Vasif Talıbov getdi, Naxçıvanda bu sahələr çökdü

Vasif Talıbovun Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verməsindən sonra muxtar respublikada müsbət dəyişikliklərin olacağı gözlənilsə də, bu proqnozlar özünü doğrultmadı. Yeni formalaşmış idarəçilik bir çox sahələrdə gözlənilən islahatları həyata keçirə bilmədi. Hazırda muxtar respublikada bəzi qurumların ümumiyyətlə fəaliyyət göstərmədiyi bildirilir. 

 

Yenisabah.az-a danışan əslən Naxçıvandan olan tanınmış jurnalist Heydər Oğuz bildirib ki, tikinti sekstorunda ümumiyyətlə fəaliyyət dayanıb: 

 

“Naxçıvanda bir çox sahələr tamamilə dayanıb. Bunların başında tikinti sektoru gəlir. Məndə olan məlumata görə, bunun səbəbi hakimiyyətdə olan köhnə komandanın işi sabotaj etməsidir. Bildiyiniz kimi bu sahədə bir çox layihələr tenderdən keçməlidir. Lakin köhnə komandanın üzvləri layihələrin tenderdən keçməsinə icazə vermirlər. Hökumət tikintilərin həyata keçirilməsi üçün 245 milyon pul ayırsa da, il yarımdan çoxdur ki, işlər tamamilə dayanıb. Bu sektorda çalışan işçilər də uzun müddətdir ki, bu sahənin yenidən açılmasını gözləyir. Əldə etdiyim məlumata görə, “Naxçıvan” universiteti də fəaliyyətini dayandırıb. Bu universitet özəl olmasına baxmayaraq, olduqca yüksək səviyyədə təhsil veriridi. İş yerlərinin açılmasında hər hansı bir dirçəlmə yoxdur, hətta əksinə, bir çox müəssisələr bağlanır. Bu isə insanlarda narazılıq doğurur. Səbəb isə yeni komanda ilə köhnə komanda arasındakı rəqabətlə bağlıdır. Naxçıvanda köhnə idarəetmənin tamamilə ləğv edilib yeni kadrlardan ibarət idarəetmənin təşkili planlaşdırılırdı, lakin bu baş tutmadı”. 

 

Heydər Oğuz səhiyyə sektorunda özünü göstərən acınacaqlı durumdan da bəhs edib: 

 

“Naxçıvanda ən mühüm problemlərdən biri də səhiyyə sistemi ilə bağlıdır. Vasif Talıbovun dövründən Naxçıvanda səhiyyə sistemi yaxşı vəziyyətdə deyildi. Təsəvvür edin ki, tibb fakültəsinin ən savadlı həkimi arı üzrə mütəxəssis idi. Bu cür müəllimlərin yetişdirdikləri həkimlər də bərbad gündə idi. Vasif Talıbov bu problemin qarşısını almaq üçün 2010-cu ildə Türkiyəyə 5 həkimi tələbə kimi göndərdi. Bu tələbələrdən cəmi 2-si işlə təmin olunmuşdu. Biri Naxçıvanda fəaliyyət göstərən respublika xəstəxanasına, digəri isə Kardiologiya İnstitutuna baş həkim təyin olundu. Yeni təyin olunan muxtar respublika rəhbərliyi isə ümumiyyətlə bu institutu ləğv etdi. Respublika xəstəxanasının baş həkimi Ramin Hacıyevi də işdən çıxmağa məcbur ediblər. Onun yerinə isə pediatr təyin olunub. Bir çox sahələrdə, o cümlədən səhiyyə sahəsində daha çox Bakıdan göndərilən kadrlar təyin olunur. Bunların əksəriyyəti isə 4-5 dəfə təyin edildikləri vəzifələrdən qovulmuş şəxslərdi. Üstəlik, heç biri tibb işçisi deyil. Naxçıvandakı doğum mərkəzində icraçı direktor vəzifəsinə hüquqşünas təyin olunub. Bu adam 14 il Vasif Talıbovun ombudsmanı kimi çalışıb. Naxçıvanda səhiyyə bu cür acınacaqlı vəziyyətdədir”.   

Mənbə

Share: