Türkiyə İstanbul konvensiyasından geri çəkildi

Türkiyə Avropa Şurasının “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Konvensiyadan (İstanbul Konvensiyası) çıxdığını açıqlayıb.

Prezident Rəcəb Tayyip Ərdoğanın müvafiq fərmanı “Resmi Gazete”də yayımlayıb.

“11 May 2011-ci il tarixində Türkiyə Respublikası adından imzalanan və hökumətin qərarı ilə 10 fevral 2012-ci il tarixində təsdiqlənmiş “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurasının Konvensiyası”ndan geri çəkildi”, – deyə sənəddə bildirilir.

Türkiyə prezidentinin köməkçisi Fuat Oktay ölkədə qadın hüquqlarının qorunması uğrunda mübarizənin davam edəcəyini deyib.

“Türk qadınının cəmiyyətdəki mövqeyini layiq olduğu səviyyəyə çatdırmaq üçün səmimi mübarizəmiz ənənəvi dəyərlərimizi qoruyaraq davam edəcək. Xaricdə çarə axtarmağa, bu ali məqsəd üçün başqalarını təqlid etməyə ehtiyac yoxdur. Bunun həll yolu adət-adətlərimizdədir”, – deyə F.Oktay “Twitter” hesabında yazıb.

Share: