Türk dünyasının iş adamları Şuşada TOPLAŞIR

Azərbaycanın mədəniyyət paytaxtı daha bir mötəbər tədbirə ev sahibliyi edəcək.

Milletinsesi.az-ın məlumatına görə, sentyabrın 16-da Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iş adamlarının iştirakı ilə biznes forumu keçiriləcək.

Qarabağda ilk dəfə təşkil olunacaq tədbir Türk dövlətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpa və yenidən qurulmasına dəstək məqsədi daşıyır.

Forumda Qarabağın bərpası, qarşılıqlı əməkdaşlıq, sərmayə, biznes və digər mühüm məsələlər müzakirə olunacaq.

Qarabağ Forumunda Azərbaycan rəsmiləri, Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev, Türkiyə Ticarət və Sənaye Palatasının sədri Rifat Hisarcıklıoğlu, Özbəkistan, Qırğızıstan və Türkmənistanın ticarət və sənaye palatalarının rəhbərləri, eləcə də bu ölkələrin dövlət qurumları, habelə müxtəlif təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Bundan əlavə, forum çərçivəsində bir sıra mühüm görüşlərin keçirilməsi planlaşdırılır.

Forumun gündəliyinə əsasən, Şuşada tikinti, kənd təsərrüfatı və qida, bərpa olunan enerji, yüngül sənaye, turizm, mədənçıxarma və informasiya-kommunikasiya texnologiyaları ilə bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, Şuşanın işğaldan azad olunmasından 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq, mədəniyyət paytaxtımızda müxtəlif istiqamətlər üzrə bir sıra beynəlxalq tədbirlər keçirilib. Türk dünyasını təmsil edən iş adamlarının məhz bu şəhərdə toplaşması isə ondan xəbər verir ki, Şuşa təkcə Azərbaycanın deyil, eləcə də regionun və dünyanın mərkəzinə çevrilir.

Mənbə

Share: