“Xankəndində sökülən binalara görə hay-küy salmağın mənası yoxdur” -Millət vəkilindən AÇIQLAMA

Xankəndində separatçıların işğaldan sonra inşa etdiyi qanunsuz binalarının sökülmə işləri davam edir. Ermənilər dərhal hərəkətə keçərək hökumətdən buna reaksiya verməyi, “tarixi mədəni” abidələri qorumaq üçün beynəlxalq orqanlara müraciət etməyi tələb edirlər.

 

O abidələr ki, Azərbaycanın qanuni əraziləri işğal edildikdən sonra tikilib, o abidələr ki, tanınmamış “respublikanın” rəhbərləri orada oturub qərarlar verirdilər, birdən-birə mədəni irs nümunəsinə çevrilib…

 

Prezident İlham Əliyevin Qarabağ azad edildikdən sonra Şuşadakı çıxışını xatırlayaq:

 

“Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Bax, bu gün gəldi. Xatırlayıram, erməni separatçı rejiminin bəzi dırnaqarası nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan “Dağlıq Qarabağ respublikası”nı tanısa və Azərbaycan Dağlıq Qarabağda öz səfirliyini açsa. Görün, nə qədər iyrənc, nə qədər təkəbbürlü ifadələr işlədilib. İndi siçan kimi oturublar, dillərini qoyublar qarınlarına. Bir kəlmə də söz deyə bilmirlər. Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq”.

 

O zaman hələ Xankəndi işğaldan azad edilməmişdi, bu gün isə Xanın kəndi də azaddır və Azərbaycan bütün Qarabağ ərazisində, o cümlədən bu tarixi Azərbaycan şəhərində də abadlıq işlərini davam etdirir. Qondarma rejimə aid bütün izlər separatçıların izləri kimi silinir torpaqlarımızdan! Lakin unutmayaq ki, hər qarışqadan fil düzəltməyə öyrəşmiş ermənilər bu dəfə “tarixi abidələrimiz sökülür” deyib hay-küy qaldıra bilərlər.

 

Millət vəkili Fazil Mustafa Musavat.com-a açıqlamasında bildirib ki, bu tədbir sırf həmin binaların istismar müddətinin bitməsi ilə əlaqədardır:

 

“Bakı, Sumqayıt və digər şəhərlərdə də istismar müddəti bitmiş binalar sökülür. Bu, qanunvericilikdə nəzərdə tutulan müddəaların həyata keçirilməsidir. Odur ki, bu, kiminsə “irs” hesab etdiyi abidələrlə bağlı deyil. Məsələ yaşayış vəziyyətinin yaxşılaşdırılmasıdır. Azərbaycan dövləti milli mənsubiyyətə dəxli olmayan bütün yanaşmaları həyata keçirə bilir. Buna görə də hay-küy salmağın mənası yoxdur. Azərbaycan buna görə heç kimdən icazə almamalıdır. Biz öz torpaqlarımızda, öz qanunvericiliyimizə uyğun olaraq prosesləri həyata keçiririk. Kiminsə mülkiyyətinə, hüququna toxunacaq addımlar atılmır. Söküntü olsa belə, sahiblərə kompensasiya ödənilir. Hazırda ermənilər Qarabağa kənardan baxırlar, lakin Azərbaycan vətəndaşı olsalar, bununla bağlı problemləri olmayacaq”.

 

Mənbə

Share: