək…”

 

“ABŞ Ukraynaya öz büdcəsinin cəmi 5 faizini xərcləyərək, Avroatlantika məkanında sülhün təmin edilməsi üçün çox şeyləri edir…”

 

ABŞ-ın sabiq prezidenti Donald Tramp yenidən hakimiyyətə gələcəyi tədqirdə o, xeyli dərəcədə ABŞ-ın indiki siyasətini davam etdirəcək.

 

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın sabiq baş naziri Boris Conson “gordonua.com” nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində bəyan edib.

 

Consonun fikrincə, Tramp avropalıların müdafiəyə daha çox vəsait sərf etməsinə nail olmaq istəyir və Ukraynaya dəstək “artıq Avropanın kifayət qədər özünü təmin etməsinə” gətirib çıxarıb.

 

Finlandiya və İsveç NATO-ya üzv olub, Alyansın Avropa dəstəyi bütövlükdə güclənir, Avropa ölkələri öz hərbi xərclərini artırır.

 

“Amerika 40 ildir buna çağırış edir və budur, bu, baş verməkdədir. Hazırda Avropa İttifaqı Ukraynaya ABŞ-dan daha çox- 45 milyarda qarşı 50 milyard dollarlıq hərbi yardımı təsdiqləyib. Rəqəmlər təxmini belədir. Trampın nöqteyi-nəzərincə, hər şey yaxşılığa doğru gedir. 

 

Lakin bu o demək deyil ki, Amerika zəifləyəcək. Ukraynaya öz müdafiə büdcəsinin cəmi 5 faizini xərcləyərək, ABŞ Avroatlantika təhlükəsizlik məkamında sülhün təmin edilməsi üçün çox şeyləri edir”, – Conson deyib.

 

O, vurğulayıb ki, Qərb işğalçı ölkə Rusiyanın prezidenti Vladimir Putinə müqavimət göstərərək, onun Baltikyanı ölkələrinə və Gürcüstana hərbi müdaxiləsinin qarşısını alır.

 

“Ona görə də mən Ukraynalı dostlarıma demək istəyirəm…Mən insanların nədən narahat olduğunu anlayıram. Biz hamımız narahatıq. Dünya bir çox cəhətlərdən dəhşətli zaman yaşamaqdadır. Bu, çox mürəkkəb zamandır. 

 

Lakin əvvəllər dediyim kimi, hər şey Ukraynanın qələbəsilə bitəcək. Bu,  əsas etibarilə Ukraynaya dəstək verənlərin sayəsində baş verəcək. Qərb industrial cəhətdən Rusiyadan 25 və hətta daha çox güclüdür”, – Conson deyib.

 

Qordonun ABŞ-ın Ukraynaya Konqres tərəfindən artıq bir neçə aydır ki, ləngidilən (o cümlədən Trampa görə) hərbi dəstəyi davam edib-etməyəcəi ilə bağlı sualına siyasətçi belə cavab verib:

 

“Düşünürəm ki, bəli, davam etdirəcək. Mən dəqiq deyə bilmərəm, amma bu, baş verməsə, məni çox təəccüblənərdim”.

 

O, hesab edir ki, hazırda hər şeydə “bir qədər ehtiyatlı, bir qədər təmkinli olmaq gərəkdir”, nəzərə almaq lazımdır ki, ABŞ-da seçkiöncəki proses gedir, “seçkilərin gedişində insanlar hər şey danışa bilər”.

 

“Trampa gəldikdə, biz Sizinlə keçən dəfə bunu müzakirə etmişik. Əslində ilk dəfə Ukraynaya “Javelin”ləri Tramp göndərib. Obama bunu etməyib. Tramp hakimiyyətdə olanda Skripalların zəhərləndirilməsi baş verib. Tramp ABŞ-dan gözlədiyimizdən daha çox Rusiya diplomatlarını ölkədən qovub…

 

Düşünürəm ki, Tramp azadlığın müdafiəsinə qalxan və Amerikanı yenidən güclü edən prezident olmaq istəyir. O, Putinə təslim olan prezident olmaq istəməz”, – Conson bəyan edib.

Mənbə

Share: