Ukraynanın kənd təsərrüfatı sektorundakı vəziyyət kritik həddə çatdıb.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Ümumukrayna Aqrar Şurasının İdarə Heyətinin üzvü Sergey Rıbalko “Espresso” telekanalında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dəniz daşımalarının dayandırılması səbəbindən fermerlər məhsullarını satmaq və mövsümi işlər üçün zəruri vəsait əldə etmək imkanını itiriblər.
“Hər şey dayanıb. Ən əsası isə, məhsul satmaq və bunun müqabilində ödəniş almaq imkanı da aradan qalxıb”, – deyə Rıbalko vurğulayıb.
“Vəziyyət kritikdir, çünki hazırda məhsul yığımı davam edir, eyni zamanda torpağın hazırlanması və payızlıq rapsın əkilməsi həyata keçirilir ki, bunlar da külli miqdarda maliyyə resursu tələb edir.”
“Bu gün bizdə çox yaxşı buğda məhsulu var, lakin təəssüf ki, məhz bu məhsulu sata bilmirik. Fermerlər öz fəaliyyətləri üçün lazım olan dövriyyə vəsaitini məhz bu məhsuldan əldə edirdilər”, – deyə o izah edib.
Ekspert kənd təsərrüfatı məhsullarının ixracında kəskin azalma proqnozlaşdırır. Əvvəllər Ukrayna xaricə ayda 4 milyon tondan çox məhsul göndərirdisə, indi potensial olaraq cəmi 2–2,5 milyon ton ixrac edə bilər; qarşıdakı ayda isə ixrac həcmi 500 min tonu keçməyə bilər.
Avqustun əvvəlində Kiyev ölkənin dəniz limanlarının fəaliyyətinin dayanması fonunda fermerlərə dəstək məqsədilə 220 milyon avro məbləğində əvəzsiz yardım göstərilməsi xahişi ilə Avropa Komissiyasına müraciət edib. Bu dəstək kiçik və orta kənd təsərrüfatı istehsalçılarının kreditləri üzrə faizlərin kompensasiya edilməsinə yönəlib. Ukrayna rəsmiləri bildiriblər ki, limanların uzunmüddətli blokadası səbəbindən artıq oktyabr ayında anbarlar tam dolub-daşa bilər və 9 milyon tondan çox taxıl və yağlı bitki toxumu lazımi saxlama yerləri olmadan qalmaq təhlükəsi ilə üzləşə bilər.


