“Zelenski İrəvana yalnız bir halda gələ bilər…”

Xəbər verildiyi kimi, bu günlərdə Ukrayna prezidenti Vladimir Zelenskinin martda İrəvana səfər edə biləcəyi barədə məlumatlar ortaya çıxıb. Lakin səfər barədə informasiya hələ rəsmi olaraq açıqlanmayıb. Mənbələr bildiriblər ki, səfər proqramı yeni hazırlanır və son tarix hələ razılaşdırılmayıb.

 

Moderator.az xəbər verir ki, politoloq Andrias Qukasyan “Kavkazski uzel” nəşrinə açıqlamasında Zelenskinin İrəvana həqiqətən də gələcəyinə şübhə etdiyini bildirib. Onun fikrincə, belə bir dövlət səfərinin heç bir səbəbi və gündəliyi yoxdur.

 

“Sual olunur, səfər zamanı nə baş verəcək – onlar birgə bəyannamə və ya saziş imzalayacaqlar, əməkdaşlığa hazır olduqları barədə bəyanat verəcəklər? Dövlət səfərləri aylarla hazırlanır, ölkələr tərəfindən imzalanacaq sənədlər razılaşdırılır. Ermənistan və Ukrayna heç bir sənəd imzalaya bilməz. Ermənistan hakimiyyəti Rusiyanın Ukraynaya qarşı hərəkətlərini pisləməyəcək”, – deyə A.Qukasyan əlavə edib.

 

Politoloq hesab edir ki, Zelenski İrəvana yalnız bir halda gələ bilər – əgər Qərb gələcəkdə Rusiyanın kapitulyasiya aktının imzalanması üçün platforma kimi Ermənistanı seçərsə.

 

“Bu, Ermənistanın Rusiya tərəfindən aşağılanmasının göstəricisi ola bilər. Qərb bacarsaydı, Stepanakertdə(Xankəndində-S.L.) təslimiyyəti imzalamağı təklif edərdi, amma orada edə bilməz. Ola bilsin ki, Zelenskinin səfəri ilə bağlı şayiələr Ermənistanın kapitulyasiya danışıqları üçün ərazi təmin edib-etməməsinin sınağına çevrilib”, – deyə Qukasyan yekunlaşdırıb.

 

S. Laçın

 

Mənbə

Share: